Seyid Həsən Amili: “Ərdəbildə desələr ki, yol açıldı, gedin Qarabağa, şəhid olmağa, camaat sel kimi axışar”
6-03-2018, 09:46
“Ermənistanla sərhədi bağladıq, Rusiya indi əlini-əlinin üstünə qoyub dayanacaq?”
Ərdəbil şəhərinin imam-cüməsi Seyid Həsən Amili ilə müsahibənin ikinci, sonuncu bölümünü təqdim edirik:
(əvvəli ötən sayımızda)
- Ağayi Amili, İsraillə Azərbaycanın əlaqəsinə görə irad tutdunuz. Bəs, İran boyda nəhəng İslam ölkəsinin prezidenti niyə əli qana bulaşmış, körpə qatili olan erməni prezidentlə qucaqlaşır? Bu da bizi incidən faktdır. Bir ovuc içi boyda olan Ermənistan İran üçün nə mahiyyət, nə önəm kəsb edir ki, Tehran öz müsəlman qonşusunu incidərək məscidləri dağıdan, müqəddəs məkanlarda donuz saxlayan işğalçı ölkəyə qucaq açır?
- Ermənistanın benzinini vermə, İran onun yolunu tamam bağlasın. Vermə də! (? - red.)
- Kim verməsin?
- Azərbaycan. Özün qəşəng bilirsən (? - red.) Neft ki, gedir Gürcüstana tərəfə, hardan dönür Ermənistana tərəf özünüz də bilirsiniz (?-red.)
- Seyid, bunlar doğru məlumatlar deyil. Amma mən də sualıma cavab ala bilmədim. İran dövləti də Türkiyə kimi Ermənistanla sərhədini bağlaya bilərmi?
- İran bu işi görər. Amma gərək Azərbaycandan da bir qarşılıq görsün. Mən istəyirəm yolu bağlayım. Amma mən yolu bağlayım, sənsə yerində otur, bu olmaz ki. Sən bir himmət göstər. Göstərmir axı. 25 ildir bu məsələni Minsk Qrupuna niyə tapşırmısan?
- Azərbaycan-İran münasibətlərində son illər əlaqələr xeyli güclənib. İki ölkənin dəmiryol rabitəsi ciddi şəkildə inkişaf edir, iki Astara arasında körpü salındı, üstəlik, Azərbaycan hökuməti İrana 500 milyon güzəştli kredit verdi. Ermənilər də bu əlaqələrdən narahatdır...
- Ondan əlavə, sizin maşınlar Biləsuvardan gəlib Naxçıvana gedir. Naxçıvanın bir yolu var, o da bizim əlimizdədir. Biz o yolu açıq qoymuşuq, kim istəyir, gəlib ordan gedir. Sizin benzin maşınları su ilə doldurulur, gətirib İranda suyu tökür, İranın benzini ilə doldurulur, bilirsiniz, İranda benzin çox ucuzdur. Sözümüz yox, aparsınlar. Yəni biz Azərbaycana bu qədər xidmət etmişik. Bu boyda yolu açmışıq...
- “Əli yolu” deyilər. Təbii ki, müsəlman qonşu olaraq belə də olmalı idi.
- Bəli, fəxrdir, şərəfdir, vəzifəmizdir. Sənə bunu deyim və yaz: birdən Azərbaycan İrana xəyanət də etsə, biz heç vaxt bu yolu bağlamarıq. Niyə? Çünki Naxçıvanda olan şiələrə xidmət etməyi özümüzə vəzifə bilirik. İsrailə məxsus pilotsuz təyyarə Lənkəranda qalxdı, gəlib getdi bizim İsfahandakı nüvə təsisatının üstünə (? - red.) Orada biz vurduq, düşdü yerə. Bizim müdafiə nazirimiz durdu getdi prezidentin qəbuluna, məruzə elədi ki, bəs bu, Lənkərandan qalxıb. Daha bundan böyük arxadan xəncər vurmaq olar?
- Bu, Azərbaycanla İranın arasını vurmaq istəyənlərin dezinformasiyası, təxribatı da ola bilər...
- Gör nə deyirəm. Prezident özü bunu qəbul etdi. O boyda xəyanətin qabağında İran yolu bağladı, gəl-getdi, əlaqələri azaltdı? Yox. Yəni demək istəyirəm ki, İran Azərbaycanın xidmətində olmağı özünə böyük vəzifə bilir. İndi biz Ermənistanın yolunu bağlayaq? Yaxşı, heç sözüm yoxdur. Azərbaycan da sübut etsin ki, iradəsi var. Amma sən deyirsən ki, daxildə heç nə olmasın, vay Rusiya, ya Amerika bizdən küsər. Deyirsən sən Ermənistanla yolu bağla, biz də gedək Qarabağımızı alaq. Bunu mənə dedin, ayrı yerdə, heç kəsə demə, ayıbdır!
- Heç kim belə demir. Digər tərəfdən, Qarabağda düşmən tapdağındakı məscidlərin kafirlərdən azad olunması həm də müsəlman İranın marağında olmalıdır. Özü də bu, bütün məsələlərdən üstün olmalıdır.
- Sən oturubsan orada, tamaşa edirsən, mənə deyirsən gəl, mənim məscidimi azad elə, bu, olmaz!
- Biz tamaşa eləmirik, elə atəşkəs dövründə xeyli şəhid vermişik, xeyli düşmən məhv etmişik, aprel döyüşləri faktdır, sadəcə, dünya gücləri yolumuzu kəsib.
- Azərbaycan bir iş görmək istəyir, deyir mən Rusiyanın, ya İranın qabağında dayana bilmərəm. Bəs nə edək? İrana deyir, İran, sən gəl, yolu bağla, get, Qarabağı azad elə! Bu, olmaz!
“Qarabağdakı qondarma hökumətin “xarici işlər naziri” ilə danışan qəzetə o ki var həmlə etdik, dedik İranda səndən abırsız qəzet yoxdur”
- Vaxtilə Şuşa məhz İranın vasitəçilik etdiyi zaman işğal edildi və elə İrana qarşı xəyanətkar addım oldu. Deməli, Tehranın Ermənistana sərt təpkisi hər zaman olmalıdır. Ancaq bizdə xəbər var ki, Şuşadakı «Gövhər Ağa» məscidini İrandan gəlmiş mütəxəssislər təmir edir...
- Bu məsələ iki cürdür. Bir var, İran dövləti ora kimisə yollayıb, bir də var bir İran vətəndaşı, məsələn, gedib Avropa, ya Türkiyədə yaşayır, o da pul qazanmaq istəyir, götürüb aparırlar ora. Beləsi dövləti təmsil eləmir. Beləsi çox pis iş görmüş olur. Əslində biz ermənilərə lənət oxuyuruq. Qədr gecələrində mən həmişə ermənilərə lənət oxuyuram. Camaat sel kimi axışır, Avropadan, Rusiyadan, Türkiyədən, hər yerdən mənim sözlərimi izləyirlər. Qarabağa kimsə gedibsə, o, İran dövlətini təmsil eləmir. İran dövləti heç vaxt o işi görməz. İranda bir qəzet durdu özbaşına, Qarabağda o qondarma hökumət ki, var idi, onun “xarici işlər naziri” ilə danışdı. Mən xütbədə o qəzetin abrını tökdüm, Təbrizdə onun abrını tökdülər. Biz nə qədər etiraz etdik ki, bu kimdir bura gəlməyə qoyubsunuz? O qəzetə o ki var həmlə etdik, dedik İranda səndən abırsız qəzet yoxdur. Sənin nə haqqın var gedib bir qondarma nümayəndə ilə müsahibə edəsən? Yəni burada hamı hazırdır. Amma məsələ açıq olmalıdır. Biz görsək ki, Azərbaycanın torpaqlarını azad etməyə iradəsi var, çox yaxşı. İranın Ermənistanla sadə bir əlaqəsi var, amma bunu böyüdüblər. Özünüz də bilirsiniz, hamı bilir ki, Ermənistanı saxlayan Rusiyadır. Silahını da verir, pulunu da, torpaqlardan geri qayıtmaq istəsə, deyir “qayıtma, dayan orda!” Sən onu buraxıb, İranın yaxasından yapışasan, burada ayrı bir macəra var.
- Amma uman yerdən küsərlər. İki nəhəng müsəlman qonşumuz, qardaşımız İran və Türkiyə əl-ələ versə, Qarabağı savaşsız qısa müddətdə azad etmək mümkün olar, erməni qaçıb gedər.
- Amma gərək daxildə də bir iradə olsun. Azərbaycan heç bir iş görməyə, deyə ki, Türkiyə, İran gəlsin, mənim torpağımı azad eləsin, belə olmaz ki.
- Azərbaycanın iradəsi də var, mövqeyi də bəllidir. Bu yolda şəhidlər də veririk.
- Biz o şəhidlərə əza saxlayırıq. 20 Yanvara, Xocalıya, Şuşada olanlara əza saxlayırıq. Biz sizin qəminizi öz qəmimiz bilirik.
- Allah razı olsun! Amma bilin ki, Azərbaycan təkcə şəhidlərini anmaqla işini bitmiş saymır, həm də torpaqları azad etmək üçün böyük savaşa hər an hazırdır. Amma biz istəyirik ki, Azərbaycan prezidenti İlham Əliyevin İslam dünyasına “məscid dağıdan Ermənistanla əlaqələr qurmayın” çağırışına hər bir müsəlman ölkəsi müsbət cavab versin. O halda Ermənistanı yerində oturda bilərik.
- Mən sənə sual edirəm, indi biz Ermənistanla sərhədi bağladıq, Rusiya əlini-əlinin üstünə qoyub dayanacaq? Rusiyanın mənafeyi ortadadır. Yalnız sərhədi bağlamaq Qarabağı azad etməz. Səni and verirəm Allaha, bunu yaz ora! Biz sərhədi bağladıq, Rusiya tamaşa etməyəcək ki. İndi Ermənistan adlanan ərazidə qədim zamanlarda erməni olmayıb ki. Zaman var idi İrəvanda cümə namazı qılırdılar. Böyük alim demişdi cümə günü yağış yağanda bir erməninin evdən çıxmağa haqqı yoxdur, çünki nəcisdirlər, küçə-bacanı nəcis edirlər. Əhalinin bu tərkibini kim əvəz elədi? İndi İran sərhədi bağlamaqla Qarabağ azad olmaz, Rusiya orada hazırdır. Gərək Azərbaycan özü hərəkət edə, hazırlıq görə ki, İran bu işi görsə, gedib bir yerə çatsın. Biz indi bunu görmürük. Sən “Hizbullah”ı zindana salma, qeyrətli insanları həbsə atma, əgər onlar Qarabağı azad etmədi.
- Hesab etmək olarmı ki, bu, həm də dövlətin mövqeyidir?
- Mən din alimi adından danışıram. Dövlətin adından xarici işlər naziri deyə bilər, mən yox. Mən indi böyük İran dövlətinin mövqeyindən çıxış eləmirəm. Mən bir din alimiyəm, Qarabağa ürəyim yanır, oranı ali Məhəmməd bilirəm, çalışıram ki, Qarabağ azad olsun. İndiyədək də nə qədər əlimə fürsət düşüb, hər yerdə danışmışam, bundan sonra da erməninin əleyhinə danışacağam. Necə ki, gördünüz, fəxarətlə dedim ki, məni Qarabağ Forumuna üzv eləyin. Mən də istəyirəm ki, Qarabağ təşkilatında olum.
- Ərdəbildə sizin kimi düşünən, Qarabağı işğaldan azad etmək istəyənlər çoxdurmu?
- Allaha and olsun, Ərdəbilimizdə o qədər şəhadətə təşnələr var ki... Bunlar şəhadət axtarırlar. Amerika İrandan niyə qorxur? Amerikanın ordusunun rəhbəri dedi İranla biz gücdə bərabər deyilik. Soruşdular niyə? Dedi onlarda bir şey var, bizdə yoxdur, o da şəhadət eşqidir. İndi bölgədə Amerikanı elə bunun gücünə bu günə qoymuşuq. İndi Ərdəbildə desələr ki, yol açıldı, gəlin, gedin Qarabağa şəhid olmağa, camaat sel kimi gedər.
- Aprel döyüşlərində bizə də xəbər gəldi ki, buradakı qardaşlarımız da Qarabağda döyüşmək istəyir.
- Bəli. Həqiqətən də o cür idi. Şəhərin başında da mənəm, dedim, yolu açın, mən gəlirəm.
- Azərbaycan prezidenti dedi ki, bir gün gələcək azərbaycanlılar İrəvana və Zəngəzura qayıdacaqlar. Siz bu bəyanatı necə qarşıladınız?
- Ermənilər qorxaq camaatdır. Qarabağ məsələsi gərək belə qalmayaydı. Bir az artıq güc olsa, ermənilər torpaqları qoyub qaçacaqlar. İqtisadi vəziyyətləri də yaxşı deyil, onlar köçüb gedirlər İrəvandan, bütün Ermənistandan. Yəni Azərbaycanın iqtisadi qüdrəti artdıqca, dünyada mövqeyi gücləndikcə, millətlərin arasında özünə gözəl mövqe qazandıqca, sözünün kəsəri olduqca Ermənistan öz-özünə sıradan çıxacaq. Açılan bu dəmir yolu çox gözəl oldu. İndi bu dəmir yolu ki, açılır, elə bil Azərbaycana nəfəs yeri açılır. Azərbaycanın yükü Bəndərabbasdan, Astaradan gəlib maşınlarla keçir. Dəmir yolu ki, açıldı, Azərbaycan elə bil dünyaya qoşuldu.
- Bəs bunun ardınca İran Ermənistanla dəmir yolunu bərpa edə bilərmi?
- Mənim ondan xəbərim yoxdur. Amma belə bir şeyin olacağını güman eləmirəm. Bizlər ki, Azərbaycana bu qədər eşqimiz, əlaqəmiz var, bunun əleyhinəyik.