“JURNALİSTLƏR SEÇKİ PROSESİNDƏ ÖNƏMLİ ROLA MALİKDİRLƏR” - MÜŞFİQ ƏLƏSGƏRLİ
22-03-2018, 20:02
"Jurnalistlər seçki prosesində önəmli rola malikdirlər”
Bunu "Sherg.az”a prezident seçkiləri ərəfəsində jurnalistlərin üzərinə düşən vəzifələrdən danışarkən Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, medianın durumu, jurnalistlərin vəziyyəti hər bir ölkədə seçkiqabağı durumun qiymətləndirilməsində əsas meyarlardan biridir:
"Adətən beynəlxalq təşkilatlar bir ölkədə seçkiqabağı vəziyyəti dəyərləndirmək üçün müxtəlif meyarlara önəm verirlər. Bunlardan biri də medianın durumudur. Əgər bu normaldırsa, təbii ki, seçkilərin vəziyyətini də müsbət qiymətləndirirlər. Jurnalistlər bu həssas məqamı nəzərə almalı, onlar üçün yaradılmış demokratik mühiti təqdir etməlidirlər. Beynəlxalq təşkilatlara imkan vermək olmaz ki, jurnalistlərin hansısa çıxışlarını əsas gətirib, qərəzli fikirlər səsləndirsinlər. Əslində jurnalistlər olanları yazmalıdırlar, Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğını qabartmalıdırlar ki, seçki mühitinin olduğunu aydın görsünlər.
Media təbliğat və təşviqat prosesində iştirak edir. Seçkiyə qatılan subyektlərin öz seçiciləri ilə əlaqə saxlaması üçün lazım olan vasitələrdən ən əsası mediadır. KİV üzərində təbliğat və təşviqat kampaniyasının qurulmasının mühüm qanunvericilik çərçivəsi var. Təsadüfi deyil ki, ölkənin ən ali şəxslərinin, prezidentin köməkçisi Əli Həsənovun da iştirakı ilə əhəmiyyətli konfrans təşkil olundu. Həmin tədbirdə KİV qurumlarının seçkiqabağı hadisələri necə işıqlandırması, təbliğat-təşviqat kampaniyasında iştirakı barədə detallar izah edildi. Jurnalistlər vurğuladı ki, Azərbaycanda təbliğat-təşviqat kampaniyasının aparılması üçün demokratik qanunvericilik bazası, mühit formalaşdırılıb. Yetər ki, media qurumları, KİV nümayəndələri bu qaydalara əməl etsinlər, qanunvericiliyi pozmasınlar”.
Seçki prosesinin son mərhələsinə - seçki gününə gəlincə, M.Ələsgərli söyləyib ki, jurnalistlər bu günü müşahidəçilik vəzifəsini yerinə yetirəcək:
"Birbaşa seçki məntəqəsində olan media nümayəndələri gedişat barədə ictimaiyyəti məlumatlandırır. Bu sahədə də jurnalistlərimizin kifayət qədər təcrübəsi var. Ölkədəki demokratik mühit, seçki prosesindəki şəffaflıq barədə vətəndaşları məlumatlandıracaqlar.
Artıq bir neçə gündür proses başlanıb, namizədlərin qeydə alınması, təbliğat-təşviqat prosesi aparılır. Bu mərhələdə olan normal, demokratik davranış onu göstərir ki, Azərbaycanda seçkilər yenə də demokratik abu-havada keçəcək. Jurnalistlərin borcu da prosesi olduğu kimi ictimaiyyətə çatdırmaqdır”.