Quli və Sabirabadlı Hikmətin əlbəyaxa davası necə baş verib? - Keçmiş məhkumun söhbəti...
24-03-2018, 19:53
Çox az adama bəllidir ki, kriminal aləmin iki “böyük qardaşı” Quli və Hikmətin arasında mehribanlıqla yanaşı, gərgin günlər də yaşanıb. Hətta onlar əlbəyaxa olub dalaşıblar. Bu hadisə 13 saylı cəzaçəkmə müəssisəsində olub. Quli ora gətiriləndə, Hikmət də orda olub
Lotu Hikmət (Muxtarov Hikmət Məmmədqulu oğlu) 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kükrənd kəndində anadan olub. 1974-cü ildə Xalq Təsərrüfatı institutunda təhsil alarkən, Bakı Şəhər Prokurorluğunun müstəntiqinin oğlu ilə dalaşıb və ilk məhkumluğunu yaşayıb. Üç il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı cəzaçəkmə müəssisəsində və Xələc düşərgəsində çəkib.
1981-ci ildə yenidən həbs olunub. 7 il azadlıqdan məhrum edilib. Rostov düşərgəsində Mixail “Kotovski”, Kolya “Lebed”lə tanış olub. Burada başladılan qiyamın təşkilatçılarından olduğuna görə işinin üstündə 3 il əlavə ediblər. “böyük qardaş” ləqəbi ilə Novoçerkassk qapalı həbsxanasına göndərilib. Sankt-Peterburqda və Vorkuta həbsxanalarında cəza çəkib.
1997-ci ildə Bakıda həbs olunub və iki gün sonra azadlığa buraxılıb. 2001-ci ildə cibindən narkotik vasitə heroin tapılıb və 8 il azadlıqdan məhrum edilib. Sonra işinin üstündən 5 il götürüblər. Lotu Hikmət 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektində qətlə yetirilib. Qatillər o, ofisdən çıxıb binanın yanında duran “Mercedes-500” markalı maşının minmək istəyərkən ona avtomat və tapançadan atəş açıblar. 11 apreldə onun meyiti təyyarə ilə Azərbaycana göndərilib.
Sabiq məhkumun söhbəti:
“Hikmət istər Azərbaycanda, istərsə də Rusiyada çox hörmətli, nüfuzlu idi, onu hər yerdə tanıyırdılar. Onun qəribə xasiyyəti var idi, çox vasvasıydı, heç kim Hikmətin yatağının üstündə oturə bilməzdi. Hikmət insanları hələm-hələm özünə yaxın buraxmırdı. O, biləndə ki, yanına kimsə gəlib və 5 min dollar pul gətirib, onu yaxın buraxmırdı. Deyirdi ki: “Bu gün beş min pul veribsə, sabah 10 dənə şey xahiş edəcək”.
2003-cü ilin yayında, 13 saylı cəzaçəkmə müəssisəsində bir gün içki məclisində Quli, Hikmət, Bülbüləli İlqar, İlham Maştağa, Sabirabadlı Əli olub. Söhbət əsnasında Hikmət Otarı təhqir edib, onun barəsində kriminal aləmin jarqonundakı ən ağır sözü işlədib. Keçmişdə Otara məhz Hikmət tərəfindən “oğru” adının verilməsinə, eləcə də Otarın Quliyə titul almaqda maneçilik törətməsinə baxmayaraq, Quli deyib ki: “Birincisi, Otar ölüb, ikincisi isə o, mənim dostum olub, onun haqqında bir daha elə söyüş söymə”.
Aradan 10 gün keçib. Yenə türmədə içki məclisi olub. Hikmət yenə də eyni qaydada Otar haqqında pis söyüş söyüb. Quli yenə deyib ki: “Mən keçən dəfə onun rəhmətə getdiyini, üstəgəl, mənim dostum olduğunu dedim axı, niyə eyni söyüşü söyürsən?!”. Bu dəfə Hikmət Qulinin özünü də təhqir edib. Əslində o, səhv etdiyini anlayıb, başa düşüb ki, ölən adamı dostunun yanında söymək olmaz, amma ta geri də çəkilmək istəməyib.
O zaman Quli dərhal ayağa qalxıb, “əclaf özünsən” deyib, ona bir sillə vurub. Beləcə aralarında dava başlayıb. Otaqda olan və onları ayırmaq istəyənləri də yaxına qoymayıblar. “İki qardaş özümüz bilərik” deyib, dalaşmağa davam ediblər. Daha gənc və güclü olan Quli çevik tərpənib. Nə isə... Bu hadisə Hikmətin azadlığa çıxmasından az əvvəl olmuşdu. Ona görə də Hikmət azadlığa çıxanda, sifətində həmin davanın izləri qalmışdı. Bununla belə, onlar küsülü kimi ayrılmadılar. Ürəyin dərinliyində inciklik, təbii ki, qala bilərdi”.
fia.az