"Həbs olunan dəstə dərman qaçaqmalçılarının bir hissəsidir....."

9-05-2018, 09:02           
"Həbs olunan dəstə dərman qaçaqmalçılarının bir hissəsidir....."
"Saxta dərman satışı, qeydiyyatı olmayan dərmanların gizli şəkildə ölkəyə gətirilməsi bir şəxsin işi deyil, burada mütəşəkkil dəstə fəaliyyət göstərir”.

Bu barədə "Sherg.az”a dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstəyə qarşı əməliyyat keçirilməsindən danışarkən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.

O vurğulayıb ki, hüquq-mühafizə orqanlarının belə iri əməliyyatları qanunsuz hallara yol verən digər şəxsləri əməlindən çəkindirmək üçün nümunədir:

"Aşkar olunan cinayətkar dəstənin tərkibində müəyyən qurumların nümayəndələri də var. Müəyyən vəzifəli şəxslərin icazəsi olmadan bu tipli qanunsuz əməlləri həyata keçirmək mümkün deyil.

Dərman qaçaqmalçılığı insanların sağlamlığına qarşı da təhdiddir. Saxta dərmanların baha qiymətlərlə satılması bu qanunsuzluqların başında duran şəxslərin külli miqdarda vəsait əldə etməsinə səbəb olur. Bu əməl, birbaşa insan həyatı ilə oynamaq deməkdir. İndi həyata keçirilən əməliyyat dərman qaçaqmalçılığının qarşısını almaq üçün nümunə olacaq”.

Ə.Nuriyev hesab edir ki, ölkə daxilində dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan qüvvələr hələ də qalır:

"Həbs olunan dəstə dərman qaçaqmalçılarının bir hissəsidir. Hüquq-mühafizə orqanları bu sahədə əməliyyatları genişləndirməlidir. Müvafiq dövlət strukturlarının nəzarəti gücləndirilməlidir”.

Qeyd edək ki, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub. Görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən "Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb.

Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki "İrem”, "Qlükoza”, "Avas”, "Fatimə”, Nəsimi rayonu ərazisindəki "Zeytun”, "Medical City”, "Elit”, "Vahid”, "Dokta Elite”, Nərimanov rayonu ərazisindəki "Şəfa”, "Şəfa Zeytun 426”, "Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.