Azərbaycanlılar ordunu ələ keçirib: İranda Təbriz dalğası

10-05-2018, 09:18           
Azərbaycanlılar ordunu ələ keçirib: İranda Təbriz dalğası
Bir zamanlar Dünya Azərbaycanlıları Konqresi Azərbaycanın ən böyük diaspor təşkilatı idi. Bu təşkilat xüsusilə Cavad Derəxtinin zamanında özünün ən qüdrətli zamanlarını yaşayırdı. Lakin DAK gözlənilmədən çöküşə doğru getdi. DAK-ın zəifləməsindən sonra Azərbaycan diasporasının həm Qarabağ, həm Güney məsələsindəki mövqeləri nisbətən zəiflədi. Nəticədə diaspor daxilində böyük parçalanmalar yarandı, indiyə qədər qazanılan mövqelərin bir qismi diasporun əlindən çıxdı. Diaspor düşdüyü “depressiya”dan hələ də çıxış yolu tapa bilmir.

Axar.az Dünya Azərbaycanlıları Konqresinin keçmiş sədri Cavad Derəxtinin müsahibəsinin ikinci hissəsini təqdim edir:

Əvvəli burada

- Güney Azərbaycanla Quzey Azərbaycanın düşüncə tərzlərində müəyyən fərqlər var.

- Bu fərqlər indi yaranmayıb. 200 il bundan öncə bizi ayırıblar. Şimal Rusiya mentalitetinə, Güney isə fars mentalitetinə uyğunlaşıb. Güneydə təhsildə fars əlifbası, Quzeydə isə latın əlifbasından istifadə edilir. Biz bir-birimizin qəzetlərini belə oxuya bilmirik. Əvvəla, bunlara bir çarə tapmalıyıq. Elə sizin saytdakı kimi (Axar.az-ın əski əlifba ilə fəaliyyət göstərən bölməsi nəzərdə tutulur – red.) güneylilər üçün xüsusi bölmənin olması ənənə halına gətirilməlidir. Bunu ümumiləşdirmək lazımdır. Burada elə kitablar çıxır ki, heç güneydəkilərin ondan xəbəri belə olmur. Keçən dəfə mən Yunus Oğuzun “Ovçu” adlı kitabının təqdimatında iştirak edirdim. Orda çıxışımda irad tutdum ki, burada çıxan kitabların fars və ərəb dilində olan variantları da nəşr olunmalıdır. Çünki güneydəkilərin çoxu latın dilini oxuya bilmir. İngilis dilində onlar oxuya bilirlər, amma Azərbaycan dilindəki bəzi hərfləri heç bilmirlər.

- Bizim sayt bu məsələdə əldə olan imkanlardan istifadə etməyə çalışır. Ancaq sizin televiziyanız var. Siz bu istiqamətdə hansı işləri görməyi planlaşdırırsınız?

- Mənim Azərbaycana budəfəki səfərimin əsas səbəbi elə bu məsələdir. Yavaş-yavaş reklama başlamağı düşünürük. Türkçülük günündə çıxışım zamanı da bu məsələni dilə gətirdim, müzakirələr apardıq. Mən inanıram ki, milli birliyin nəzdində fəaliyyət göstərən televiziya yaxın gələcəkdə daha da güclənəcək. Çünki bura gələn qonaqların içərisində bir neçə ildir xarici televiziyalarda çalışan jurnalistlər var idi ki, bizə kömək edəcəklərinə vəd verdilər. Hazırda biz bu televiziyanı beynəlxalq səviyyəyə çatdırmaq üçün çalışırıq. Bunun üçün özümüzə 6 ay vaxt qoymuşuq. Güneyə Avropa gözü ilə baxmaq lazımdır. Çünki Avropa Şurasında, BMT-də bu məsələni “mən istiqlalçıyam, bütövçüyəm” şəklində deyəndə məsələyə müsbət yanaşmırlar. Amma buradakı məsələləri insan haqlarının əlindən alınması kimi dilə gətirəndə daha çox qəbul olunuruq. Məsələyə Qərb dövlətlərindən misallar gətirmək lazımdır. Burada Almaniyanı, indi isə Şimali və Cənubi Koreyanın birləşmək istəməsini söyləyirik. Bu məsələlər hazırda beynəlxalq aləmin gündəmindədir.

- Güney Azərbaycanın istiqlal məsələsi dediniz. Lakin İrandakı son hadisələrdə azərbaycanlılar demək olar ki, aktivlik nümayiş etdirmədilər.

- Quzeylilər diaspora işini yaxşı başa düşmür. Hələ bir yaxşı vəzifədə olan biri ilə o gün söhbət edirdik. Mənə ağıl öyrədir ki, İran güclüdür, gəlib sizi vurub öldürər. Mən də dedim ki, mən öləcəm, yerimə 3-ü, 5-i yenidən gələcək. Onların övladları olacaq, getdikcə güclənəcəyik. Quzeydə bizi başa düşmürlər. İranın bura bir az vəsait xərcləməsi güney məsələsində onların bizə dəstək olmamasına gətirib çıxarır. Quzeydə İranı güclü dövlət bilirlər. Amma elə deyil. Küçələrə tökülmüşdülər. Biz niyə qoşulmadıq?! Çünki gördük ki, bu son hərəkat da İrandakı son inqilab kimidir. Bizim istədiyimiz isə bu deyil. Əgər bizim istədiyimiz kimi bir hərəkat olsaydı, mən elə İsveçdən qalxıb gələrdim.

İranda XX əsrdə 4 inqilab olub. 4 inqilabın hamısından azərbaycanlılar məğlub formada çıxıblar. Dünən Pişəvərinin əsgərlərindən Rəhim Hüseynzadə ilə söhbətimiz oldu. Bir zamanlar ümidi ölən adam olan bu şəxs də indi yenidən ümidlənib deyir ki, Güneydə bir şeylər olacaq. Yəni Güney Azərbaycanda o köz hələ də sönməyib. Bir külək dəysə, küllər o tərəf, bu tərəfə getsə, inqilab alovlanacaq. Buna əmin olun.

- Güney Azərbaycanda milli məfkurənin əsas aparıcı qüvvəsi kimlərdir?

- Məfkurədir. Tehranda da illərdir mübarizə aparan dostlar var ki, onlar da döyülürlər, tutulurlar, ancaq öz yollarından dönmürlər. Məsələn, müğənni Rəhim Şəhriyari bir az səhv edib, onun haqqında nə qədər yazırlar.

İrandakı son hadisələrə qoşulanlar çox az oldu. Qoşulanlar əsasən İranın bütövlüyünü istəyənlər idi. Təbrizdə elə insanlar var ki, kütləyə yön verirlər. Onlar ağsaqqaldırlar. Onlar millətə desə “çıx”, çıxacaq, “çıxma” desə çıxmayacaq. Yəni Təbrizin gücü çox önəmlidir. Bizim pastarların, dövlət məmurlarının, həkimlərin, mollaların içində dostlarımız var. Məsələn, Abbas Lisani sadə vətəndaşdır, qəssabdır, amma çox aydın görüşlü şəxsdir.

Əsas odur ki, hazırda mərkəz düşüncə yaranıb. Hərəkatın lideri şəxs deyil, düşüncənin özüdür. Artıq Təbriz mərkəzli bir düşüncə yaranıb. Düşüncə fitva verir. Artıq Təbrizdə hər kəs eyni düşüncədədir.

- Elə bil, Təbrizdə tam bir təşkilatlanma yoxdur, xaosdur. Bu xaosun içində isə bir nizam var...

- Təbrizdə Pişəvəridə də, Xiyabanidə də, hətta inqilabda da vahid lider yox idi. Bu düşüncə mərkəzlərinin heç biri qabaqcıl deyildi. Səttarxanın özü də adi vətəndaş idi. O düşüncə mərkəzləri bütöv məfkurədən irəli gəlir. Təbriz elə bil, bütöv beyindir, mərkəzdir. O beyin hər şeyi idarə edir, qərarları verir, insanları küçəyə tökür, vaxtında geri çağırır.

- Onda Urmiyadakı hərəkətlənmələr də Təbrizlə bağlıdır?

- Hamısı bir-biri ilə bağlıdır. Bütün Azərbaycanın beyin mərkəzi Təbrizdir. Hətta Tehranda azərbaycanlılar Təbrizdən daha çoxdur, amma onların da düşüncə mərkəzi Təbrizdir. Ümumi desək, Cənubi Azərbaycanda mərkəzi Təbriz olan düşüncə mərkəzi yaranıb. Bu elə XX əsrin əvvəllərindən də belə idi.

- Bəs belə olan halda İrandakı hakim rejim niyə sərt addımlara getmir?

- Molla rejimi Təbrizlə bağlı sərt addımlara gedə bilməz. Mollaların da elə çoxu türkdür. Eyni zamanda ordunun da çox hissəsi türklərdir. Buna görə də qorxurlar.

- Deyirsiniz ki, ETTALAT-dan tutmuş SEPAH-a qədər çoxlarının içərisində milli məfkurəni müdafiə edənlər var. Amma ortada tam bir iş yoxdur. Güney Azərbaycanda bu qədər dalğalanma, hərəkətlənmə varsa, istiqlal niyə bu qədər gecikir?

- Bəlkə də nəticə sabahdan da yaxındır. Bunu nə sən bilə bilərsən, nə də mən. O istiqlalı zaman gətirəcək. “Traktor” futbol klubu indi bir bəhanədir. Bundan əvvəl Babək qalası var idi. İndi o, yavaş-yavaş şəhərlərə, stadionlara yayılıb. Hərəkat dağdan universitetlərə enib.

- Səmimi cavab verməyinizi rica edirəm. DAK-dakı keçmiş yoldaşlarınız olan Əjdər Tağızadə və Sabir Rüstəmxanlı ilə münasibətləriniz necədir?

- İkisi ilə də yaxşıdır. Keçən dəfə gələndə Sabir bəylə söhbət elədik. Mənə dedi ki, mən çəkilim yenə, bir sədr olsun, sən gəl. Dedim, Sabir bəy, problem sən deyilsən ki. Bəs Əhməd Obalını, Asif Qurbanı, Paşa Qəlbinuru nə edəcəyik? Biz hazırda milli birlik yaratmışıq. Elə bunun içində birlik var. Biz sizin, siz də bizim qurultaylara gəlin. Birlikdə iş görək, birlik yaradaq. Artıq 37 təşkilat öz məfkurələrini, nizamnamələrini qoruyaraq, bizə qoşulub. Yəni biz birlikdəyik. Əjdər indi Güney Azərbaycanla bağlı bir təşkilat yaradıb və işləri də çox gözəl gedir. Mən siyasətçi deyiləm. Mən əvvəldən istəyirdim ki, bizim ictimai bir təşkilatımız olsun, Avropada sizin sözünüzü deyə bilək. Çünki Avropa Şurası, BMT siyasi təşkilatları qəbul etmir. Ona görə ki, bu gün İran rəsmən BMT-nin üzvüdür, bayrağı orada dalğalanır. Biz oraya siyasi ad altında gedəndə orada belə təsəvvür yaranır ki, biz İranın daxili işlərinə qarışırıq. Siyasi məsələ başqa şeydir, amma ictimai təşkilat olduqda isə biz rahatlıqla bütöv Azərbaycanın incəsənətini, mədəniyyətini, tarixini, Güney Azərbaycanda insan hüquqlarını qoruduğumuzu deyə bilirik. Qarabağın işğal edildiyini, bunun qarşısını almağın vacibliyini də rahatlıqla tələb etmək olur.

- Siz DAK-da olan zaman dediyiniz qüvvələr hamısı sizlə birlikdə idi. İndi yenidən birləşmək ehtimalınız yoxdurmu?

- İndi onlar öz işlərini görür, biz də öz işlərimizi. Ancaq hədəf yenə də bir nöqtəyə vurmaqdır. Biz o nöqtədə birləşirik. Əjdər əvvəldən də siyasi adam idi. İndi o özünə yol tapdı, təşkilatını yaratdı. Bu təşkilat 30 il bundan öncə qurulmalı idi. Onda heç ayrılıqlar da olmazdı. Eldar Qaradağlı bütün ömrünü bu yolda qoyub. O dostlar indi də bizim yanımızdadır. Eldar, Əjdər də milli birlikdə var, amma idarə heyətində təmsil olunmurlar.

- Cavad bəy, güclü işləri güclü insanlarla həyata keçirmək olar. DAK-dakı kimi güclü insanları ətrafınıza yığa biləcəksinizmi?

- İrəlidə çox böyük işlər görmək mümkün olacaq. Güclü adamların da bir azını öz ətrafımıza toplamışıq. Rəhim Şahbazi bizimlə birgədir. R.Şahbazi hazırda ABŞ-da elə bir işdədir ki, o Azərbaycan məsələsini tam sərbəst şəkildə dilə gətirə bilmir. Amma Rəhimi də o idarəyə bu işə görə alıblar. Firudin də təşkilat yaradıb - Sosial Demokrat Partiyası - o da bizim yanımızdadır. Döhdür Kurşişi, Döhdür Qələvi, Bəhruz Həqqi bizim yanımızdadır. Amma biz yanımızda olan hər kəsin adını çəkə bilmirik. Bilin ki, biz güclü adamların hamısı ilə üzbəüz görüşüb danışırıq, yenə də bir yerdəyik. Əvvəlki kimi olmasa da, getdikcə o nöqtəyə gedirik.

- Cavad bəy, diasporanın gəncləşməsi gecikmirmi?

- Gənclər bizim yanımızdadır, indi daha güclüyük. Sentyabrda qurultaya gedirik. Artıq gəncləri önə çəkəcəyik. Avropada, ABŞ-da bizim elə gənclərimiz var ki, təpədən-dırnağa azərbaycançıdırlar. Mahmud Bilginin qızı hazırda millət vəkili olmaq istəyir. Bizim əvvəllər zəifliyimiz bu idi ki, uşaqlarımız balaca idilər.

Oğlum Səyavuş aktiv şəkildə bu işə qoşulub. Digər oğlum Siyamək isə Maltada Azərbaycana 12 səsin verilməsini təşkil edən şəxslərdən biridir. Malta balaca ölkədir. Burada insanları ələ almaq daha asandır. Yəni burada 5-6 yüz nəfər Azərbaycana səs verəndə bizə 12 səs gəlmiş olur. Rusiya böyük, nəhəng ölkədir. Rusiyada biz bunu edə bilmərik. Bunun üçün milyardlar xərcləmək lazımdır. Amma Maltada 2000 dollara bunu etmək imkanımız olur.

Gənclər bizdən daha aydın fikirlidirlər. Texnologiyadan daha yaxşı anlayırlar. Gəncləşdikcə inteqrasiya olunmağımız da sürətlənir. Mən 40 ilə yaxındır Avropada yaşayıram. Ancaq danışanda hələ də ləhcəm var. Oğlum Səyavuş danışanda heç onu özlərindən ayırmırlar. Çünki gənclər öz ana dili kimi danışır onlarla. Hazırda bizim ən parlaq gənclərimiz Türkiyədə də yetişir. Türkiyə indi ikinci Təbrizdir.

- Amma bir zamanlar ikinci Təbriz Bakı idi...

- Bakıda da oxuyanlarımız var, amma burada Güneydən gələnlərə güzəştli təhsil vermirlər. Bəzən ögey kimi baxırlar bizə.

Türkiyədə əvvəllər təhsil pulsuz idi. Mən doktorluğumu bir qəpik pul ödəmədən almışam. İndi təhsil ödənişlidir. Ancaq türk əsilli olanlara endirim edirlər. Orada M.Ə.Rəsulzadənin qurduğu dərnəyə gedəndə İran şəhərlərində yaşayan türklərə endirim edilmirdi. Onların fars olduqlarını düşünürdülər. Biz bu işi də həll etməyə çalışdıq. Lakin sonradan burada sui-istifadə halları oldu. Bu işlərin Azərbaycanda da təşkil olunmasına çox ehtiyac var. Azərbaycan dilinin unudulmaması üçün bu, vacibdir. Mən prezidentdən bu barədə xahiş də etmişdim. Mən prezidentə məktub yazdım. Amma görünür, o məktub prezidentə çatmayıb. Burdakılar başa düşmür ki, bizə kadr lazımdır. Kadr isə buradan olmalıdır. Kadr olmalıdır ki, gedib ana dilini Güney Azərbaycanda təbliğ edə bilsin. İndi sabah İran bizə ana dilində təhsil haqqını versə, bizdə bunu tədris edəcək ixtisaslı kadr yoxdur. Bunları da diqqətə almaq lazımdır.

- İndi yaradacağınız təşkilat bu tələblərlə çıxış edəcəkmi?

- Hər zaman edəcək. Məni komitəyə dəvət ediblər, orada da bunu deyəcəyəm. Amma güneylilərdə də səhvlər çoxdur. Gəlib burada oxuyub ixtisaslaşıb, geri qayıtmırlar.

- 2006-cı ildə tərəqqi medalını alarkən demişdiniz ki, Qarabağ müharibəsi başlayanda sizin yanınızda 10 milyonluq yox, 50 milyonluq xalq var. Bu gün danışdıqlarınızdan sonra yenə də o fikri müdafiə edirsiniz?

- İndi daha çox o fikrin tərəfdarıyam. Doğrudur, 50 milyonun hamısı savaşmayacaq. Yeni gələn gənclik “Ya Qarabağ, ya ölüm” deyir. Bunu mən demirəm, ya da dedirtmirəm ki! Aprel savaşında Təbrizdən hər kəs axın edib Azərbaycana gəlirdi. Amma ruslar savaşa imkan vermədilər. Bu məsələdə bütün İran türkləri – azərbaycanlılar, qaşqaylar, türkmanlar Azərbaycanın yanındadır. Bizi birləşdirən elə budur.

Vaxt gələcək, biz dünyada söz sahibi olacağıq. İndi də varıq, amma o qədər güclü deyilik. Yaxın gələcəkdə isə biz dünyada əsas söz sahiblərindən birinə çevriləcəyik. Çünki azərbaycanlılar dialoq əhlidir, tez inteqrasiya olunurlar, yaşadıqları ölkədə söz sahibi olurlar. Azərbaycanlılar əmin olsunlar ki, biz diaspora olaraq, onların yanındayıq. Onlar da bizim yanımızda olsunlar. Hər şeyi bizdən gözləməsinlər. Xaricdəki diaspora bütöv Azərbaycanın milli mənafeyini qorumalıdır. Gəlib bizdən siyasi məsələlərə, Azərbaycanın daxili işlərinə qarışmağı istəməsinlər. Biz bir ömür bu bayrağın həsrətindəydik və onu əldə etməyi bacardıq. İndi onun enməsinə heç zaman imkan verməyəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.