"Rusiya həlledici deyil, Azərbaycan güc tətbiq edib torpaqlarını azad etməlidir" - Etibar Məmmədovdan AÇIQLAMA

10-05-2018, 20:25           
"Rusiya həlledici deyil, Azərbaycan güc tətbiq edib torpaqlarını azad etməlidir" - Etibar Məmmədovdan AÇIQLAMA
"Azərbaycan tərəfindən kimlərinsə Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı fərqli siyasət yürüdücəyinə ümid etməyi çox yanlış idi. Çünki Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, işğalçılıq siyasəti dəyişməyəcək".

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədov bildirib.

AMİP lideri deyib ki, Nikol Paşinyanın Qarabağla bağlı siyasətində ciddi dəyişiklik gözlənilmir:

"Qarabağla bağlı məsələdə ermənilərin maraqları eynidir. Yəni, Nikol Paşinyanla Serj Sarkisyanın Qarabağla bağlı siyasətində ciddi dəyişiklik gözlənilmir. Münaqişənin yeganə həlli yolu güc tətbiqidir. Ümumiyyətlə, düşmənin nə zamansa yumşalacağına ümid etmək doğru deyil. Düşməni yalnız ağıllandırmaq lazımdır. Bu da güc vasitəsilə mümkündür".

E.Məmmədov Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı erməni tərəfindən heç bir irəliləyişin gözlənilmədiyini söyləyib:

"Ümumiyyətlə, işğalçını bu qədər gözləməyə ehtiyac yoxdur. Konkret olaraq ortada işğalçı düşmən var və Azərbaycanın ərazi bütövlüyü pozulub. Bu ərazi bütövlüyünün bərpası isə BMT-nin qərarları ilə də təsbit olunub. Azərbaycan tərəfi düşmənlə problemin həllini ancaq güc yolu ilə həll etməlidir. Çünki erməni tərəfi başqa seçim imkanı tanımır. Azərbaycan Ermənistana güc tətbiq etsə, kənar təsirlərin də həlledici rolu olmayacaq. Düzdür, Rusiya və digər kənar təsirləri nəzərə almaq lazımdır, ancaq onlar münaqişənin həllində həlledici deyil. Bütün beynəlxalq qanunların tələblərinə uyğun olaraq Azərbaycanın tam hüququ və haqqı var ki, öz ərazilərini işğaldan azad etsin".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.