Elçibəyin qardaşı qızı: “Sübh tezdən KQB polkovniki qapımızı döydü...” – İlk dəfə
24-06-2018, 10:00
"Bir il ərzində 12 ev dəyişdik"
Gənclik illərində ali məktəbə hazırlaşmaq və Əbülfəz Elçibəyə qulluq məqsədilə Kələkidən Bakıya gələn Səadət Muradqızı ilk dəfə mediaya danışıb. Qeyd edək ki, Səadət xanım Əbülfəz Elçibəyin qardaşı qızı, eyni zamanda həm prezidentliyi dövründə, həm də Kələki dönəmində onun əsas mühafizəçilərindən olan “Cocu” ləqəbli Ədalət Əliyevin bacısıdır.
Teleqraf.com onunla müsahibəni təqdim edir:
- Mən anadan olanda əmim Elçibəy indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdu. O, adımı özü qoyub. Evdə də heç kimin - nə nənəmin, nə də anamın və digər qohumların dili Səadət adına yatırmış. O da götürüb adımı divara yazıb və deyib ki, oxuyun, diliniz öyrəşsin. Son illərə qədər adım divarda qalırdı. Kələkidə indi muzey olan evində yazmışdı. Bacıları olmayıb deyə qız uşağını çox istəyirlərdi. Böyük əmim İbrahimin qızı vardı, o ayrı evdə yaşayırdı, amma mən əmilərim Əbülfəz və Almuradla bir yerdə yaşayırdım. Gözümü açandan evdə Sovet hökumətinin əleyhinə sözlər eşidirdim, nənəm deyirdi, Şura hökuməti dağılsın, igidlərimizi aparıb qırdı, var-dövlətimizi əlimizdən aldı, ziyalılarımızın başı kəsildi, tikanlı məftilləri sinəmizə batır, Azərbaycanımız parçalandı. Ağlım kəsəndən belə söhbətlərin əhatəsində böyümüşəm. Bizə qalstuk taxmaq qadağan idi. Çantamızda aparıb, məktəbin qapısından keçəndə taxırdıq. Kommunizm, komsomol, pioner kimi anlayışlar yasaq idi. 10-cu sinfi qurtaranda ali məktəbin qəbul imtahanında iştirak üçün əmimlə Bakıya gəldik.
Elçibəy də dedi ki, ancaq Türkologiya fakültəsinə qəbul olunmalıdır. Onda özü Tarix fakültəsində dərs deyirdi. Sənədlərimi verdim, Aslan Aslanov adlı müəllim vardı, dedi ki, ay Əbülfəz, Türkologiya üçün 4 boş yer var, artıq o yerlər tutulub, sənədlərini Filologiya, yaxud Tarix fakültəsinə versin. Razılaşmadı. Əmim qəbul vaxtına qədər tarixdən, dayım Aydın Qasımov ədəbiyyatdan mənimlə məşğul olmuşdu. İmtahanın yazı mərhələsindən kəsildim, xəttim çox pis idi. Əmim işimi yenidən yoxlatdı, 2-3 səhvim çıxmışdı, əslində bu səhvlərlə kəsmək olmazdı, ancaq yerlər tutulmuşdu artıq. Qatarla Kələkiyə qayıtmalı olduq, Bakı-Noraşen qatarına mindik, Araz çayını həsrətlə izləyirdik, Xudafərin körpüsünün adını eşitmişdim, lakin görməmişdim, əmim izahat verə-verə göstərirdi, özü də danışdıqca haldan-hala düşürdü. Birdən sərhəd mühafizəsi yoxlamaya başladı, göy rəngdə geyimdə çox sərt üz ifadəsi olan sərhədçilər bizə yaxınlaşdı, sənədlərimizə baxdı, əmim də rusca nəsə dedi, mən dili bilmirdim deyə başa düşmədim.
Ordubada çatanda bizi postdakı sərhədçilər qarşıladı ki, bizimlə getməlisiniz. Əmim də qayıtdı ki, yanımdakı uşağı yola salım, sonra gedək, razı olmadılar. Bizi xeyli aralıda gözləyən “Vilis”ə mindirdilər, çöllük-biyabanlıqda olan qərargahda çöldə dayandım, əmimi içəri apardılar. Dedilər ki, axşam 8-də Noraşendən qatar gələcək, sizi Ordubada buraxmayacağıq, Bakıya qaytaracağıq. Bizi də evdə atam, anam, əmim Almurad gözləyirdi. Qatarda bizimlə bir gələnlər evimizə xəbər göndəriblər ki, sərhədçilər onları apardı. Almurad əmim maşınla “Raykom”a gəlib vəziyyəti izah eləmişdi, qərargaha zəng gələndən sonra bizi buraxdılar. Ordubada səhər 8-də çatmışdıq, evə günorta 4-də gedə bildik.
- Əbülfəz bəy sərhədçilərə nə demişdi?
- Demişdi ki, sizin bizi yoxlamağa ixtiyarınız yoxdur, vətənimdən vətənimə gedirəm, niyə yoxlanış aparırsınız. Öz vətənimdə ola-ola niyə kənd sovetliyindən arayış almalıyıq ki, kəndimə gedirəm? Niyə bizi bu qədər əzirsiniz, bəsdirin, millətləri əzdiniz, sonunuz çatıb. Elə oldu ki, sentyabrın əvvəli dərslər başlayanda əmim Bakıya qayıtmalı idi. Dedi ki, qayıdım ev tutum, səni də aparacam. Atamın dayısı oğlu Seyfəddin Əhmədov də Şərqşünaslıq fakültəsində oxuyurdu.
- İnstituta qəbul olmasanız da, Bakıya qayıdırdınız. Əminiz nə üçün Sizi aparmaq istəyirdi?
- Həm yenidən ali məktəbə hazırlaşmaq, həm də əmimə qulluq göstərmək üçün Bakıya gəldim. Əmimlə Seyfəddin Əhmədov Dəniz vağzalının yanında kommunal ev kirayələmişdilər. Hamı yeməyini dəhlizdə hazırlayırdı, su da ümumi istifadədə idi. Qonşuluqdakılar da ermənilər və ruslar idi. Ayda 80 manat pul verirdik, əmim dərsə gedirdi, nə vaxt evə qayıdırdı, xəbərim olmurdu, evə gec gələrdi, həftə sonları da evimiz adamla dolu olardı. Birotaqlı mənzil idi, küncə əmimin stulunu qoymuşduq, üzərinə də Kələkidən gətirdiyimiz qoyun dərisi sərilmişdi. Mən Elçibəyin yatdığını görməmişəm, yuxu nə idi, bilmirdi. Günorta yatıb yuxusunu alırdı, gecələr işləyirdi.
- Dediniz həftə sonu ev dolu olard;. Kimlər gəlirdi?
- Çoxunu sonralar tanıdım, bir qrup tələbələri idi - Ələsgər, Məmməd, Səmayə, müəllimlərdən Vasim Məmmədəliyev, Rafiq İsmayıl gəlirdi, müzakirə aparırdılar, xəritə cızırdılar. Deyirdilər ki, sovet hökuməti dağılacaq, Azərbaycan birləşəcək. Vasim Məmmədəliyevin evi uzaq idi, Kürdəxanıda yaşayırdı. Elə olurdu ki, müzakirələr gecə saatlarına qədər davam edirdi, Vasim müəllim bizdə, o bir otaqda qalırdı. Qonşuluqda erməni qadın məndən söz alırdı, deyirdi ki, sizə çox adam gəlib-gedir, kimlərdir? Mən də uşaq idim, deyirdim, hə, qohumlardır. O bilirdi ki, Elçibəy universitetdə dərs deyir. Kommunal evin başında Fərzalı adında oğlan vardı. “Politexnik” də dərs deyirdi. Bizim mərtəbədə bir azərbaycanlı da vardı, jurnalistika fakültəsində oxuyurdu, adı da Aslan idi, indi “Azərtac”ın direktorudur. Uzun vaqon kimi evlər idi. Sən demə, o erməni agent imiş, hansı evə gedirdik, agent tapırdılar.
Elə oldu ki, evin sahibi gəldi, əmimlə xeyli söhbət elədi, adam çox gəldiyini bəhanə elədi və dedi ki, özünüzə ev axtarın. Atamın dayısı oğluyla əmim bazar günləri ev axtarırdılar, əlacsız vəziyyətdə idik. Əslində kirayə qalmaya bilərdik, çünki əmimin evi var idi. Misirdən qayıdandan sonra pulu vardı, Nəriman Nərimanov prospektində bir otaqlı ev almışdı, instituta girən, xəstəxanaya gələn, əsgər yanına gedən - hamı o evə gəlirdi. Elə oldu ki, əmimin tələbə yoldaşı Malik Mahmudov evlənəsi oldu, Elçibəy evi ona verdi. Malik Mahmudov Şərqşünaslıq fakültəsində ərəb filologiyasından dərs deyirdi, ailə qurdu və o evdə yaşadı. Sonda mənim atam, Almurad əmim, Əbülfəz əmim yığışıb hərbi hospitalın yanında ev aldılar, o evin balaca həyəti də vardı, gələn-gedənin ardı-arası kəsilmirdi. Bir gün əmim durub görüb ki, şalvarı yoxdur, kimsə geyinib gedibmiş, həmin gün işə gedə bilməyib. Yəni belə tünlük olurdu. Heç gələnlərin çoxu qohum da deyildi, şəhərdə iş dalınca gəlib gecələməyə yeri olmayan, ucqar kəndlərdən eşidən-bilən gəlib qalırdı. Ona görə kirayə ev tutmalı olduq.
- Kirayələdiyiniz evdə qala bildiniz, yoxsa yenə agentlər imkan vermirdi?
- İkinci evi universitetin yanında tapdıq. İkinci mərtəbəydi, 1 ay qalmışdıq, eyni ssenari oldu, ev sahibi gəldi ki, çıxmalısınız. Hələ içində qab-qaşıq, kitablar olan yeşiklərin bəzisini açmamışdıq. Əmim çox pərt oldu. Halbuki bu evin kirayəsini 3 ay əvvəldən ödəmişdik. Pulu qaytardılar, yenə ev bazarına getdik. Sovetskidə həyət evi vardı, orada da qalandan bir müddət sonra çıxmalı olduq. 1 il ərzində 12 ev dəyişdik. Mənim olanlardan başım çıxmırdı, sən demə “KQB” əmimi təqib edirmiş.
Camaat Dövlət Təhlükəsizlik Komitəsinin adını eşidəndə xoflanırdı, 1937-ci il məşəqqətlərini görən adamlar idi. Şərqşünaslıq fakültəsində çalışan Elmira adlı xanım vardı, Mərkəzi Komitənin binası ilə üzbəüz binada evi vardı, ora köçdük. Həmin xanıma “Razin”də ev verilmişdi, həmin ev də boş idi, kirayə ödəyib yaşadıq. Bu evə də gəliş-gediş vardı, gecə saatlarınadək oturub Sovet hakimiyyətinin yıxılması, müstəqil Azərbaycan dövlətinin yaranması barədə söhbətlər aparılırdı. Yuxum gözümdən tökülürdü, üzümə su vurub mən də səhərə qədər oturub qulaq asırdım. Uşaqlıqdan radiomuz vardı, dalğanı tapıb Türkiyədən məlumatlar alırdıq, mahnılara qulaq asırdıq.
- O radionu Kələkidəki evdə görmüşəm.
- Bəli, o radio durur. Bizə türkçülüyü aşılayan Elçibəy türk musiqilərini də sevdirmişdi. Onu da qeyd edim ki, İçərişəhərdəki o binada hamı köçüb getmişdi, bir-iki ailə vardı ki, bizim kimi kirayə qalırdı. Amma bir ailə vardı, köçməmişdi, onlar “Razin”dən yox, yaxınlardan ev almaq istəyirdilər. Həmin qadının səhv etmirəmsə, baldızının əri Mərkəzi Komitənin birinci katibi Vəli Axundov idi. Bir gün “JEK” işçiləri linglə qaldığımız mənzilin şüşələrini sındırdılar, pəncərəmiz də Mərkəzi Komitənin binasına baxırdı. Mən də dedim ki, sındırın, sındırın, vaxt gələcək, sizi də biz sındıracaq, qovacağıq.
Niyə belə edirsiniz, ev tapaq çıxacağıq. Nə qədər dil tökdüm, xeyri olmadı. Əmim axşam gəlib vəziyyəti görüb əsəbiləşdi. Həyətdə qalan Vəli Axundovun qohumu mələfələr gətirdi, bizim pəncərələrə tutdu. Ev tapana qədər o vəziyyətdə yaşadıq. Özü də çox pis zamana təsadüf eləmişdi, mən qəbul imtahanında iştirak etməli idim, Seyfəddinin də, əmimin də imtahanları başlamışdı. Yasamalda Svetlana adlı musiqi müəlliməsinin bir otaqlı evinə köçdük. Nəsib adlı tovuzlu oğlan vardı, bu xanımla əmimi tanış eləmişdi. Dedi ki, Moskvada oxumaq istəyir, tarixdən dərs keçə bilərsinizmi? O xanım Dəniz vağzalının yanında kirayədəki evdə hazırlaşırdı. İçərişəhərdəki evi dağınıq vəziyyətdə görəndə bizə acıdı, evini bizə verib özü başqa yerə köçdü. Avakyan küçəsindəki binada qaldıq. Ev də sanki inqilab yuvasıydı, ziyalılar axışıb gəlirdi.
Ancaq deyirdilər ki, vahid Azərbaycan yaradılmalı, yeraltı, yerüstü sərvətlərlə zəngin millət xan kimi dolanmalıdır. Mən də soruşurdum ki, əmi, bəs bu Sovet hökuməti nə vaxt yıxılacaq? Deyirdi 10 il qalıb. 10 il ötəndə yenə qayıtdım ki, bəs yıxılmır axı, 10 il keçdi. Dedi, az qalıb, çürük dirəklər üstündədir. Elə də oldu, təxminən 15 il çəkdi. Bir şeyi də qeyd edim ki, Svetlana xanım əmimin yanında tarixi öyrənirdi ki, Moskvaya getsin, amma Elçibəy ona o qədər millətçilik, türkçülük, vətənpərvərlik hissi aşıladı ki, ruslara nifrət elədi. Sovet hökumətinin başımıza gətirdiyi bəlaları biləndən sonra Moskvaya gedib təhsil almaqdan vaz keçdi. Onda elə milli ruh yaranmışdı ki, Milli Azadlıq Hərəkatının bilavasitə iştirakçılarından birinə çevrilmişdi. Qonşuları öyrətmişdilər, narazılıq elədilər deyə Svetlana xanımın evindən köçəsi olduq. Daha sonra əmimin tələbəsi olan iki qardaş vardı, Aydın Tarix, Fuad Şərqşünaslıq fakültəsində oxuyurdu, nənələrinin evi erməni kilsəsi ilə üzbəüz binada yerləşirdi və kirayə verirdi. Tələbələr də car çəkirdi ki, müəllimə ev lazımdır. Qardaşlar bizi aparıb nənələri ilə tanış elədilər, əşyalarla dolu ev idi, nə isə aparmağımıza ehtiyac da qalmadı. Bu oğlanların atası Mərkəzi Komitənin əməkdaşı olmuş Nazim Hacıyev idi, rəhmətə getmişdi. Onlara da əvvəldən bir neçə aylıq kirayənin pulunu ödəmişdik.
O vaxt Süleyman Əliyarlı da bizə gəlib-gedirdi, millətçi idi, ilk dəfə Kirovabadın adının Gəncəyə dəyişməsi məsələsini Bəxtiyar Vahabzadə ilə Süleyman müəllim qaldırmışdı. Ancaq qonşularımızın çoxu yenə ermənilər idi, Batumi türkü də vardı, aşağı mərtəbələrdə rəhmətlik Xəlil Rza, Əbdüləzəl Dəmirçizadə yaşayırdı. Mənimçün Xəlil Rzanın həyat yoldaşını görmək maraqlı idi.
- O vaxta qədər yəqin Xəlil Rza ilə Elçibəy tanış idi...
- Hə, həm də o binada qonşu olmuşduq. Bir gün evin sahibi - tələbələrin nənəsi gəlib ağladı ki, yuxuda həyat yoldaşını görüb. Guya həyat yoldaşı ona deyib ki, get, evdə özün qal. Sən demə, nəvəsi Aydın Hacıyevi KQB-yə cəlb ediblərmiş. O da donos verirmiş, bizi də evində məxsusi olaraq yerləşdiribmiş. Məsələ ciddiləşəndə nənə bunu duyur və bizim çıxmağımız üçün yuxunu bəhanə edir. Sonra indiki Mərkəzi Univermağın yanında 132 nömrəli məktəbdə dərs deyən Əminə xanımın evinə köçdük, az müddət qalıb çıxdıq. Dilsuz Mustafayev bizə gəlib-gedən idi. Məni bacısı Asya ilə də tanış eləmişdi, yaxınlığımız vardı. Seyfəddin də kəndə getmişdi, əmimlə mən qalmışdım. Dilsuz Mustafayev dedi, niyə ev axtarırsınız, gedək bizlə qalın. Onların da evi Mustafa Sübhi küçəsində idi, uzun vaqon kimi otaq idi, qabağında da şüşəbəndi vardı. O evə yığışdıq, mən də imtahan verməliydim. O evə Dilsuzun dostu Fuad adında oğlan gəlib- gedirdi. KQB əməkdaşı imiş, əvvəllər bilmirdim. Gəlib Asya ilə məndən evdə olan söhbətlərdən soruşurdu. Evdə daim türk musiqisinə qulaq asırdıq, Zəki Mürəndən tutmuş Zəlihəyə qədər. Heç indi o sənətkarları tanıyan yoxdur. Biz də Fuada hər şeyi danışırdıq.
- Bəs əminiz tapşırmamışdı ki, danışmayın?
- Yox, əksinə deyirdi ki, danışın, rusu gördünüzsə, qaldırıb yerində oturun, deyin bura sizin yeriniz deyil, çıxın gedin. Asya Mustafayeva Tibb Universitetində oxuyurdu, dəhlizdəki güzgüdə özünə baxan rus qızı itələyib deyib, get, sənin yerin Moskvadır. Biz belə tərbiyə almışdıq. Fuad da nə soruşurdu, danışırdıq. Dilsuz da deyirdi ki, bu Fuad bizə az-az gəlirdi, əminə görə indi tez-tez gəlir. İmtahanı verdim, yenə keçə bilmədim, yerlər tutulmuşdu. Yazıdan 4 qiyməti almışdım. Balım başqa fakültələrə düşürdü, əmim Türkologiyaya qəbul olunmağımı istəyirdi deyə vermirdim. İmtahandan sonra kəndə getdik, hamı mənə görə məyus oldu. Orada atamın iş yoldaşı olmuş, kənddə geoloq işləyən Novella Cəfəroğlunun həyat yoldaşı Vilen Markeviç dedi ki, qohumumuz qalan evimiz boşalıb, gedib sentyabrdan orada qalarsınız.
Biz də ayrı-ayrı evlərdəki əşyalarımızın hamısını oraya daşıdıq. Statistika İdarəsinin aşağıda 1 nömrəli tibb texnikumu ilə üzbəüz Geoloqlar binasına köçdük. Atam geoloq olduğuna görə binada yaşayanların çoxunu tanıyırdım, onlarla Kəlbəcərdə bir yerdə olmuşduq. O evdə uzun müddət yaşadıq. Seyfəddinlə əmim dərsə gedirdi, mənə də oxumaq üçün tapşırıq verirdilər, ev işlərini görürdüm. Hərdən Rafiq İsmayılın Roza adlı qohumu bizə gəlirdi. Bir dəfə həftə sonu əmim təklif elədi ki, istəyirsən gedib Rozagildə qal. Mənim də ürəyimdən oldu. Seyfəddin imtahanları qurtarıb kəndə qayıtmışdı. 2 gün sonra evə qayıdanda dəhşətə gəldim. O vaxt dəmir sobalar olurdu, aşağı hissədən qapısını açıb kağızla yandırıb suyu qızdırırdıq. Hamama daxil olanda gördüm ki, həmin sobada o qədər kağız yanıb ki, kül yerə tökülüb, kağızların bəzilərinin yarısı yanıb, yarısı qalmışdı. Əmim çox səliqəli idi, birinci dəfə idi, belə bir şey görürdüm.
Təəccübləndim ki, görəsən, niyə belə edib? Hamısını zibil verdəsinə yığdım. Sonra mənə məlum oldu ki, əmimi tuturlar, bunu hiss edirmiş, evdə axtarış aparılacağını düşündüyü üçün xəritə və digər vacib yazıları yandırmışdı. Hamam qapqara olmuşdu, amma bir kəlmə belə soruşmadım,. Həmişə həyətə baxanda köhnə qara rəngdə “Volqa” görürdüm, uzun da antennası vardı, düşünürdüm, görəsən, niyə bu maşın elə hər gün buradadır, amma sürən yoxdur.
- Ağlınıza gəlmirdi ki, Elçibəyi izləyir?
- Yox, hələ sual da vermişdim bu barədə. O da həmişəki kimi gülümsəmişdi. Əmimlə dostlarının evinə, Rafiq İsmayılgilə qonaq gedəndə, taksiyə otururduq ünvanı deməmiş, sürücü deyirdi, filan yerə sürüm? Əmim avtobusa minmirdi, bir dəfə bunun səbəbini soruşdum, gülümsədi. Mən də fikirləşirdim ki, avtobuslar balacadır, yəqin boyu hündür olduğu üçün əmim avtobusa minmir. Deyirdim, əmi, görürsən, biz heç ünvanı deməmiş bizi düz mənzilimizə aparır, özü də yolda güzəranımızla bağlı söz atırdı. Elçibəy də döşəyirdi. Demə, bu taksilər də bizi izləyirmiş. Bu evdə bizə dəyib-dolaşan olmadı, halbuki hər ay bir ev dəyişməyə öyrəşmişdik. Yanvar tətillərində rayonda olanlar şəhərə gələrdi, böyük əmim İbrahimin qızı Züleyxa 10 günlük Kələkidən Bakıya tətilə gəldi.
Bakıya gələnlər də Qız Qalasına çıxmaq, Dağüstü parkı, bulvarı gəzmək istəyirdi. Elçibəy əmim qızı Züleyxa ilə məni gəzməyə apardı, bulvarda gəzdik, Qız Qalasına getdik. Bizə ətrafda gördüklərimiz barədə izahat verirdi, ancaq çox fikirli idi. Funikulyorla qalxdıq, Kirovun heykəlinin altında “Drujba” restoranı vardı, bizi ora apardı, menyu gətirdilər, bizə kitab formasında olan yeməklərin adı yazılı şey qəribə gəldi, heç yanda görməmişdik axı. Əmim kabab sifariş verdi, süfrəyə qrafində sarı rəngdə sok gətirdilər, indiyədək dadı damağımdan getməyib. Əmim təamdan yesə də, çox narahat idi. Evə gəldik, səhəri gün əmim qızı qatarla Kələkiyə qayıtmalı idi. Əmim özü də Vasim Məmmədəliyevin Tiflisdə doktorluq işinin müdafiəsinə getməli idi. Bir qrup müəllim onun müdafiə prosesində iştirak üçün Tiflisə gedirdi.
- Söhbət 1975-ci ildən gedir?
- Bəli. Evimizi pərdə ilə bölmüşdük, mən çarpayıda yatırdım, pərdənin bu tərəfində Seyfəddinlə əmim yatırdı. Mənim yatağımın altında çemodan qoymuşduq, əmim həmişə onu qoruyurdu. İçində bir paket vardı, arasına dəftərlər, kağızlar yığılmışdı, bir dənə də bayraq vardı. Amma heç vaxt soruşmamışdım ki, o nədir? Görürdüm ki, əmim hərdən o paketin içindəkilərə baxıb, oxuyur.
Əbülfəz əmim də, İbrahim əmimin qızı da çıxıb getmişdi, evdə Seyfəddinlə mən qalmışdıq. Sübh tezdən qapı elə möhkəm döyüldü ki... Bu yaşadək qapının o tərzdə döyülüşünü unutmamışam, indi də bərkdən qapı döyüləndə diksinirəm, həmin günü xatırlayıram. Seyfəddin də elə bildi kənddən gələn var, çünki qatarla qohumlar sübh tezdən gələrdi. Mən də yatağımdaydım, Seyfəddin yorğana bürünüb qapını açıb qayıdıb yerində uzandı, heç baxmadı ki, gələn kimdir.
- Gələn kim idi?
- “KQB”nin Mərkəzi Komitədə işləyən polkovniki Səlimzadə, universitetin kuratoru Kərim Kərimov.
(Ardı var)
P.S.Növbəti hissədə Əbülfəz Elçibəyin həbs prosesi, təcridxanada keçirdiyi günlər, çemodanda Elçibəyin nələri qoruyub saxladığı, öz evini bağışladığı Malik Mahmudovun məhkəmədə verdiyi ifadə, son dövrlərə kimi keçmiş “MTN”-in hansı vəzifəli şəxsinin vaxtilə Elçibəyin üzünə dayandığı barədə danışılacaq.