Mingəçevir su anbarında vəziyyət - ekspertlər danışdı

4-07-2018, 10:00           
Mingəçevir su anbarında vəziyyət - ekspertlər danışdı
Telman Zeynalov: “İstismar müddətindən əvvəl hər hansı bəndin uçması baş verə bilməz”; Əzim Məsimov: “İstismar müddətinə arxayınlaşmaq olmaz”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İbrahim Quliyev yazılı məqalə ilə çıxış edərək, ölkənin su anbarlarının ciddi təhlükəyə səbəb ola biləcəyini açıqlayıb. Alimin sözlərinə görə, Mingəçevir su anbarının kompleksinə daxil olan və Azərbaycan İstilik Elektrik Stansiyasını texniki su ilə təmin edən tuneldə də problemlər mövcuddur: “Qurğunun istismarı Mingəçevir su anbarına və bəndinə ciddi təsir edir, orada baş verə biləcək nasazlıq böyük fəsadlarla nəticələnəcək qəzaların yaranmasına səbəb ola bilər.

Məlumdur ki, 1988, 2006-cı illərdə bu tunelin başlıq hissəsində sürüşmə baş verib. Sürüşmələrin təkrar baş verəcəyi təqdirdə tunelin su qəbuledicinin deformasiyaya uğraması nəticəsində su anbarında qısa bir zamanda su səviyyəsinin enməsi bəndin yuxarı yamacının dağılması ilə nəticələnə bilər”.

İbrahim Quliyev həmçinin Ceyranbatan, Şəmkir, Varvara su anbalarındakı təhlükədən və problemlərdən danışıb.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan ekoloq Telman Zeynalov bildirib ki, əslində bütün su anbarlarının istismar müddəti var, bu müddət ərzində bəndlərdə ciddi problem yaşana bilməz: “Əslində bəndlərə vaxtında baxılmalıdır. Ancaq onu deyim ki, su elektrik stansiyaları (SES) sovetin dönəmində tikilib və həmin zaman bütün nüanslar nəzərə alınıb. SES-lər 60-70 il normal fəaliyyət göstərə bilər və heç bir problem də yaranmaz. Ancaq son dövrlərdə baş verən hadisələrin hamısı baxımsızlıqdan yaranır. Soyuducu sistemə diqqət etmirlər, nəticədə ölkədə işıqlar sönür. Bu cür nəzarətsizlik çərçivəsində terror da ola bilər. Əsas məsələ nəzarət məsələsidir. Qalan şeylər tikinti zamanı nəzərə alınıb. İstismar müddəti olduğu üçün təyin edilən zamandan əvvəl hər hansı bir bənd uçması baş verə bilməz. Sadəcə olaraq, mühərriklərin işləməsinə fikir vermək lazımdır”.


1971-1986-cı illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov isə hesab edir ki, istismar müddətinə aldanmaq olmaz: “Hər bir mühəndis tikintisinin ömrü var və layihəşdirmə zamanı bu rəqəm qeyd olunur. Lakin bu o demək deyil ki, layihədə qeyd edilən illərə arxayın olub, heç bir iş görülməməlidir. Məsələn, Mingəçevir su anbarı 1 günlüyə, 10 illiyə tikilməyib. Bu layihə ömürlük nəzərdə tutulub. Ona görə də bu su anbarına daim istismar nəzarəti, istismar xərcləri olmalıdır. Bu olarsa, layihənin ömrü ikiqat da arta bilər. Bəndlər tikildikdən sonra bu tikililərdən getdikcə su keçməsi prosesi baş verir. Su da keçdikcə ayrı-ayrı təbəqələr yuyulur. Nəticədə problemlər ortaya çıxır. Məsələn, 2010-cu ildə Kür çayının daşması prosesi eyni məsələdən qaynaqlanmışdı. Kürün ətrafında olan torpaq tökmələri illərlə nəzarətsiz buraxılmışdı. Nəticədə siçovullar və digər səbəbdən bəndlərdə deşiklər əmələ gəlmişdi. Kürün səviyyəsi qalxan zaman deşiklərdən az da olsa su axmağa başladı. Suyun təzyiqindən əvvəllər çox xırda olan deşiklər böyüdü və daşma baş verdi. Nəzarət olsaydı, bu cür hal baş verməzdi. Eləcə də Kür çayının deltasına da nəzarət edilmir. Mən orada olmuş, aparılan işləri şahidlik etmişəm. Belə ki, sovet dövründə həmin ərazidə nəzarət çox yüksək idi. Kürün Xəzər dənizinə axması prosesi təmin edilir, qumları sovuran gəmilərdən istifadə olunurdu. Buna da nəzarət edən xüsusi təşkilat var idi. Ancaq müstəqillik illərində bu təşkilat ləğv edildi. Nəticədə Kürün Xəzərə tökülən yerində gil yığıldı, məlum fəlakətlər baş verdi. Bir yandan bəndlərə nəzarətin olmaması, ikinci tərəfindən deltadakı nəzarətsizlik, Kürün səviyyəsinin qalxıb, ətrafa daşmasına səbəb oldu. Yəni demək istəyirəm ki, doğrudan da bu sistem bizdə nəzarətsizdir”.

Mütəxəssis bildirib ki, hökumət səviyyəsində qərar verilməli, bu cür tikintilərə nəzarət artırılmalıdır:

“Məsələ burasındadır ki, bilinmir ki, sistemə hansı nazirlik baxır. Əvvəlcə bu məsələni həll etmək lazımdır. Azərbaycanda su ilə bağlı problemlər çoxdur. Bakı və ətraf ərazilərdə məsələ kanalizasiya problemidir. Suyu çəkirlər, kanalizasiya unudulur. Çünki kanalizasiya sistemini qurmaq çətin, suyu çəkmək isə asan məsələdir. Biz ekologiyaya zərər verməklə, əslində milyardlar itiririk və təəssüf ki, bunun da fərqində deyilik. Abşeronun heç 40 faizində belə kanalizasiya sistemi yoxdur. Quba, Xaçmaz, Qusar zonasına su çəkiblər. ”Azərsu"nun sədri ötən günlərdə bildirdi ki, biz kanalizasiya sistemi üçün layihə hazırlayırıq. Yaxşı, bu layihə hazırlanana qədər sular hara axacaq? Dağ çaylarına baxırsan ki, bulaq suyu yerinə kanalizasiya axır. Bunun özü də böyük fəlakətdir. Qısa müddət ərzində bu məsələlərlə bağlı qərar qəbul edilib, kanalizasiya sistemi məsələsi həll olunmalıdır. Dənizə suyu təmizlənməmiş buraxırlar, balıqlar ölür. Bax ekologiyaya baxış ümumidir. Bəndlərə nəzarət, dənizə nəzarət hamısı eyni səviyyədədir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.