Məşhur aktyorun qızı: “Atam bizi sevgilisinin yanına aparırdı” - MÜSAHİBƏ
16-07-2018, 07:45
Kulis.az tanınmış aktyor Gündüz Abbasovun qızı Dildar Bədirova ilə müsahibəni təqdim edir.
- Dildar xanım, ata nənəniz, sizi böyüdən qadın - Mələk xanım, səhv etmirəmsə, Cəfər Cabbarlının qardaşı qızı olub.
- Doğrudur. Nənəm Mələk xanım Cəfər Cabbarlının qardaşı qızı olub. Cəfər Cabbarlının iki yaşı olanda atası Qafar kişi rəhmətə gedir. Onu böyük qardaşı - nənəmin atası Hüseynqulu bəy böyüdüb. Hüseynqulu bəy çox imkanlı adam olub. Ancaq iş elə gətirib ki, nənəmin səkkiz yaşı olanda atası dünyasını dəyişir.
Nənəmi isə Cəfər Cabbarlı böyüdür. Nənəm Şəmsəddin Abbasovla ailə qurur. Onların da iki oğlu olur. Böyük oğul mənim atam, əmim isə prokuror olub, əlli yaşında rəhmətə gedib. Babam özü uzun illər müxtəlif vəzifələrdə çalışıb, nənəm də həm ziyalı, həm də ilk tarzən qadınlardan olub.
Cəfər Cabbarlı öz əsərlərini yazarkən əsərdəki mahnı hissələrini zümzümə edirmiş. Sonra not bilmədiyindən həmin mahnıları tarda nənəmə ifa elətdirirmiş. Musiqiləri isə Əfrasiyab Bədəlbəyli gəlib nota köçürürmüş. Bu, Sona xanımın xatirələrində də var. İndi deyirlər ki, filan mahnı Əfrasiyab Bədəlbəylinindir. Xeyr, həmin mahnılar Cəfər Cabbarlının olub.
Ata tərəfim də, ana tərəfim də ziyalı nəsil olublar. Anamın atası əməkdar ixtiraçı olub. Əmisi oğlu, dayısı məşhur alim olublar. Anam atamdan ayrılana qədər aktyorluq sənəti ilə heç bir əlaqəsi olmayıb.
- Atanız Gündüz Abbasov aktyor olmaqla yanaşı, həm də rəssam, yazıçı, tərcüməçi, hətta idmançı kimi də fəaliyyət göstərib. Sizə elə gəlmir ki, aktyorluq ona məşhurluq gətirməklə bərabər, şəxsi həyatına da müəyyən zərbələr vurdu...
- Aktyorluq onun həyatını puç elədi. Atam imkanlı ailədən olmaqla yanaşı, çox yaraşıqlı kişi olub. Həm də dəblə geyinməyi yaxşı bacarırdı. Onu elə küçədə görüb, bəyənib filmə çəkilməyə dəvət ediblər. Elə o vaxtdan da ard-arda filmlərə çəkilməyə başlayıb. Sonra anamla (aktrisa Ofeliya Məmmədzadə - S.Ə.) tanış olub, ailə qururlar. Anamın on beş yaşı olduğundan nikaha yaşı düşmürmüş. Onun yaşını üç il artıq yazdırıblar. Onlar ailə qurandan sonra bacım, mən və qardaşım dünyaya gəlib. Ancaq atamın o dövrün məşhur aktrisalarından biri ilə sevgi münasibətinin olmasını eşidən anam bunu qəbul etməyib atamdan ayrılır.
- Dildar xanım, valideynləriniz ayrılanda beş illik ailə həyatı və ortada üç uşaq olub. Yəni bu evliliyi xilas etmək heç cür mümkün olmayıb?
- Bilirsiniz, atam həmin aktrisa ilə anamla ailəli ola-ola tanış olub, görüşüb. Onlar ayrılandan sonra belə atamın onunla münasibəti uzun illər davam edib. Hətta mənim yadıma gəlir ki, biz də hərdən atamla o qadının evinə gedirdik. O, bizi çimizdirir, bizim üçün xörək hazırlayırdı. Yəni anamın evdən gedişi, əslində, başa düşüləndir. Həm də anam atamdan ayrılandan sonra aktrisa kimi filmlərə çəkilməyə başlayır. İncəsənət Universitetinə daxil olur. Görünür, onların birləşməsi mümkün olmadığından elə həmişəlik ayrılmalı olublar. Anam evdən gedəndə bircə qardaşımı özü ilə götürüb. Onu da sonradan əmim ondan alıb. Atam onu aktrisa kimi heç vaxt qəbul edə bilməzdi. Bir müddət sonra anam aktrisa Vəfa Fətullayevanın atası Nüsrət Fətullayevlə ailə həyatı qurur. Düz iyirmi yeddi il, Nüsrət müəllimin ölümünə qədər onlar birlikdə yaşayırlar. Biz rəhmətlik Nüsrət müəllimi də çox istəmişik. O, çox yaxşı insan olub.
Əzizə Əhmədovanın "Mavi gözlərin işığı" adlı romanı var. Həmin roman mənim atamın və anamın həyatından bəhs edir.
- Atanız da ikinci dəfə ailə həyatı qurur...
- Bəli, anamdan ayrılandan sonra bizə nənəm və babam baxıb. Anam bizim evimizdən gedəndə böyük bacım üç yaşında, mən iki yaş yarım, qardaşım isə bir yaşında olub. Nənəm bizə sözün əsl mənasında analıq edib.
Atam 1969-cu ildə ikinci dəfə ailə qurdu. Bu evlilikdən isə onun bir oğlu, bir qızı oldu. Atamgil bizimlə bir evdə yaşasalar da, bizim qulluğumuzda yenə də nənəm dururdu. Biz də, niyəsə, o qadını sevə bilmədik. Ancaq uşaqlarla münasibətimiz yaxşı olub.
On ildən sonra atam ondan da ayrılıb ömrünün sonuna qədər tək yaşadı. Rəhmətlik həyat yoldaşımla tez-tez yanına gedirdik. Atam o qədər də çox yeyən adam deyildi. Amma xörək bişirməyi sevər, öz xörəyini həmişə özü hazırlayardı. Yadıma gəlir ki, balaca bir taxtası vardı. Onun üzərində uzun yarpaq dolması bükməyi xoşlayardı.
- Bəs nənəniz?
- Mən ailə qurandan sonra nənəmi öz evimə apardım. Ömrünün son anına qədər də ona özüm baxdım.
- Atanız Ofeliya xanımla görüşməyinizə icazə verirdi?
- Xeyr. Çünki atam ona qadağa qoymuşdu. O, da atamdan çəkinirdi. Amma yadıma gəlir ki, anam atamdan gizlin bizi görmək üçün bağçaya gəlirdi.
Atam bizi həmişə teatr tamaşalarına, eləcə də, anamın iştirak etdiyi tamaşalara aparırdı. Amma onunla heç bir tanışlıqdan, yaxınlıqdan söhbət gedə bilməzdi. İllər keçəndən sonra atamın bir dostu bizi evinə qonaq çağırdı. Həmin adamla da anamgil qonşu imişlər. Biz orda olanda anam ikinci həyat yoldaşı Nüsrət müəllimlə onlara gəldilər. Biz ilk dəfə anamızı orda görüb tanış olduq. Onda hələ orta məktəbdə oxuyurdum.
- Sizi görən zaman ananız necə reaksiya verdi?
- Bizimlə bir az əyləşdi, ordan-burdan söhbət etdiyimiz yadıma gəlir.
- Atanızın qoyduğu qadağa siz böyüyəndən sonra da davam etdi?
- Xeyr. Bacım universitetdə oxuyanda onu axtarıb tapdı. Biz gedib onunla görüşdük. Mənim dayım o vaxt yaxşı vəzifədə işləyirdi. 90-cı ildə onlar Amerikaya köçdülər. Biz anamızı tapandan sonra dayımla da görüşürdük. Bəzən gecəni də anamgildə qalırdıq.
- Nənənizin Ofeliya xanıma münasibəti necə idi?
- İnanırsınız, mən həmişə onların arasında mehribançılıq yaratmağa çalışırdım. Gül alıb, gətirib anamın adından nənəmə verirdim. Anama isə qarpız alıb aparırdım. Deyirdim ki, nənəm göndərib. Sonralar onlar özləri də mehribanlaşdılar. Nənəm mənimlə birgə yaşayanda Ofeliya xanım onun yanına tez-tez gələr, pay-puş gətirərdi.
Bilirsiniz, bəlkə də bu bir təsadüfdür ki, siz atamın beş övladının içərisindən məni axtarıb-tapdınız. Mən anamın, atamın, nənəmin əziyyətini çəkən övlad olmuşam. Nənəm xəstə yatanda elə olurdu ki, bir gündə onun üçün beş həkim gətirirdim. Xəstəxanadan tibbi aparatlar sifariş edib gətizdirirdik ki, görək onun dərdi nədir.
Nənəm rəhmətə gedəndə vəsiyyət eləmişdi ki, ehsan verməyək. Amma mən onun bu vəsiyyətini pozdum. Onun qırxına qədər öz evimdə onun üçün yas məclisi qurmuşam. Çünki görürdüm ki, camaat axın-axın gəlir. Atam üçün də yaxşı övlad olmuşam. Yoldaşım əslən rayonlu idi. Həmişə onlara gedəndə atam üçün pay hazırlayıb avtobusla Bakıya yollayırdım.
- Bayaqdan nənə deyirik, amma o sizə sözün əsl mənasında ana olmuşdu...
- O elə bizim anamız idi. Biz həmişə fikirləşirdik ki, görəsən, cavan nənə necə olur? Yaşlı qadın bütün ömrünü-gününü bizə həsr etmişdi. Hələ sonralar bizim uşaqlarımıza da o baxırdı. Nənəm çox savadlı, kitab oxuyan, piano çalmağı bacaran qadın idi. Qoca yaşında əzbərdən elə gözəl şeirlər deyirdi ki, məəttəl qalırdıq.
- Sizin zəhmətinizi çəkməkdən şikayətlənib, atanızı qınadığı məqamlar olurdu?
- Əslində, atamın taleyinin uğursuzluğunda bir az da nənəmin rolu olub. Atam anamdan əvvəl başqa bir qızı sevib. O, həmişə hirslənəndə nənəmi qınayıb deyirdi ki, "məni sən bədbəxt elədin".
Atam o qızla universitetdə oxuyanda tanış olub. O qız atamı həddindən çox sevib. Hətta mən eşitdiyimə görə o, atamdan bir kurs yuxarı kimya fakültəsində oxuyurmuş. Atamla paralel kursda oxumaqdan ötrü həmin qız bir il kursda qalıb. O, nənəmgilə gəlib-gedirmiş. Nənəmin paltarlarında, əlində gitara ilə şəkilləri də var. O qızın valideynləri ayrıldığı üçün onu nənəsigil böyüdüblər.
Nənəm də nəsilli-köklü, imkanlı ailənin qızı olduğu üçün həmin nənə yanında böyüyən qızın atamla ailə qurmasına razılıq verməyib. Amma taleyin ironiyasına baxın ki, atamın da ailəsi dağıldı və biz nənə yanında böyüdük. Həyat bumeranqdır axı... Sonralar o qız da ailə qurur. Oğlunun adını isə Elşən qoyur.
- Atanız sonra o qızla rastlaşır?
- Hə, bir dəfə görüşüblər. Uzun illərdən sonra bir dəfə atam bağda oturub yazı yazırmış. Görüb ki, qapı döyülür. Açanda qarşısında həmin qadını görür. Atam təəccüblənir. Amma qadın da atamın bağda olduğunu gözləmirmiş. O, atama deyib ki, "burda bir evə qonaq gəlmişdim. Ağlıma gəlməzdi ki, sənin evində kimsə yaşayır. Sadəcə, keçmişi yada salmaq üçün qapınızı döydüm."
- Nənənizin bu məsələdə peşmançılığınızı hiss etmişdiniz? Dilinə gətirmişdi bu barədə nəsə?
- Yox. O, hökmlü qadın idi. Bunun üçün də əsasları vardı. Gözəl və savadlı idi. Yaxşı da evdar idi.
Nənəmlə də heç vaxt belə söhbətlər etməmişik. Heç boynuna da götürməzdi. Amma bir dəfə atam möhkəm soyuqlamışdı. Yadıma gəlir ki, nənəm atama görə qorxmuşdu. İlk dəfə onda nənəm dilinə gətirdi ki, "onlar özləri ayrıldılar. Mən heç nə etmədim."
Bacım həmin qadını sonralar tapıb görüşmüşdü. Onlar həqiqətən də bir-birlərini çox seviblər. Atam anamı sevməyib. Anamın anası atamgilin bağının yaxınlığındakı bağçada işləyirmiş. Atam orda anamı görüb xoşuna gəlib, ailə qurublar.
- Dildar xanım, nənəniz nə qədər sizi əzizləsə də, yəqin ki, xüsusən də yeniyetməlik, gənclik illərində ananızı arzulayıb, onun xiffətini çəkmisiniz?
- Yox, nənəm bizə o qədər gözəl baxırdı, əyləndirirdi ki, biz darıxmırdıq. Ata qohumlarım da bizimlə həmişə çox mehriban davranırdılar. Nənəmin yaxın qohumu, rəhmətlik Hüseynağa Hadıyev, ondan sonra Seyfəddin Dağlının qızı Qəmərlə bizim uşaqlığımız, demək olar, bir yerdə keçib. Ona görə də anam heç yadımıza düşmürdü. Elə anamı tanıyandan sonra da bizdə ona qarşı ana məhəbbəti olmadı. Biz onu bacı kimi hiss edirdik.
Anam da atam kimi özünə qapanan adam idi. Hərdən uşaqlar mənə deyirlər ki, - sən get-gedə Ofa mamaya oxşayırsan. Anamın teatrda tamaşası, məşqi vardısa gedirdi. İşi bitən kimi evə qayıdardı. Evdə qəzet oxuyurdu, televizora baxırdı, yəni sakitcə istirahəti ilə məşğul olurdu. Mənim evimdə nə qədər qonaqlıqlar, məclislər keçirilib. Anam ya bir gün əvvəldən gəlib təbrik edərdi, ya da bir gün sonra. Heç kimin məclisində oturmazdı. Onunla bircə dəfə bir toyda birlikdə olmuşuq. Vəssalam.
- Atanızın son günlərini necə xatırlayırsınız?
- Atam iyirmi günün içərisində getdi. Qaraciyəri serroz idi. Amma nə biz, nə də özü bu barədə heç nə bilmirdik. Bir dəfə dedi ki, ayaqlarım ağrıyır. Elə o ağrı ilə də yatağa düşdü. Serrozun əlamətlərindən heç biri onda yox idi. Sakitcə uzanırdı, ağrısı da olmurdu. Bir gün işdən evə gələndə nənəm zəng vurdu ki, atanın halı dəyişib. Rəhmətlik yoldaşımı da götürüb atamgilə gəldim. Otağa girəndə gördüm ki, o, tavana baxır, heç bir hərəkət, tərpəniş yoxdur. Onda başa düşdüm ki, komaya düşüb. Təcili yardım çağırdım. Həkim gəlib venasına iynə vuranda da heç bir reaksiya vermədi. Eləcə, nəfəsi gedib-gəlirdi. Baxışları da bir nöqtəyə zillənmişdi. Səhər saat on birdən axşam səkkizə qədər onun yanında oturdum. Arada ona qaşıqla su, qarpız şirəsi içirtməyə çalışırdım. İnanırsan, qızım, axşama qədər o, eləcə bir nöqtəyə baxdı, baxdı, birdən qayıdıb dedi ki, "peşman olmuşam". Elə ondan sonra da vəziyyəti pisləşdi və dünyasını dəyişdi.
Nənəm də atam kimi sakitcə, rahat dünyasını dəyişdi. Onların ölümünü görəndən sonra mən o biri dünyaya, insan ruhlarının varlığına inandım. Çox cavan yaşımda belə acı təcrübələrim olub.
- Atanız rəhmətə gedəndə Ofeliya xanım gəlmişdi?
- Gəlmişdi. Nənəmə başsağlığı verməsini xatırlayıram. Nənəm rəhmətə gedəndə də gəlmişdi. Onun hönkürtü ilə ağlaması indi də yadımdadır.
- Ananızın ölümü barədə də müxtəlif şayiələr yayılmışdı... Ofeliya xanım nədən rəhmətə getdi?
- Qızım xaricdən gəlmişdi. Anam üçün saat və bəzi hədiyyələr almışdı. Şənbə günü anama zəng vurub ona dedim ki, birinci gün sizə gəlib, hədiyyələrini gətirəcəm. Birinci gün nə qədər zəng vurdum, nə mobil, nə də ev telefonuna cavab verən olmadı. Oğlumu yolladım. Məlum oldu ki, qapı ardından anamın iti hürür, amma qapını açan yoxdu. Oğlumla danışandan sonra özüm gəldim. Qonşunun eyvanına çıxıb anamın eyvanına boylandım. Anamın yataq otağının pəncərəsi onlardan görsənirdi. Diqqətlə baxanda bir əl gördüm. Əvvəl elə bildim səhv edirəm, nəsə gözümə görsənir. Ancaq diqqətlə baxanda gördüm ki, yox, əl anamın əlidir. Bir o yadımdadır ki, divara söykəndim. Və öz-özümə düşündüm ki, o, artıq ölüb (gözləri dolur. Söhbətə ara verməli oluruq).
Qapını sındırmalarına icazə vermədim. Qardaşım kranla üçüncü mərtəbəyə çıxıb evə girdi. Anam uzanıqlı vəziyyətdə keçinməmişdi. Elə oturulu, söykənmiş vəziyyətdə qalmışdı. Əli də yanına düşmüşdü. Anamın ürəyi xəstə idi.
Samirə, mən ailəmə görə o qədər zəhmətlər çəkmişəm, stress yaşamışam ki, bunların hamısını dilə gətirməkdə, ifadə eləməkdə çətinlik çəkirəm... Beş övladın içərisində ən cəfakeşi mən olmuşam.
- Onda ananız elə həmin günü rəhmətə gedib?
- Əlbəttə. Anam rəhmətə gedəndən sonra şayiə yaydılar ki, guya üç-dörd gün bağlı evdə qalıb, heç kimin onun ölümündən xəbəri olmayıb. Yalan söhbətdir. Hamısı boş-bekar adamların söz-söhbətidir. Şənbə günü onunla danışmışam, bazar günü isə qonşuları onu həyətdə itini gəzdirən görüblər. Birinci gün səhər vaxtı isə bu hadisə baş verib.
- Atanızın dostları çox idi?
- Atamın dostları çox idi. Yusif Vəliyev, Həşim Qadoyev, Salam Qədirzadə, Əli Kərim, Nəriman Həsənzadə, Qabillə dostluqlarını, onların bizə gəlişlərini xatırlayıram. Mən evimizdə Abbas Zamanovu, İsmayıl Şıxlını görmüşəm. Babam rəhmətə gedəndə onlar bir dəfə yox, dəfələrlə bizə gəliblər.
Babam Şəmsəddin bəy Mir Cəlalla, Mikayıl Müşfiqlə də çox yaxın dost olub. Hətta onlar birlikdə Puşkinin "Qaraçılar" əsərini tərcümə ediblər. O vaxt Müşfiq tutulanda onun on birinci "Çağlayan" adlı kitabı nəşriyyatda çapa hazırlanırmış. Babam onun tutulma xəbərini eşidəndə həmin kitabı ordan götürdür və iyirmi il özündə saxlayır. İyirmi ildən sonra kitabı üzə çıxarır. Babam Müşfiqin son kitabını it-bat olmaqdan xilas edir.
- Babanız, nənəniz Müşfiqlə bağlı xatirələrini danışırdılar?
- Nənəmin pianinosu indi mənim evimdədir. Nənəm deyirdi ki, Mikayıl Müşfiqin bacısı Balacaxanım onlara gələndə həmin pianoda tez-tez müxtəlif mahnılar ifa edirdi. Müşfiqin həyat yoldaşı Dilbər xanımın bizə gəlişini mən də xatırlayıram.
- Dildar xanım, aradan uzun illər keçib. Valideynlərinizin hər ikisi dünyadan köçüblər. Bu gün onları necə xatırlayırsınız?
- Mən həmişə Gündüz Abbasovun övladı olduğum üçün Allahıma şükür etmişəm. Onun bizim dünyagörüşümüzün formalaşmasında, mədəniyyətimizdə, yaşam tərzimizdə çox böyük rolu olub. Düzdür, bizə nə ana, nə də ata baxmayıb. Biz baba, nənə uşaqları olmuşuq. Bütün zəhmətimizi və qayğımızı onlar çəkiblər. Ancaq atamın bir kişi kimi, özü də tündxasiyyət kişi kimi tərbiyəmizin formalaşmasında böyük rolu olub. Onun kölgəsi həmişə bizim üzərimizdə olub. Anamız Ofeliya xanımı da, bayaq dediyim kimi, böyük bacı bilmişik. O, bacımı dünyaya gətirəndə on beş yaşında günahsız bir qız olub. O, həmişə deyərdi ki, "Gündüzlə mən bir-birimizə çox yaraşırdıq. Biz gözə gəldik". Nə deyim... Həyatları gətirməyib, taleləri alınmayıb. Biz onların hər ikisini həmişə ehtiramla xatırlayırıq.
Söhbətləşdi: Samirə Əşrəf, “Ədəbiyyat qəzeti”