Avropa Birliyi və Rusiya “odda yanmaz, suda batmaz” dollara qarşı

28-12-2018, 10:09           
Avropa Birliyi və Rusiya “odda yanmaz, suda batmaz” dollara qarşı
Ekspert: “Yaxın dövrdə dolların mövqeyinə ciddi təhlükə gözlənilən deyil”
Son aylarda dünya mətbuatında Avropa Birliyi ilə Rusiya arasında yaxınlaşmaların olmasına dair materiallar artmaqdadır. Bu materialların əksəriyyətində ABŞ prezidenti Donald Trampın yürütdüyü xarici siyasətin Avropa Birliyinin bir çox iqtisadi məsələlərdə Rusiya ilə mövqe yaxınlaşmasına getməsinə səbəb olacağı bildirilir. Hətta bir müddət öncə Macarıstanın xarici işlər naziri Peter Sayyarto ictimai çıxışlarının birində “Avropa İttifaqı Rusiya ilə sıx münasibəti dəstəkləyir, ancaq bunu gizlədir” fikrini səsləndirib.

Qeyd edək ki, Trampın Avropaya qarşı iqtisadi siyasəti Birlik daxilində ciddi narazılıqlara səbəb olmaqdadır. Bu narazılıqlar fonunda Rusiyanın Avropaya qarşılıqlı ticarətdə dollardan avroya keçmək təklifləri son vaxtlar xeyli müsbət reaksiyalar doğurmaqdadır. Təsadüfi deyil ki, iki həftə öncə Avropa İttifaqı Komissiyasının sədr müavini Valdis Dombrovskis qlobal ticarətdə avronun rolunu möhkəmləndirmək və maliyyə sistemi daxilində müxtəlifliyi artırmaq istədiklərini bildirib. O, beynəlxalq bazar iştirakçılarının bütün məhsullarda ticarət əməliyyatlarını avro ilə həyata keçirmələrini istəyib: “Avro beynəlxalq bazarlarda energetika, xam maddə, kənd təsərrüfatı məhsulları, təyyarə istehsalı kimi bəzi strateji sahələrdə daha mühüm rol oynaya bilər”.

Dombrovskis avronun daha güclü alternativ olması üçün Avropada iqtisadi və maddi birliyi gücləndirməyin, bank və sərmayə bazarları birliyini başa çatdırmağın vacib olduğunu vurğulayıb. Bu günlərdə isə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin RT telekanalına eksklüziv müsahibəsində deyib ki, Avropa Birliyi və Rusiya üçün dollar yad elementdir. Hər iki tərəf üçün ticarəti dollar müstəvisindən avro müstəvisinə keçirmək daha xeyirli olardı.

Rusiya iqtisadiyyatına görə sorumlu olan bu şəxs açıqlamasında bildirib ki, hazırda Avropa Birliyi ilə Rusiya arasında iqtisadi əlaqələr baxımından intibah dövrü yaşanır. Nazir açıq şəkildə bəyan edib ki, Rusiya avronun beynəlxalq arenada, xüsusən enerji sahəsində mövqeyinin möhkəmlənməsində maraqlıdır və buna dəstək verir.

Rusiyanın maliyyə naziri Siluanov isə bildirib ki, böyük şirkətlər dollardan imtina ilə bağlı planlar hazırlayıblar. Onun sözlərinə görə, keçid tədricən baş verəcək və şirkətlər ziyana düşməyəcəklər.

Xatırladaq ki, dünyanın karat baxımından ən böyük almaz istehsalçısı Rusiyanın “Alrosa” şirkəti yayda çinli müştəri ilə yuan, hindistanlı müştəri ilə isə dollar olmayan fərqli vlayuta üzərindən razılıq əldə etdiyini bildirib. “Surqutnefteqaz” enerji şirkəti, “Rusaqro” kənd təsərrüfatı şirkəti və “Norilsk Nikel” mədənçisi də bənzər tranzaksiyalar üzərində işləyir.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Avropa Birliyinin Rusiya ilə dollara qarşı birləşməsini real saymır: “Rusiya bir neçə ildir müxtəlif ölkələrlə qarşılıqlı ticarətdə dollardan imtinaya çalışır. Rusiya enerji ölkəsidir, öz enerji məhsullarını Avropaya avro ilə satmaq hədəfi var. Bu hədəfin reallaşmasında Rusiya ilə Avropanın müəyyən ortaq fikirləri ola bilər. Amma uzun müddətdir ki, müxtəlif ölkələr dolların dünya bazarında hökmranlığına qarşı addımlar atmağa çalışırlar. Bu gün hətta SWIFT-ə alternativ tapılması ilə əlaqədar Almaniya və Avropada müzakirələr aparılır. Almaniya kansleri belə bu müzakirələrə toxunub, iştirakçıları ehtiyatlı olmağa səsləyib. Yəni alternativlərin tapılması heç də asan məsələ deyil. Xüsusilə dollar kimi dünya tədavül vasitəsi olan valyutaya qarşı. Bu gün dünya yığımlarının 62 faizi dollarla, cəmi 25 faizi avro ilədir. Bu şəraitdə avro dollara hələ ki rəqib ola bilməz”.

Ekspert hesab edir ki, hətta Avropa Birliyi ilə Rusiya dollara qarşı fəaliyyətləri uzlaşdırmağa başlasalar belə, yaxın dövrdə məqsədlərinə nail olmaları mümkün deyil: “Yaxın dövrdə dollarla bağlı ciddi təhlükələrin yaranacağı gözlənilən deyil. Bunun bir səbəbi də onun arxasında dayanan ABŞ iqtisadiyyatının getdikcə daha da güclənməsidir. Digər tərəfdən, Beynəlxalq Enerji Akademiyasının hesablamalarına görə, 2025-ci ildə ABŞ Rusiya və Səudiyyə Ərəbistanının birgə hasilatı qədər neft istehsal etmək gücündə olacaq. Bu isə ABŞ-ın dünya enerji bazarına təsir edən dominant ölkə olacağı deməkdir. Bu da dolların dünya səviyyəsində möhkəmlənməsi üçün daha bir əlverişli zəmin deməkdir”.

Dünya SAKİT,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.