Eldar Namazov: “Xocalı ilə bağlı beynəlxalq tribunalın yaradılması əsas hədəflərimizdən olmalıdır”

28-02-2019, 08:20           
Eldar Namazov: “Xocalı ilə bağlı beynəlxalq tribunalın yaradılması əsas hədəflərimizdən olmalıdır”
“Soyqırımının tanıdılması prosesinə paralel digər konkret hədəfləri də müəyyənləşdirmək olar”
Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Azərbaycan paytaxtında keçirilən möhtəşəm anım yürüşü, həmçinin bölgələrimizdəki tədbirlərlə yanaşı, dünyanın bir sıra ölkələrində reallaşan aksiyaların çox mühüm əhəmiyyəti var. Bu, həm də dünyaya bir Qarabağ mesajı idi. Dünya bir daha gördü ki, Xocalı, Qarabağ məsələsində Azərbaycan xalqı bir nəfər kimi ayaqda ola bilir və onu hər hansı şəkildə təslimçiliyə vadar etmək mümkün deyil.

Ancaq hələ ki Xocalı soyqırımının günahkarları mühakimə edilərək cəzalandırılmayıb. Dünyadakı ikili standartlar və ədalətsiz yanaşmalar buna nail olmağa imkan vermir. Lakin istənilən halda, Azərbaycan dövləti və xalqı, diaspor təşkilatlarımız, diplomatik nümayəndəliklərimiz yorulmadan həqiqətlərimizin yayılması işini davam etdirsə, əsas hədəfə də nail olmaq mümkündür. Sevindirici hal budur ki, Xocalı soyqırımı ilə bağlı möhtəşəm tədbirlər təkcə qardaş Türkiyədə keçirilmir. Elə bu il Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Avropa İttifaqının siyasi mərkəzi - Belçika Krallığının Brüssel şəhərində azərbaycanlıların Qarabağ həqiqətləri və Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş izdihamlı mitinqi keçirildi. Mitinqdə Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak etdi. Təqdirolunandır ki, Qarabağ və Xocalı tədbirlərində Azərbaycan, Türk diasporu birgə addımlayır, həmçinin Güney Azərbaycandan olan soydaşlarımız bu aksiyalarda fəallığı ilə seçilirlər.

Dünyanın bir sıra aparıcı media orqanları da Azərbaycanda ölkəboyu keçirilən Xocalı aksiyalarını, həmçinin xaricdəki tədbirləri işıqlandırdılar. Bütün bunların fonunda ermənilərin susması diqqət çəkir. Çünki ermənilərin Xocalı ilə bağlı sözləri yoxdur, söhbət uşaq qatillərindən gedirsə, nə deyəcəklər?! Fakt budur ki, biz Xocalı soyqırımı ilə bağlı erməniləri əzə bilirik. Hətta Bakıya gələn ermənilər özləri belə Xocalı abidəsi qarşısında baş əyib Azərbaycan xalqından üzr istəyiblər. Ermənilər Xocalı məsələsində arqumentsizdirlər, informasiya savaşında silahsızdırlar! Məhz Xocalıdakı dinc insanlarımızın müsibətini dünyaya yaymaqla Ermənistanın Qarabağla bağlı iddialarının da əsassız olduğunu ortaya qoya bilərik.

Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında bu fikirləri bölüşdüyünü bildirdi: “Sözsüz ki, Xocalı soyqırımı ilə bağlı Azərbaycanın apardığı diplomatik və informasiya siyasəti artıq dünya ictimaiyyətinə də təsir etməyə başlayıb, biz bunun nəticələrini görürük. İldən-ilə Xocalı soyqımırını tanıyan ölkələrin sayı artır, beynəlxalq təşkilatlar bu haqda qərarlar qəbul edirlər, ABŞ-ın ayrı-ayrı ştatlarının senatları da bu barədə qətnamələr qəbul edir. Təbii ki, biz bu işi daha da gücləndirməliyik, ildən-ilə bu istiqamətdə fəaliyyətimizi artırmalıyıq”.

E.Namazov digər addımların atılmasını da ümumi işimiz üçün faydalı sayır: “Növbəti mərhələdə artıq bir neçə konkret hədəflər də məyyənləşdirmək lazımdır. Xocalı soyqırımının tanıdılmasını davam etdirmək şərtilə, bu proses çərçivəsində müəyyən konkret hədəfləri də müəyyənləşdirmək olar. Misal üçün, Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunalın yaradılması tələbi qoyula bilər. Belə beynəlxalq tribunallar BMT Təhlükəsizlik Şurasının qərarı əsasında yaradılır. Keçmiş Yuqoslaviya, Ruanda hadisələri üzrə belə tribunallar yaradılmışdı və bu soyqırımı törədən cinayətkarlar həmin tribunallara cəlb olunmuşdular. Beynəlxalq məhkəmə onların haqqında qərarlar qəbul etmişdi. Təbii ki, ilk addımdan BMT-nin Təhlükəsizlik Şurasında bu qərarı əldə etmək asan məsələ deyil. Nəzərə alsaq ki, orada veto hüququna malik olan, həmçinin ermənilərlə sıx münasibətlərdə olan ölkələr də var. Ancaq BMT-nin Baş Assambleyasında səs çoxluğu ilə qərarlar qəbul olunur və Assambleyada da Azərbaycanın nüfuzu kifayət qədər böyükdür. Ona görə ki, Azərbaycan həm Qoşulmayanlar Hərəkatının üzvüdür və həmin beynəlxalq təşkilatın növbəti sammiti məhz Azərbaycanda keçiriləcək, Azərbaycan bir müddət bu quruma sədrlik edəcək. Eyni zamanda Azərbaycan İslam Əməkdaşlıq Konfransı Təşkilatının üzvüdür. Yəni BMT Baş Assambleyasında tövsiyə xarakterli belə bir qərarın qəbulu çox vacibdir. Çünki Baş Assambleya BMT Təhlükəsizlik Şurasına Xocalı soyqırımı ilə bağlı müəyyən bir tövsiyə verə bilərdi. Bu da bizim bu ədalətli işimizdə çox mühüm bir mərhələ olardı”.

E.Namazov digər məsələyə də diqqət çəkdi: “Təbii ki, Rusiya kimi böyük bir ölkədə biz konkret nəticələri nəzərdə tutub Xocalı soyqırımına münasibəti formalaşdırmağa çalışmalıyıq. Söhbət ondan gedir ki, vaxtilə Rusiya Dövlət Duması qondarma erməni soyqırımı ilə bağlı bəyanat qəbul etmişdi. Sözsüz ki, biz də çalışmalıyıq ki, bu, qondarma, heç bir tarixi faktlara əsaslanmayan hadisələrə münasibət bildiriblərsə, real, bütün dünyanın gözünün qarşısında baş verən Xocalı soyqırımına da Rusiyanın Dövlət Duması səviyyəsində münasibət bildirilməsinə nail olmalıyıq. Həmçinin ABŞ prezidentinin də hər il Xocalı soyqırımı günündə bu haqda bir açıqlama verməsini qarşımıza məqsəd kimi qoymalıyıq. Bir sıra digər buna bənzər hədəfləri müəyyənləşdirmək olar. Bizim ümumi işimizi həm dövlət səviyyəsində, həm ictimai qurumlar, həm də media səviyyəsində ardıcıl olaraq aparmalıyıq”.

Təşkilat rəhbəri Xocalı ilə bağlı Bakıda keçirilən yürüşün kifayət qədər effektli aksiya olduğunu təsdiqlədi: “Mən görürəm ki, aparılan işlərin artıq müəyyən qədər effekti var. Sadəcə, biz ardıcıl şəkildə bu işləri daha da gücləndirməliyik. Mən sadaladığım və digər vacib hədəfləri də müəyyənləşdirmək olar. Biz addım-addım bu işləri ildən-ilə daha da gücləndirməliyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.