“Heydər Əliyev və Petrosyan anlaşmışdı” – Paşinyanın sensasion Qarabağ planı/Şərh

13-03-2019, 09:09           
“Heydər Əliyev və Petrosyan anlaşmışdı” – Paşinyanın sensasion Qarabağ planı/Şərh
“Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın formatı ilə bağlı fərdi mövqeyinə bu ölkədəki ictimai-siyasi vəziyyətin reallıqları kontekstindən yanaşmaq lazımdır. Paşinyan inqilabla hakimiyyətə gəlsə də, parlament seçkilərində qələbə qazansa da, hazırda prezident kürsüsündə əyləşən Armen Sərkisyan keçmiş prezident Serj Sərkisyana bağlı adamdır. Buna görə də Paşinyanın əsas hədəflərindən biri kulislərdə “baba” deyə müraciət etdiyi, keçmiş prezident Levon Ter-Petrosyanı prezident kürsüsünə əyləşdirməkdir. Bir sıra ekspertlər də Petrosyanın Paşinyanın xarici siyasət üzrə müşaviri kimi çıxış etdiyini bildirirlər”.

Bu sözləri Teleqraf.com-a politoloq Elşən Manafov deyib.

Ekspertin fikrincə, erməni baş nazir vaxtilə Petrosyan və Azərbaycanın mərhum prezidenti Heydər Əliyev arasında razılaşdırılmış formulun geri qaytarılmasının əleyhinə deyil:

“O, sadəcə Petrosyandan fərqli olaraq, bunu açıq formada deyə bilmir. Bu mənada Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı verdiyi ziddiyyətli açıqlamalar onun manevr etmək istəyindən irəli gəlir. O, bunu danışıqlar xatirinə danışıqlar üçün də etmir. Çünki Serj Sərkisyandan fərqli olaraq, Nikol Paşinyan hakimiyyətə Qarabağ davası üzərindən gəlməyib. Paşinyanı hakimiyyətə gətirən əsas səbəblər Ermənistandakı korrupsiya, əhalinin sosial-iqtisadi problemlərinin artması və Qərbin gözləntiləri ilə bağlıdır. İndi Qərbin Paşinyandan əsas gözləntisi budur ki, Rusiyanın münaqişəyə təsir imkanlarını heçə endirsin və tədricən Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarsın.



Buna görə də Paşinyan bəzi hallarda ehtiyatlı və bəzi hallarda isə ziddiyyətli fikirlər səsləndirir. Yəni, onun bu açıqlamalarının arxasında Petrosyanla bağlı planı durur. O, perspektivdə Qarabağ məsələsinin məsuliyyətini Petrosyanla bölüşdürmək istəyir”.

Elşən Manafov xatırladıb ki, vaxtilə Heydər Əliyev Petrosyanla bu məsələnin həll edilməsi ilə bağlı müəyyən razılığa gəlmişdi:

“Bu anlaşma da Qarabağa müstəqilliyin verilməsini yox, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyətin verilməsini ehtiva edirdi. Bu model Azərbaycanın maraqlarına cavab verirdi. Həmin vaxt Rusiyanın müdaxilə edərək, Petrosyanı hakimiyyətdən uzaqlaşdırması onu göstərirdi ki, Moskva bölgəyə təsir imkanı kimi gördüyü bu məsələnin həllini istəmir. İndi də mövcud status-kvonu qorumaqla, bölgəyə təsir imkanlarını əlində saxlamağa çalışır. Çünki artıq Rusiyanın Gürcüstandakı nüfuz dairəsi əvvəlki səviyyədə deyil. Bu baxımdan da hesab etmək olar ki, Paşinyanın Qarabağla bağlı verdiyi ziddiyyətli açıqlamalar Rusiya amilindən irəli gəlir.

Eyni zamanda Paşinyanın son mövqeyi Qərbin maliyyə institutlarının Ermənistana vəd etdiyi kreditlərlə bağlıdır. Əlbəttə, Paşinyan birmənalı açıqlamalar versə, bu kreditləri verməyə bilərlər. Məlumdur ki, Ermənistandakı “məxməri inqilab”ı Qərbin maliyyə institutları, yaxud Soros Fondu həyata keçirmişdi. Bu mənada Qərb Paşinyanla bağlı layihəsindən imtina etməyəcək və ondan növbəti addımları atmasını gözləyir. Məlumdur ki, ABŞ prezidentinin müşaviri Con Bolton da İrəvanda olarkən, Paşinyana Azərbaycanla razılığa gəlmək üçün öz tövsiyələrini vermişdi. Başqa sözlə, Paşinyanın Qarabağla bağlı ziddiyyətli açıqlamaları Petrosyanı özünün xarici siyasət müşaviri, yaxud prezident postuna gətirmək və Rusiyanın təsir dairəsini azaltmaq istəyindən irəli gəlir”.

Müəllif: Mənsur Rəğbətoğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.