“Hərəkatın idarə heyəti ona çox sərt cavab verə bilər” - İsgəndər Həmidov

13-03-2019, 09:13           
“Hərəkatın idarə heyəti ona çox sərt cavab verə bilər” - İsgəndər Həmidov
Musavat.com xəbər verir ki, yenicə yaranan və getdikcə populyarlaşan Azərbaycan Xalq Hərəkatı (AXH) ilə AXCP arasında birləşmək istiqamətində danışıqlar başlayıb. Saytın əldə etdiyi məlumata görə, bu danışıqlarda AXH-ni İdarə Heyətinin üzvü Mətləb Mütəllimli təmsil edir.
Danışıqlarda vasitəçi kimi AXH idarə heyətinin digər üzvü Nemət Pənahlının da adı çəkilir.

Lakin məsələnin maraqlı tərəfi budur ki, bu danışıqlar AXH rəhbərliyindən xəbərsiz aparılır. Bunca mühüm bir proses barədə AXH İH-in 11 martda keçirilən iclasında bir kəlmə də danışılmayıb. Hətta bəzi iddialara görə, bu danışıqlar prosesi AXH-ni populyarlaşdıran, hərəkatın yaradılmasının təşəbbüskarı olan İsgəndər Həmidovdan da gizlədilir.

Musavat.com-un əldə etdiyi məlumata görə, birləşmə danışıqlarında AXCP sədri Əli Kərimli ön şərtlərini açıqlayıb. Bu şərtlərə görə, Qurban Məmmədov AXH-dən və bütün proseslərdən uzaqlaşdırılmalıdır. Hətta iddia olunur ki, danışıqlarda İsgəndər Həmidovsuz birləşmənin daha ideal olacağı vurğulanıb.

Səslənən bu iddialarla bağlı yazıda adı keçən şəxslərin mövqelərini aldıq.

İsgəndər Həmidov: “Hərəkatın idarə heyəti ona çox sərt cavab verə bilər”

İ.Həmidov məlumatın doğru olduğu sübut olunarsa, bu məsələnin hərəkatın idarə heyətinin iclasında müzakirə olunacağını bildirdi: “Mətləb bəy Əli bəylə görüşüb, söhbət ediblər. Amma birləşmə istiqamətində heç bir müzakirə aparılmayıb. Sadəcə olaraq, bir-birini tənqid etməmək, bir-birinin əleyhinə danışmamaq barədə söhbətləri olub. Mətləb bəy görüşə getməmişdən əvvəl məlumat vermişdi. Nemət Pənahlı vasitəsilə Əli bəylə görüşüb. Nemət bəylə də Əli bəy qonşudurlar. Kim hərəkata gəlsə, biz ona yox demərik. Qarşımıza qoyduğumuz hədəfə görə Müsavat, AXCP ilə isti münasibətlər qurmağımız bizim üçün vacibdir. Biz istəyirik ki, ən azından bir-birimizi tənqid etməyək. Qurban Məmmədov məsələsinə gəlincə, o, Azərbaycan Xalq Hərəkatının yaradıcılarından biridir, hərəkatın da idarə heyətinin üzvüdür. Heç kəs onun haqqında danışa bilməz, danışmağa da ixtiyarı yoxdur. Əgər siz dediyiniz iddialar doğru olarsa, Azərbaycan Xalq Hərəkatının İdarə Heyəti ona çox sərt cavab verə bilər. Amma hazırda belə bir məsələ yoxdur. Mətləb bəy qollarını çırmalayıb, səhərdən-axşama qədər çalışır. Həmçinin Nemət bəy də belədir. İnanmıram ki, bu iki şəxsdən hansısa AXH-ni başqa quruma dəyişər. Hərəkat öz işini görməkdə davam edir. Mənimlə bərabər idarə heyətinin bütün üzvləri səylə çalışıblar, bu şəkildə də davam edirlər. Görülən işləri tək mənim adıma çıxmaq doğru olmazdı. Əməyi keçən hər bir insana minnətdaram”.

Nemət Pənahlı: “Görüşü şişirtməyin bir anlamı yoxdur”

N.Pənahlı AXCP sədri ilə görüşdə şəxsinin də iştirak etdiyini açıqladı: “Mətləb bəy mənə dedi ki, Əli bəylə görüşmək istəyirəm. Mən də bunu qonşum olan Əli bəyə çatdırdım. Əli bəy də onunla görüşdü, üçlükdə söhbət etdik. Deyilənlərin heç bir əsası yoxdur. Ümumi şəkildə müzakirələr aparılıb və bildirilib ki, bugünkü qarışıqlı ittihamlar ümumi işin zərərinədir. Xalq Hərəkatı ilə AXCP-nin birləşməsi istiqamətində deyilənlər həqiqətdən uzaqdır. Mətləb bəy öz təşəbbüsü ilə Əli bəylə görüşüb. Orada da bir-birimizə sayğı göstərməyimiz, ümumi əməkdaşlıq etməyimiz müzakirə olunub. Bu görüşü şişirtməyin bir anlamı yoxdur. Mətləb bəy Əli bəylə hansı separat danışıq apara bilər ki? İki insanın, siyasətçinin bir-biri ilə görüşməsi separatçılıqdır?”

Mətləb Mütəllimli: “Hərəkatın adından danışmamışam”

M.Mütəllimli AXCP sədri ilə görüşün detallarından söz açdı: “Bu iddiaların heç bir əsası yoxdur. Sadəcə, istiqlalçı millət vəkilləri kimi Əli bəylə görüşmüşük. İlk dəfə deyil ki, Əli bəylə görüşürəm. Onunla fikir mübadiləsi aparmağımız normaldır. Hərəkatla AXCP-nin birləşməsi barədə qətiyyən söhbət olmayıb. Sadəcə, biz belə müzakirə aparmışıq ki, müxalifət düşərgəsindəki qarşılıqlı ittihamlar xalqın mənafeyinə uyğun deyil. Əli bəy hərəkat barədə fikirlərini dedi. Mən də Milli Şura və AXCP barədə fikirlərimi bölüşdüm. Bildiyiniz kimi, bir müddət öncə dəyirmi masa təşkil olunmuşdu və orada 20-yə yaxın partiya iştirak etmişdi. Bu istiqamətdə müzakirə apardıq ki, AXCP-yə nə mane olur ki, bu cür danışıqlarda, toplantılarda iştirak etmir. Görüşdə 4 əsas prinsip var idi. Bunlar insanların hüquqlarının qorunmasında, maariflənməsində yaxından iştirak, yəni əməkdaşlıq etmək öhdəliyi götürmək, hakimiyyət tərəfindən qanunsuzluqlar olanda buna qarşı birgə mübarizə aparmaq, Qarabağ məsələsinin həllində hamımız prinsipial mövqedən iştirak edirik, qarşılıqlı ittihamları aradan qaldırırıq kimi prinsiplər idi. Bu istiqamətlərdə Əli bəylə söhbət etdik. Orada mən hərəkatın adından danışmamışam. Burada heç bir separat danışıqlardan söhbət gedə bilməz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.