Qara dəniz savaşı güclənir: NATO-nun hədəfi... – Şərh

6-04-2019, 08:06           
Qara dəniz savaşı güclənir: NATO-nun hədəfi... – Şərh
Qara dənizə daxil olan NATO gəmilərinin sayı artırılacaq. Məsələn, 2018-ci ildə NATO gəmilərinin Qara dənizdə qalma müddəti ilin üçdə birini əhatə edib. Bu müddət 2019-cu ildə daha çox olacaq. Ukrayna və Gürcüstanla birlikdə keçirilən təlimlərin intensivliyi də artacaq. Bu ölklərin dənizdən müdafiəsinə əlavə diqqət yetiriləcək, onlara yeni silahlar veriləcək.

Bu sözləri Axar.az-a NATO-nun Qara dənizdə hərbi fəaliyyətini artırmasına münasibət bildirən politoloq Şahin Cəfərli deyib. O bildirib ki, Rusiya 2014-cü ildə Ukrayna torpağı Krımı işğal edərək Qara dənizdə mövqelərini gücləndirdikdən sonra NATO öz siyasətinə yenidən baxdı və dəyişən vəziyyətə uyğun strategiyalar hazırlamağa başladı:

“2016-cı ildə keçirilən Varşava zirvəsində Rusiyanın artan təsirinin neytrallaşdırılması məqsədilə NATO-nun yeni Qara dəniz strategiyası qəbul olundu. Rumıniyada NATO-nun çevik reaksiya qüvvələrinin - çoxmillətli briqadanın yerləşdirilməsi, dənizdə aktivliyin artırılması qərara alındı. O vaxtdan bəri Qara dənizdə NATO gəmilərinin fəallığı nəzərə çarpır. Montrö Konvensiyasına görə, Qara dəniz sahilində yerləşməyən ölkələrin gəmiləri dənizdə 21 gündən çox qala bilməz. Bu səbəblə, ABŞ və NATO-nun digər aparıcı üzvlərinin (Britaniya, Fransa, Almaniya, Niderland, Kanada) gəmiləri bir-birini əvəz edərək ardıcıl şəkildə Qara dənizdə üzməyə başlayıblar”.

Politoloq qeyd edib ki, 2018-ci il noyabrın sonunda Kerç boğazında Rusiya gəmilərinin Ukrayna katerlərinə hücumu və ukraynalı dənizçiləri həbs etməsindən sonra buna qarşı yeni tədbirlər görülməsi ehtiyacı ortaya çıxdı:

“NATO üzvü ölkələrin xarici işlər nazirlərinin ötən günlərdə Vaşinqtonda keçirilmiş toplantısında bu məsələ müzakirə olundu və qərara alındı ki, Ukrayna və Gürcüstanı da cəlb etməklə, Qara dənizdə fəaliyyət gücləndirilsin”.

Politoloq vurğulayıb ki, Ankara ilə Vaşinqton arasında müəyyən gərginlik və anlaşılmazlıq hökm sürsə də, Türkiyə NATO-nun üzvü kimi ittifaqın fəaliyyətlərində iştirak edir:

“Məsələn, hazırda NATO-nun 2-ci daimi dəniz qruplaşması Qara dənizdədir və bu qruplaşmanın tərkibində Türkiyə freqatı da var. Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO daxilindəki öhdəliklərə əməl etməyə davam edəcəklərini bir daha diqqətə çatdırdı. Trabzonda yeni hərbi dəniz bazasının yaradılması niyyətinə gəldikdə isə bu da əslində Rusiyanın Qara dənizdə artan təsirinə qarşı atılan addımlardan biridir. Türkiyə Qara dəniz ölkəsi olaraq bu hövzədə mövqelərinin zəifləməsini istəmir və buna qarşı həm təkbaşına, həm də NATO çərçivəsində tədbirlər görür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.