Xəyanət – Spartadan Romaya, Çindən Osmanlıya, ABŞ-dan SSRİ-yə uzanan yol...

10-04-2019, 12:22           
Xəyanət – Spartadan Romaya, Çindən Osmanlıya, ABŞ-dan SSRİ-yə uzanan yol...
Son günlər sosial şəbəkələrdə, habelə bəzi media orqanlarında Azərbaycan ordusunda müəyyən xəyanətkar şəxslərin fəaliyyəti, onların de-şifrə edilərək həbs edilməsi, həmçinin, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək həbs edilən bəzi şəxslərin hüquq-mühafizə orqanlarının dindirilmə zamanı guya ağır işgəncələrə məruz qalması, öldürülməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Bu məlumatlar fonunda ordu və onun daxilində baş verən proseslərin bəzi qüvvələr tərəfindən siyasiləşdirilməsi, məqsədli şəkildə təhrif edilməsi və yanlış istiqamətə yönləndirilməsi müşahidə olunur ki, bu da təəssüf və qəzəb doğurur.
Azərbaycan ordusu, bu orduda xəyanətkarların mövcudluğu, onlara qarşı qeyri-insani davranışlar və s. ilə bağlı deyilənlərə aydınlıq gətirmək üçün bəzi məqamlara diqqət yetirməyə ehtiyac var.

Xəyanət – Spartadan Romaya, Çindən Osmanlıya, ABŞ-dan SSRİ-yə uzanan yol...

Hər şeydən öncə qeyd edək ki, dünya hərb tarixində xəyanətdən sığortalanan, bununla üzləşməyən heç bir ordu, heç bir dövlət olmayıb və bu gün də mövcud deyil. Xatırladaq ki,antik dünyanın ən qüdrətli ordularından biri olan yunan ordusu e.ə.480-ci ildə İran imperatoru I Daranın hücumu zamanı xəyanətə məruz qalmış, xainlərin köməyi ilə Fermopil keçidindən xəbədar olan nəhəng İran ordusu bütün yunan ordusunun mühasirəyə alaraq məhv etmək təhlükəsi yaratmışdı. Nəticədə yunan ordusunu xilas etmək üçün 300 nəfərlik Sparta ordusu Leonidin rəhbərliyi altında düşmənə qəhrəmancasına müqavimət göstərmiş və son nəfərinə qədər həlak olmuşdur. Spartalıların bütün fədakarlığına baxmayaraq İran ordusu Orta Yunanıstanı, eləcə də Afinanı tutmuş, yunan şəhərlərində böyük dağıntılar törətmişdir.

Qədim dövrün ən qüdrətli ordularından olan Roma ordusunun da dəfələrlə xəyanətə uğraması, bunun nəticəsində məğlub olması ilə bağlı faktlar mövcuddur. Tarixən dəfələrlə yaşanan Çin-Yaponiya müharibələrində canlı resurs imkanlarının böyüklüyünə baxmayaraq Çinin ardıcıl məğlub olmasında, Osmanlı imperiyasının bir sıra döyüşlərdə yenilməsində xəyanət faktorunun qəti və birmənalı rolu olub. Dünyanın bir nömrəli super gücü hesab olunan ABŞ-da az qala hər il bir neçə hərbçi Amerikanın xüsusi xidmət orqanlarının apardığı “xain testi”nin nəticəsinə uyğun olaraq həbs edilir. Faşist Almaniyasının hücumuna məruz qalan SSRİ-də II Dünya Müharibəsinin başa çatmasından sonra da dünyanın müxtəlif ölkələrində gizlənən
onlarla vətən xaininin tapılaraq öldürülməsi ilə bağlı saysız-hesabsız əməliyyatlar icra edilib.
Məlum faktlar xəyanətin bütün ordu və dövlətlərə yol tapan arzuedilməz bir gerçək olduğunu sübut edir.
Qarabağın itirilməsində də xəyanət amilinin əsas rol oynadığı, müharibədə prinsipial əhəmiyyət kəsb edən bir sıra döyüşlərin, eləcə də məşhur Daşaltı əməliyyatının məhz xəyanət nəticəsində ordumuzun məğlubiyyəti ilə nəticələndiyi yaxın tariximizin acı həqiqətlərindəndir.

Orduda hansısa nöqsan var? -Nə ictimaiyyiləşdirin, nə də susun: Belə edin!

Azərbaycan ordusunda xəyanətkarların olub-olmaması ilə bağlı məsələyə gəlincə, əslində 2017-ci ilin mayında ökəmizin güc orqanlarının həyata keçirdiyi irimiqyaslı əməliyyatlar, Baş Prokurorluq, Müdafiə Nazirliyi, və Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi bəyanatlar ordumuzda bu cür arzuedilməz şəxslərin mövcudluğuna verilən rəsmi cavab hesab edilə bilər. Bundan başqa, müdafiə naziri Zakir Həsənovun mediaya açıqlamasında 2016-cı ilin aprel döyüşlərində xəyanətkarlar istisna olmaqla, bütün əsgər və zabitlərin döyüşə qalxması ilə bağlı verdiyi açıqlama da ordumuzda bu cür şəxslərin mövcud olmasının isbatıdır. Başqa sözlə desək, rəsmi qurumların həyata keçirdiyi əməliyyatları, habelə rəsmi şəxslərin verdiyi bu kimi açıqlamaları əslində “Azərbaycan ordusunda xəyanətkarlar olubmu” sualına verilən rəsmi cavab hesab etmək olar.

Bu əməliyyat və hadisələrlə bağlı rəsmi qurumlar tərəfindən verilən açıqlamlar ictimai məlumatlandırmaq, insanların informasiya almaq hüququnun təmininə yönəlmiş addımlardır. Lakin bu məlumatları təhrif etmək, uydurma informasiyalar üzərindən yola çıxaraq ordu haqqında böhtanlar səsləndirmək, müstəqilliyimizin, ərazi bütövlüyümüzün təminatçısı olan ordunun vətənə sadiqliyini şübhə altına almaq, bu böhtanları sosial şəbəkələr vasitəsi ilə ictimaiyyiləşdirmək yolverilməzdir. Heç bir azərbaycanlı unutmamalıdır ki, Azərbaycan ordusunun gözdən salınmasına hesablanan hər bir informasiya onun hər bir fərdini gözdən salır. Bu məlumatlar heç kimə, eləcə də onu yayanlara hörmət gətirmir. Odur ki, ordu haqqında istənilən informasiyaya diqqətlə yanaşmaq, onun məsuliyyətini başa düşmək lazımdır. Əgər hər hansı bir şəxsin əlində ordudakı hansısa problemlə bağlı müəyən fakt varsa, şübhəsiz ki,bu fakta biganə münasibət göstərməməli, bu barədə Müdafiə Nazirliyinə məlumat verməlidir. Vətəndaş mövqeyimiz bizdən məhz bunu tələb edir.

Azərbaycan ordusunun özünütəsdiq əməliyyatı, yaxud “Telluqov nəzəriyyəsi”

Azərbaycan ordusundakı xəyanətkarların aşkar edilməsində 2016-cı ilin aprel döyüşlərinin mühüm rol oynadığı şübhəsizdir. Məhz bu döyüşlər zamanı canını vətənə fəda edən hərbçilərimizlə yanaşı, düşmən maraqlarına xidmət edən xəyanətkarların da aşkarlanmasına nail olundu. Bu baxımdan aprel döyüşü həm də ordu içərisində daxili təmizlənməyə rəvac verən bir olay kimi də dəyərləndirilə bilər.
Bütövlükdə isə aprel döyüşləri Azərbaycan ordusunda yüksək döyüş hazırlığı, ciddi nizam-intizam və disiplinin mövcudluğunu ortaya qoydu. Ordumuzun əldə etdiyi uğurlar məşhur rus yazıçısı Viktor Telluqovun “əsgərin əhvalı-cəbhədə hər şeydir!” prinsipinin doğruluğunu bir daha təsdiqlədi.

Bu döyüşlər əsgər-zabit münasibətlərində də müsbət mənada ciddi dönüş olduğunu sübut etdi.
Zabitlərin hücum əməliyyatlının əsas yükünü öz üzərinə götürməsi, bu sahədə böyük təcrübəsi olan kadrlar kimi əsgərlərdən öndə vuruşması, onların həyat və təhlükəsizliyinə öz həyatlarından daha böyük önəm verməsi zabit kontingentinə olan sevgi və ehtiramı bir qədər də artırmış oldu.
Aprel əməliyyatları zamanı öz igidliyi ilə əsgərlərə örnək olan xüsusi təyinatlı qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə mayor Samit İmanovun, “Lələ təpə” yüksəkliyinin alınmasında böyük fədakarlıqlar göstərən polkovnik-leytennat Şükür Həmidovun qəhrəmanlıqları yüksək qiymətləndirilmiş, onların hər üçü Milli Qəhrəman adına layiq görülmüşdür. Dörüş meydanında qəhrəmancasına həlak olan Murad Mirzəyev və Samit İmanovun təltifləri onların ailə üzvlərinə, Şükür Həmidovun təltifi isə ali baş komandan İlham Əliyev tərəfindən şəxsən onun özünə təqdim edilmişdir.

Bir-iki xəyanətkarın mövcudluğu ordumuzun zəifliyidirmi?-Heydər Əliyevdən tarixi müqayisə

Məlum olduğu kimi, Azərbaycan ordusunda xəyanətkarlarln mövcudluğu, onların əlaqədar qurumların səyi nəticəsində de-şifrə edilərək həbs edilməsi bəzi qüvvələr tərəfindən məqsədli şəkildə ordumuzun zəifliyi, onun daxilində nizam-intizamın, ideoloji işin zəif olması, habelə orduya nəzarətin lazımi səviyyədə olmaması kimi şərh edilməkdədir. Ordu daxilindəki ən xırda nöqsanı belə Misir piramidası səviyyəsində böyütmək, bunu ordunun, Azərbaycan Silahlı Qüvvələrinin faciəsi kimi təqdim etmək təbii ki, milli maraqlara zidd olmaqla yanaşı, ordumuzun nüfuzuna da zərbə vurmaq, onun icimicinə ləkə salmaqdan başqa bir şey deyil.
Azərbaycan ordusunda hansısa xəyanətkarın mövcudluğu şübhəsiz ki, ordumuzun zəifliyi kimi qiymətləndirilə bilməz və qiymətləndirilməməlidir. Çünki bu, bütün dünya ordularına xas olan, zaman-zaman, müxtəlif stuasiyalarda özünü büruzə verən bir gerçəkdir.


Bundan başqa, ordu daim inkişafda olan, yenilənən, tərəqqi edən bir qurum olduğundan burada müsbət nəticələr, müsbət meyillərlə yanaşı, hansısa mənfi nüansların da özünü büruzə verməsi mümkündür. Azərbaycan respublikasının mərhum prezidenti, ulu öndər Heydər Əliyev orduda nöqsan və problemlərin də mövcudluğunu istisna etmirdi. Heydər Əliyev ordunu bina ilə müqayisə edərək deyridi ki, ordu bina deyil ki, onu tikib təhvil verəsən və deyəsən ki, daha iş bitdi. Ordunun inkişafda olan canlı orqanizm kimi xarakterizə edən H.Əliyev bu inkiaşf yolunda müəyyən problemlərin də mövcud ola biləcəyini vurğulayır, bunu təbii hesab edirdi.
H.Əliyevin məlum yanaşması da göstərir ki, tərəqqi və inkişaf yolunu tutan bütün qurumlar kimi oduda da problemlərin olması mümkündür. Önəmli olan bu problemləri vaxtında aşkar etmək, onların həlli istiqamətində konkret addımlar atmaq, problemin nəticələri ilə yanaşı onu yaradan səbəbləri da aradan qaldırmaqdır. Hansı ki, istər ölkəmizin ali baş komandanının, istər müdafiə nazirinin, istər Hərbi Prokurorluğun, istərsə də digər əlaqədar şəxs və qurumların bu yöndə böyük işlə gördüyü, mühüm nəticələr əldə etdiyi göz önündədir.

Güzgünü həqiqəti əks etdirdiyi üçün sındırmaq? Bu ki, absurddur...

Saxlanılan şəxslərin guya ağır işgəncələrə məruz qalması, onlara qarşı xüsusi qəddarlığın səgilənməsi ilə bağlı səslənən yalanların digər bir fəsadı isə bu cür məlumatların Hərbi Prokurorluğun fəaliyyətinə kölgə salması, bu qurumun nüfuzuna xələl gətirməsi ilə bağlıdır. Hansı ki, hər zaman obyektiv fəaliyyəti ilə diqqət çəkən Hərbi Prokurorluqda insan hüquqlarına ciddi əməl edildiyi, etdiyi əməlin ağırlığından asılı olmayaraq hər kəslə qanunla müəyyən edilmiş hüquqlar çərçivəsində davranıldığı hər kəsə bəlli olan həqiqətlərdəndir.


Bundan başqa, unutmaq olmaz ki, respublikamızdakı bütün güc orqanlarının, o cümlədən də Hərbi Prokurorluğun məqsədi kimlərisə təzyiqə məruz qoymaq deyil, həqiqəti üzə çıxarmaq, müqəssirlərin ədalətli şəkildə cəzalanmasını təmin etməkdir. Əgər Hərbi Prokurorluğun apardığı istintaq işi kimlərinsə günahını ortaya çıxarır, kimlərinsə cinayətinin üstünü açırsa, buna görə adıçəkilən qurumu ittiham etmək gülüncdür. Əks təqdirdə bu, aynaya baxan və özünü bu aynada əyri görən şəxsin aynanı sındırmağa cəhd etməsinə bənzər.

Odur ki, Hərbi Prokurorluqla bağlı məsuliyyətsiz ittihamlar irəli sürməmişdən öncə bu adi, elementar həqiqətləri yada salmaqda, hadisə və proseslərə vicdan və qanunun prizmasından yanaşmaqda fayda var. Bunu da unutmayaq ki, bu gün səsləndirdiyimiz hər bir əsassız fikrin, məsuliyyətsiz bəyanatın sabah bizim əleyhimizə işləməsi ehtimalı böyükdür və qanun buna görə məsuliyyət müəyyən edir.

Onları bağışlamaq olarmı?

Məlum hadisələr fonunda diqqət çəkən təəssüfedici məqamlardan biri də bu hadisələrlə bağlı süni ajiotajın yaradılması ilə bağlıdır. Belə ki, özünü demokrat, vətənsevər hesab edən bəzi şəxslər həbs edilən hərbçilərin istintaqının aşıq şəkildə aparılması, bu barədə cəmiyyətə mütəmadi şəkildə informasiyanın verilməsini tələb edir. Hansı ki, bu günə qədər yayılan informasiyalar göstərdi ki, baş verən olayların ictimaiyyiləşməsi istər cəmiyyət, istər saxlanılan şəxslərin yaxınları, istərsə də xəyanətin qurbanları baxımından arzuedilən deyil. Bu baxımdan jurnalist Mirşahin Ağayevin məsələyə yanaşma tərzi təqdirəlayiqdir. Xatırladaq ki, M.Ağayev məlum olaylarla bağlı şərhində saxlanılan şəxslərin ailələrinin vəziyyətini başa düşdüyünü, lakin onların da baş verənlərin miqyas və ciddiyyətini nəzərə almalı olduğunu vurğulayıb.
Bundan başqa, ordunun qapalı qurum olmasını nəzərə alsaq, saxlanılan hərbçilərlə bağlı istintaqın da qapalı şəkildə aparılmasının tamamilə məntiqli olduğunu anlamaq olar.
Sözügedən işdə digər bir məqam isə bəzi valideynlərin övladlarının bağışlanması arzusunu dilə gətirməsi, bu məsələdə əlaqədar qurumlardan, ölkə başçısından mərhəmət gözləməsidir. Şübhəsiz, övladı məhbəsdə olan istənilən valideynin belə bir arzu ilə çıxış etməsi anlaşılandır. Bu istəyə bəraət qazandırmaq mümkün olmasa da, onu başa düşmək olar. Lakin bir şeyi də unutmaq olmaz ki, vətən sevgisi və marağı bütün sevgi və maraqların fövqündədir.
Biz səbəbindən asılı olmayaraq vətənin düşmənləri ilə əməkdaşlıq edən insanların doğmalarının faciəsini bir insan olaraq anlaya, bu faciənin böyüklüyü qəlbimizin dəriliyində hiss edə bilərik. Fəqət bizim bu ağrı və faciəni rəhbər tutaraq vətənin maraqlarını qurban verməyə haqqımız yoxdur. Biz bu xəyanətlər nəticəsində həyatını itirən, arzu və ümidlərinin üstündən xətt çəkən günahsız insanların faciəsinə kor ola, dövlətimizin mövcud və gələcək maraqları üçün yaranan riskləri görməzdən gələ bilmərik.


Biz imkan verə bilmərik ki, xəyanəti bağışlamaqla gələcəkdə bu cür halların təkrarlanması üçün psixoloji zəmin formalaşsın.
Biz yaşadığımız bütün faciələrin matəmini saxlamaqla yanaşı irəliyə baxmağı, ordumuzun, vətənimizin sabahını düşünməyi bacarmalıyıq. Biz Qarabağın azadlığını təmin etmək, erməni işğalçılarını doğma torpaqlarımızdan qovmaq, şəhdilərimizin qisasını almaqla üzləşdiyimiz faciələri, qarşılaşdığımız məhrumiyyətləri boş yerə yaşamadığımızı həm özümüzə, həm də bütün dünyaya sübut etməliyik. Bunun üçün isə irəliyə baxmağı, səhvlərimizdən nəticə çıxarmağı və çətin də olsa zəfərə doğru addımlamağı bacarmalıyıq. Eyniylə məşhur alman generalı Skottinin dediyi kimi: “İtirdiyimizi bərpa edək! Məzardan keçərək irəli!”

Seymur ƏLİYEV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.