Rusiya və İranın hədəfə alınması Azərbaycana nə vəd edir? - TƏHLİL
11-04-2019, 08:50
Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi sanksiyalar regionun ən əsas ölkələri olan Rusiya və İranın vəziyyətini ağırlaşdırmaqdadır. Xüsusən də hər iki ölkənin iqtisadiyyatına zərbə vuran sanksiyalar bu dövlətlərin təsir gücünü də azaldır. Rusiyanın Azərbaycana müəyyən təsirlərinin olduğunu, eləcə də İranın da ölkəmizdə din faktorundan dolayı ideoloji təsirlərinin olduğunu nəzərə alsaq, bəzən bu dövlətin zəifləməsinin Azərbaycanın maraqlarına uyğun olduğunu söyləmək olar. Lakin iki dövlətdən birinin zəifləyərək, digərinin güclənməsi ölkəmiz üçün də risk formalaşdırır.
İran və Rusiya sanki regionda qüvvələr balansı formalaşdıraraq, bir-birinin təsirlərini neytrallaşdırırlar. Digər tərəfdən, Amerika hər iki ölkəyə paralel olaraq sanksiyalar tətbiq etməklə qüvvələr balansının bir tərəfin xeyrinə formalaşmasına imkan vermir.
Milli Məclisin deputatı Fəzail Ağamalı mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya və ya İran kimi iki dövlətdən birinin bölgədə daha çox güclənib digərinin zəifləməsi real görünmür: “Çünki Amerika Birləşmiş Ştatları hər iki dövlətə qarşı paralel şəkildə oxşar siyasətini davam etdirir. Rusiya nüvə dövləti, fərqli bir toplum, bölgədə lider olduğuna görə ABŞ-ın Rusiyaya sanksiyaları, təhdid və təzyiqləri istədikləri kimi alınmır. Ancaq İranda vəziyyət fərqlidir. İranda uzun illərdən bəri ABŞ və Qərb dövlətlərinin əksəriyyətinin bu ölkəyə təzyiq göstərməsi, onu təcrid etməsi, bütün dünyanın düşündüyü kimi, onu çökdürə bilməz. Ancaq proses gedir. ABŞ-ın sanksiyaları hər iki dövləti zəiflədir. ABŞ prinsip etibarilə nə Rusiyanın, nə də İranın bir dövlət kimi çökməsində maraqlı deyil. Çünki orada bölgə üçün humanitar fəlakətlər nəzərə alınıb. Ən yaxşı halda onlar hər iki ölkədə hakimiyyət dəyişikliyi aparılmasında maraqlıdırlar ki, yeni gələnlər Amerikanın maraqlarına uyğun olaraq siyasət qursunlar, ABŞ-ın qoyduğu xətlə hərəkət etsinlər. Amerikanın istəyi odur ki, bu dövlətlərin heç biri regionda hegemon rol oynamaq ambisiyasında olmasın”.
Politoloq Elxan Şahinoğlu da qəzetimizə açıqlamasında vurğuladı ki, heç bir halda Azərbaycan bu iki dövlətin çox zəifləməsində maraqlı olmamalıdır: “Azərbaycanın torpaqları işğal altındadır, Ermənistan kimi düşmən ölkə ilə müharibə vəziyyətindəyik. Üstəgəl, Rusiya və İran kimi qonşularımız var. Bu ölkələrdə müəyyən dairələr var ki, Azərbaycanın güclənməsində, böyük dövlətə çevrilməsində maraqlı deyillər. Rusiya istəsə, çoxdan Dağlıq Qarabağ münaqişəsini həll edə bilərdi, ancaq həll etmir ki, bu yolla həm Azərbaycana, həm də Ermənistana təsir edə bilsin. İranın müəyyən addımları da zaman-zaman suallar doğurur. Bu yaxınlarda Ermənistanın baş nazirinin orada verdiyi təxribatçı açıqlamalar da bizdə sual doğurur ki, niyə Paşinyanı dəvət edirlər, onu niyə qəbul edirlər. İranın prezidentinin məşhur bir açıqlaması da var ki, Qarabağ müsəlman torpağıdır, orada ölənlər şəhiddirlər. Bu kimi məqamlar var. Buna baxmayaraq, Amerikanın Rusiya və İrana qarşı təzyiqlərində yer almamız da doğru olmazdı”.
E.Şahinoğlu vurğuladı ki, İran və ya Rusiyanı zəiflətmək fikri Amerikanın öz problemidir və Azərbaycan bu prosesdə yer almamalıdır: “Bu iki dövlətin zəifləməsinin Azərbaycana təsirləri necə olacaq, bu ayrıca öyrənilməli bir mövzudur. Birmənalı şəkildə demək olmaz ki, Rusiya həddindən artıq zəifləyərsə, bu Azərbaycanın xeyrinə olar. Çünki Rusiya zəifləyərsə, Şimali Qafqazda terror hadisələri çoxalar, bu da Azərbaycan üçün təhlükə mənbəyinə çevrilə bilər. Regionda humanitar böhran yaranarsa, təlatümlər artarsa, bu, Azərbaycana müəyyən problemlər yarada bilər. İran və Rusiyanın siyasətində müəyyən addımları bəyənməsək belə bu o demək deyil ki, bu ölkələrin zəifləməsinə, tamamən yox olmasında və parçalanmasında maraqlı olmalıyıq. Bu bölgədə qeyri-sabitliyə gətirib çıxara bilər. Rusiya bizim üçün böyük bir bazardır, həmçinin bu ölkə üzərindən bir çox nəhəng enerji layihələri reallaşdırırıq. Bu baxımdan qonşu dövlətlərdə təlatüm istəməməliyik. Rusiya zəifləsə, bölgədə İran güclənə bilər - kimi yanaşmanı mən qəbul etmirəm. İran heç zaman güclənib Rusiyanı əvəz edə bilməz. İranın buna maliyyə və hərbi imkanları çatmaz. Rusiya böyük dövlətdir, nüvə dövlətidir, hərbi imkanları daha çoxdur, bir çox istiqamətlərdə böyük dövlətlərlə müəyyən mübadilələri var. İrana qarşı çox güclü sanksiyalar var və onların qarşısında İran çox güclənə bilməz”.
Müxtəlif dövlətlərin ölkəmizdəki ideoloji təsir qruplarına gəlincə, politoloq bu qüvvələrin bir-birini balanslaşdırdığını vurğuladı: “İranın Azərbaycana ideoloji təsirləri əvvəllər də olub, hətta son zamanlar azaldığını müşahidə edirik. Bir faktı da xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə də Azərbaycanın sıx münasibəti var və bu dövlət də Azərbaycanda öz maraqlarını dəstəkləyən müəyyən qruplar formalaşdırır. Bunun müsbət tərəfi də var, mənfi tərəfləri də var. İranın ideoloji təsirində olan qüvvələrlə Səudiyyə Ərəbistanının qüvvələri arasında da balans formalaşır. Azərbaycanda müxtəlif dövlətlərin maraqlarını müdafiə edən qüvvələr var, ancaq onlar da bir-birilərini balanslaşdırırlar. Əgər bir 25-30 il öncə yalnız İranın təsir dairəsindən danışırdıqsa, indi Azərbaycanda Səudiyyə Ərəbistanının da müəyyən təsir qrupları var. Biz necə bu ölkələrin sabitliyində maraqlıyıqsa, onlar da bizim ərazi bütövlüyümüzü dəstəkləməli və sabitliyimizdə maraqlı olmalıdırlar”.