Fikrət Sadıqov: “Bu, beynəlxalq hüquq normalarına zidd bir yanaşmadır”

12-04-2019, 18:32           
Fikrət Sadıqov: “Bu, beynəlxalq hüquq normalarına zidd bir yanaşmadır”
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb. O, görüşdən sonra mətbuata açıqlamasında Avropa Şurasının insan hüquqları üzrə komissarına Dağlıq Qarabağa səfər hüququnun verilməsinin vacibliyi ilə bağlı fikir səsləndirib: “Mülki bir komissara icazə verilməməsi yolverilməzdir. “Boz zonalar” komissarlığa açıq olmalıdır. Bu boz sahələrdən biri Qarabağdır. Avropa İttifaqı hökuməti bu sahədə humanitar monitorinq məqsədilə komissara ziyarət etmək səlahiyyətini vermək üçün bəyanat verməlidir”.

Azərbaycan Xarici İşlər Nazirliyi buna münasibət bildirib. XİN-in mətbuat katibi Leyla Abdullayeva Ermənistan KİV-də yayılmış bu məsələ ilə bağlı açıqlamasında deyib ki, Azərbaycanın sözügedən məsələ ilə bağlı mövqeyi aydındır və dəfələrlə müvafiq beynəlxalq təşkilatların, o cümlədən, Avropa Şurasının diqqətinə çatdırılıb: “Bu və ya digər şəxsi, o cümlədən, beynəlxalq təşkilatın nümayəndəsini və ya əcnəbi dövlətin vətəndaşını beynəlxalq tanınmış sərhədləri çərçivəsində və yerli qanunvericiliyə uyğun olaraq, öz ərazisinə buraxmaq hüququ suveren dövlətə aiddir”.

Maraqlıdır, T.Yaqlandın belə bir qəribə təkliflə çıxış etməsində məqsəd nədən ibarətdir? Bunun kökündə nə dayanır? Tanınmamış bir separatçı ərazi ilə bağlı belə bir istəklə çıxış etmək hansı məntiqə uyğundur? Belə bir hüquq ancaq suveren dövlətə aiddir. O baxımdan, ekspertlər T.Yaqlandın məqsədini necə şərh edirlər?

“Hesab edirəm ki, Yaqlandın açıqlaması erməni lobbisinə yaxşı görünmək məqsədi daşıyır”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Yaqlandın sözügedən təklifi tamamilə əsassız və məntiqsizdir: “Eyni zamanda, beynəlxalq hüquq normalarına zidd bir yanaşmadır. Yaqland belə təkliflərlə kiminsə xoşuna gəlmək istəyirsə, bu onun öz şəxsi işidir. Ancaq nəzərə alsaq ki, Yaqland AŞ-nın baş katibidir, o zaman verdiyi açıqlamanın məsuliyyətini dərk edib həqiqətə uyğun bir bəyanat verməlidir. Bütün beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Yaqlandın belə bir təkliflə çıxış etməsi məntiqsizdir. Ona görə də bu cür yanaşma Azərbaycanın maraqlarına ziddir və bunu normal qəbul etmək olmaz. AŞ baş katibi o cür yanaşma sərgiləyirsə, belə çıxır bənzər münasibət Gürcüstan, Ukrayna, Moldovada olan separatçı bölgələrə də olmalıdır. Maraqlıdır, niyə adıçəkilən bölgələrlə bağlı Yaqland analoji fikir səsləndirmir? Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və uzun illərdir münaqişənin həlli ilə bağlı danışıqlar aparılır. Yaqland da bunu bilməmiş deyil. Görünən odur ki, Avropada bir sıra qurumlara rəhbərlik edən şəxslər insan haqlarının şişirdilməsi məsələsində çox əcaib bir rol oynayırlar. Onlar hesab edirlər ki, guya insan haqları uğrunda siyasi addımlar atılırsa, Azərbaycan digər ölkə vətəndaşlarının hüquqlarını pozmamalıdır. Ancaq, əslində, görürük ki, Azərbaycan vətəndaşlarının hüquqları pozulub. Etnik azərbaycanlılar Qarabağdan qovulub, onlara qarşı soyqırım aparılıb. Yaxşı olardı ki, Yaqland bunlarla maraqlansın. Yoxsa, insan hüquqları üzrə komissarın Dağlıq Qarabağa səfər hüququ barədə danışmaq yersizdir. Hesab edirəm ki, Yaqlandın açıqlaması erməni lobbisinə yaxşı görünmək məqsədi daşıyır. Ona görə də belə məntiqsiz təkliflə çıxış edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.