Xaricdən gələn soydaşlarımıza niyə güzəştlər olunmur ?
2-09-2019, 12:47

Teref.az olaraq poçtumuza daxil olan və bu gün aktuallığını saxlayan yazını təqdim edirik.
Qeyd etmək istəyirik ki, Azərbaycan dövləti öz daxili resurları hesabına dünyadan Azərbaycana təhsil üçün gəl\ən soydaşlarımıza diqqəti artırmalıdır. Biz demirik ki, təhsili pulsuz etsin, lakin xaricdən gələn soydaşlarımıza güzəştlər olmalıdır və bunu parlament səviyyəsində müzakirə etməyi təklif edirik!
Universitetlərə qeydiyyat vaxtı yaxınlaşır. Bakıda təhsil alan Güneyli dostlarla yazışıram, gileylidirlər. Özəlliklə məni musiqi, dilçilik və mədəniyyətin digər sahələri ilə bağlı təhsil alanlar maraqlandırır. Azərbaycan universitetləri Güneyliləri xarici tələbə kateqoriyasına salıb minlərlə manat pul tələb edir. Misal üçün Səfiyyəddin Urməvini Azərbaycan musiqiçisi kimi tədris edən Üzeyir Hacıbəyov adına Musiqi Akademiyası Səfiyyəddinin şəhəri Urmudan gələn tələbələrə xarici tələbə deyib ilinə 3000 manat pul istəyir.
İrana qarşı sanksiyalardan sonra İran valyutası dəyərini kəskin şəkildə itirib. Buna görə də artıq tələbələrin bir çoxu təhsil haqqını ödəyə bilməyib təhsili yarı buraxır.
Azərbaycan universitetləri, özəlliklə mədəniyyət, dil və ədəbiyyat sahələrində siyasi sərhədlər yerinə mədəni sərhədlərimizi nəzərə almaları uyğun olar. Bakıdakı universitetlər Güneylilərin musiqi, dil və ədəbiyyatlarını öyrənə biləcəkləri təkcə ocaqdır. Onlar üçün bu yolu daha da rahatlatmaq yerinə, şəraiti çətinləşdirmək yanlış bir yoldur, həmrəylik ruhuna da ziddir. Güneyli tələbələr Bakıda Azərbaycan musiqisi öyrənib qayıdıb təbliğ etsələr bu mədəniyyəti təbliği etmiş olacaqlar. Həm də Güneydəki maraqlı insanlara daha keyfiyyətli şəkildə musiqi, dil vs. öyrətmiş olarlar.
Çətinliklər yaratmaq yerinə, məncə, belə maraqlı tələbələrə dəstək verməkdən çəkinməmək lazım. Bu dəstəyin heç bir siyasi tərəfi də yoxdur. Bu Güneyin varlığı üçün olduqca vacib olan mədəni dəstəkdir. Proqramlı şəkildə Güneydən və başqa ölkələrdən Quzeyə üz tutan istedadlı Azərbaycanlıların mədəniyyətlə bağlı sahələrdə təhsil işlərini rahatlatmaqdan yaxşı diaspora fəaliyyəti olmaz bəlkə də.
Jurnalistlər bu tələbələrlə danışmaq istəsələr, bir sıraları ilə calaşdıra bilərəm. Bəlkə səslərini eşidən oldu.
Ramin Jabbarli
Teref.az olaraq bu problemlə bağlı universitet rektorları, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Parlament üzvlərinin fikirlərini maraqla gözləyirik!