Qarabağ məsələsini Minsk Qrupuna Xalq Cəbhəsi verib?

1-10-2019, 10:16           
Qarabağ məsələsini Minsk Qrupuna Xalq Cəbhəsi verib?
Akif Nağı: “Bunun məsuliyyətini kimin daşıdığını bu gün sübut etmək çətindir”
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov sentyabrın 30-da Milli Məclisin plenar iclasında Qarabağ komitəsinin yaradılması təklifini nəzərdə tutan çıxışlara münasibət bildirib. O deyib ki, Qarabağ məsələsi ilə bütövlükdə parlament məşğul olur: “Tutaq ki, biz komitəni yaratdıq, bu komitənin üzvü kim olacaq? 125 deputatın hamısı bu komitənin üzvü olmaq istəyəcək. Bu mənada mən bu məsələni parçalayıb kiçik komitə səviyyəsinə endirməyin tərəfdarı deyiləm”.

S.Novruzov deyib ki, ölkə prezidenti, birinci vitse-prezidenti mütəmadı olaraq keçirdiyi görüşlərdə Qarabağ məsələsi ilə bağlı dövlətimizin prinsipial mövqeyini daim bəyan edir: “Biz öz aramızda oturub nəyi müzakirə edəcəyik?”

S.Novruzov T.Kərimlinin ATƏT-in Minsk Qrupu ilə bağlı fikirlərinə toxunub: “ATƏT Xalq Cəbhəsinin dövründə yaranıb. Əvvəlcə bu qurum ATƏM idi. Bu səlahiyyət ATƏM-ə məhz Xalq Cəbhəsinin dövründə verildi. O zaman bu səlahiyyətlər BMT-dən alınıb ATƏM səviyyəsinə verildi. Gərək vaxtında bu addımların qarşısı alınardı, görünür, alınmayıb”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə “Yeni Müsavat”a bildirdi ki, Milli Məclisdə bu günə qədər Qarabağ komitəsinin yaradılmaması çox böyük nöqsandır: “Biz də QAT olaraq bu məsələni dəfələrlə parlament rəhbərliyinin qarşısında qaldırmışıq. Həmişə belə bir cavab eşitmişik ki, parlament bütövlükdə Qarabağ məsələsi ilə məşğul olur, ona görə də ayrıca komitənin yaradılmasına ehtiyac yoxdur. Bu cür izahı heç bir halda ciddi qəbul etmək olmaz. Bu komitənin yaradılmamasını, məncə, Qarabağın taleyinə münasibətin qeyri-məqbul göstəricisi kimi dəyərləndirməliyik. Hesab edirəm ki, hakimiyyət, Milli Məclisin rəhbərliyi bu nöqsanı çox tezliklə aradan qaldırmalıdır. Millət vəkilləri də məsələdə israrlı olmalı, komitənin yaradılmasına təkid etməlidirlər.

Qarabağ məsələsində, o cümlədən Minsk Qrupundan imtina məsələsində qarşılıqlı ittihamlara ehtiyac yoxdur. Hər kəs bilir ki, Minsk Qrupunun yaradılmasına razılıq verilməsi yanlış addım idi. Amma bunun məsuliyyətini kimin daşıdığını bu gün sübut etmək çətindir. 1992-ci ildə ölkədə mürəkkəb siyasi vəziyyət hökm sürürdü. Kim - hakimiyyət və ya müxalif siyasi qüvvələr söz sahibi idi, bunu demək mümkün deyil. Ona görə də mənasız mübahisə etməyin yeri deyil. Biz Qarabağ Azadlıq Hərəkatı olaraq 1993-cü ildən başlayaraq Minsk Qrupunun buraxılmasını tələb etmişik. Əsas kimi də onu demişik ki, bu qrup münaqişənin nizama salınması üçün prinsipləri yanlış seçib. Belə ki, əsas məsələ kimi Dağlıq Qarabağdakı bir ovuc erməninin statusu müzakirəyə çıxarılıb. Əslində əsas məsələ kimi Azərbaycana qarşı işğal faktı qoyulmalı, digər məsələlər ona uyğun müzakirə olunmalı idi. İndi bunlardan keçib. Ona görə də bu gün dövlət və cəmiyyət bir yerdə hərəkət etməli, Minsk Qrupunun buraxılmasının yolunu tapmalıdırlar. Bu qrup qaldıqca, münaqişənin heç bir həlli mümkün olmayacaq".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlayıb. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alınıb.

Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır.

12 may 1994-cü ildə atəşkəsə dair razılıq əldə olunub. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olunub. Budapeşt sammiti ATƏM-in fəaliyyətdə olan sədrinə silahlı münaqişənin dayandırılması üçün siyasi razılaşmanın əldə olunması məqsədilə danışıqlar aparmaq tapşırığı verib. Sözügedən siyasi razılaşma münaqişənin nəticələrini aradan qaldırmalı və Minsk konfransının çağırılmasına imkan verməli idi. Sammit həmçinin silahlı münaqişənin dayandırılmasına dair tərəflər arasında saziş əldə edildikdən sonra ATƏM-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi və sülhyaratma əməliyyatlarını hazırlayan Vyana mərkəzli Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) yaradılması ilə bağlı qərar qəbul edib. YSPQ 1993-cü ilin may ayında yaradılan İlkin Əməliyyat Planlaşdırma Qrupunu (İƏPQ) əvəz edirdi.

23 mart 1995-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri Minsk prosesinin həmsədrlərinə mandat verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.