Vəkillər Kollegiyasının sədri Anar Bağırov un fikirləri Avropa standartları ilə ziddiyyət təşkil edir ARAŞDIRMA
19-12-2019, 17:46

Anar Bağırov: “Vəkil çıxdığı iş üzrə müsahibə verməkdən çəkinməlidir”
Vəkillər Kollegiyasının sədri Anar Bağırov “facebook” hesabında yazıb ki, Vəkillərin Etik Davranışı haqqında əsasnamə təkmilləşdirilməlidir.
“Vəkil öz icraatında olan və digər vəkillərin apardığı işlər üzrə publik şərh verməməli, həmkarlarını qeyri-peşəkarlıqda ittiham etməməli, vəkillik sirrini yaymamalıdır; vəkil çıxdığı iş üzrə müsahibə verməkdən çəkinməlidir, vəkilin “demək istədiyimi məhkəmə zalında demişəm” kimi standart cavablar verməyi arzuolunandır”,- deyə o, qeyd edib.
“Fakt Yoxla” Anar Bağırovun vəkillərin etik davranış qaydaları ilə bağlı yazdıqlarının Avropa standartlarına uyğun olub-olmadığını yoxlayıb.
Avropa məkanında hüquqi məsələlərlə bağlı standartlar əsas etibarilə Avropa İnsan Haqları Konvensiyası (AİHK), Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) çıxartdığı qərarlar, Birləşmiş Millətlər Təşkilatının (BMT) və Avropa Şurasının prinsipləri ilə tənzimlənir.
AİHM “Kyprianou Kiprə qarşı” işində vurğulayır ki, hüquqşünaslar cəmiyyətlə ədaləti tənzimləyən dövlət orqanları arasında vasitəçi olduqlarına görə, onların ifadə azadlığının vacibliyinə həmişə xüsusi diqqət yetirmək lazımdır. Bundan başqa, vəkillərdə effektiv təmsilçiliyin təmin edildiyi vəkillik fəaliyyətinə inam olmalıdır ki, ictimaiyyətin də ədalətə inamı olsun.
“Moris Fransaya qarşı” işində isə AİHM bildirir ki, vəkil ictimaiyyətin diqqətini ədalət mühakiməsi sistemindəki potensial nöqsanlara cəlb etmək imkanına malik olmalıdır. Belə olan halda, məhkəmə hakimiyyəti konstruktiv tənqiddən yalnız faydalana bilər. Sözügedən qərarda qeyd olunur ki, ifadə azadlığı hüquq peşəsinin müstəqilliyi ilə bağlıdır.
Məhkəmə iclas zalından kənarda verilən açıqlamalarla bağlı qeyd edib ki, vəkil müştərisinin müdafiəsini televiziya xəbərləri və ya mətbuatda dərc olunan bəyanatlarla davam etdirə bilər. Bu yollarla o, istintaq prosesində ehtimal olunan çatışmazlıqlar haqqında ictimaiyyəti məlumatlandırmış olar.
Qərarda qeyd edilir ki, vəkilə buna görə hətta ən yüngül sanksiyanın, o cümlədən cərimə cəzasının tətbiq olunması digər vəkillər üzərində ədalətin öz funskiyasını itirməsi baxımından çəkindirici effekt yarada bilər.
BMT-nin 1990-cı ildə qəbul etdiyi “Vəkillərin roluna dair” təməl prinsipləri də AİHM-in qərarlarında təsbit olunan bu ifadələrdən o qədər də fərqlənmir.
“Onlar xüsusulə də qanun, ədalət mühakiməsi, insan hüquqlarının qorunması və təşviqi barədə … ictimai müzakirələrdə iştirak etmək hüququna malikdirlər”, – deyə sənəddə bildirilir.
Vəkillərin ifadə azadlığı hüququ Avropa Şurasının 2000-ci ildə hazırladığı “Vəkil peşəsinin azad icrasına dair” tövsiyəsində də əksini tapıb. Burada qeyd edilir ki, vəkillər xüsusi ilə qanuna və ədalət mühakiməsinə dair məsələlərlə əlaqədar ictimai müzakirələrdə iştirak etmək hüququna malik olmalıdırlar, bu zaman onlar hər hansı bir sanksiya və ya təzyiq ilə üzləşməməli və ya təhdid olunmamalıdırlar [I-ci Prinsipin 3-cü bəndi].
Beynəlxalq Hüquqşünaslar Komissiyasının 2019-cu ildə hüquqşünasların müstəqilliyi və rolu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasına verdiyi tövsiyələrdə isə qeyd edilir ki, Etik Kodekslə tətbiq olunan ifadə azadlığının istənilən məhdudlaşdırılması beynəlxalq hüquqa və standartlara uyğun olmalıdır. Hüquqşünaslar öz müştərilərinin həm məhkəmədə, həm də məhkəmədən kənarda effektiv müdafiəsini təmin etməli, xüsusilə onlar müvəkkillərinin hüquqlarının pozulmasına dair ictimai ittihamlara görə intizam məsuliyyətinə cəlb olunmamalıdırlar.
Beləliklə, Anar Bağırovun vəkillərə icraatlarındakı işlərlə bağlı publik şərh və müsahibə verməmək çağırışı Avropa standartları ilə ziddiyyət təşkil edir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Anar Bağırovun vəkilin etik davranış qaydaları haqqında təklifləri yanlışdır.