Qarabağ məsələsində gedəcəyimiz ən böyük güzəşt

24-12-2019, 08:31           
Qarabağ məsələsində gedəcəyimiz ən böyük güzəşt
İşğalçı ilə işğala məruz qalan tərəfdən eyni kompromisləri tələb etmək perspektivsiz və dalana aparan yoldur - 25 illik sülh danışıqlarının daşlaşmış yekunu...
2020-ci ildən bizi cəmi bir həftə ayırır. Bu günlər həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların mövcud durumu və perspektivi ilə bağlı proqnozlar verilməkdə, hesabatlar açıqlanmaqdadır. Onlardan biri də Beynəlxalq Böhran Qrupu (BBQ) tərəfindən hazırlanıb.

Qurum analitiklərinin 2019-cu il üçün tərtib elədikləri hesabatda Qarabağ ixtilafının həlli yönündə bu il də ciddi dönüş olmadığı və müharibə riskinin artdığı bildirilir. Eyni zamanda Rusiyanın qeyri-rəsmi şəkildə təklif elədiyi və qayəsində bölgəyə rus sülhməramlı qüvvələrin gətirilməsi dayanan “Lavrov planı”ndan bəhs olunub.

Qeyd edək ki, Moskva indiyədək belə bir planın olduğunu rəsmən bəyan etməyib. Ancaq həm Azərbaycan, həm də Ermənistan mətbuatı onun haqqında zaman-zaman yazıb. İndi də yazılır. Bu maraq da ilk növbədə onunla bağlıdır ki, Rusiya digər iki həmsədr ölkədən fərqli olaraq, həm Ermənistana və Azərbaycana, həm də ümumən konfliktin gedişinə ciddi təsir imkanlarını özündə saxlayır. Xüsusən də işğalçı ölkəyə Kremlin təzyiq rıçaqları güclü olaraq qalır.

Əsasını “Madrid prinsipləri” təşkil edən “Lavrov planı” ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında bir neçə rayonun (say dəqiq deyil) azad edilməsi qarşılığında kommunikasiyaların açılmasını, Dağlıq Qarabağın perimetri boyu əsasən Rusiya hərbi kontingentindən ibarət qüvvələrin yerləşdirilməsini və regionun yekun statusunun qeyr-müəyyən vaxta saxlanmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, Azərbaycan dövləti Dağlıq Qarabağda heç bir antiterror əməliyyatı apara, ora girə bilməyəcək. Bunun nə ilə sonuclana biləcəyini isə biz Abxaziya və Cənubi Osetiya nümunəsində görmüşük.

*****

Bu mənada Azərbaycan XİN-in Beynəlxalq Böhran Qrupunun son hesabatına operativ reaksiyası maraqlıdır və Bakının rəsmi yanaşmasını dolğunluğu ilə əks etdirir.

“Azərbaycan Beynəlxalq Böhran Qrupunun (BBQ) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vacib məsələləri gündəmdə saxlamasını alqışlayır. Əslində BBQ hazırladığı son hesabatında yeni hər hansı məsələyə toxunmur. İllərdir ki, Azərbaycan tərəfindən qaldırılan, danışıqlar prosesində müzakirə obyekti olan mühüm mövzulara diqqət ayırır”.

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva BBQ-nin hazırladığı son hesabatına münasibət bildirərkən deyib. XİN rəsmisi ardınca vurğulayıb: “Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirildiyi dəfələrlə tərəfimizdən beynəlxalq müstəvidə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan tərəfi ilə keçirilən görüşlərdə qaldırılıb. Ermənistanın beynəlxalq hüquq ödəliklərinə zidd olaraq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarını pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti bu günədək ölkəmizin işğal olunmuş ərazilərinə baş tutmuş ATƏT-in beynəlxalq fakt araşdırıcı missiyalarının hesabatlarında da öz əksini tapıb. Belə ki, həm ATƏT-in 2005-ci il fakt araşdırıcı missiyası, həm də 2010-cu il sahə qiymətləndirmə missiyası işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma siyasətinin həyata keçirildiyini təsdiq edib. BBQ də son hesabatın ölkəmizin işğal olunmuş ərazilərində bu qeyri-qanuni fəaliyyətin davam etdirildiyini qeydə alır”.

XİN rəsmisi onu da bildirib ki, işğal olunmuş ərazilərdə məskunlaşdırma siyasətinin həyata keçirilməsinin hüquqi sübutu - Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi 2015-ci il qərarıdır. “Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qəbul olunmuş bu qərarda bu ərazilərdə hazırda həyata keçirilən məskunlaşma məsələsi də öz əksini tapır. Əlbəttə, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həlli istiqamətində addımlar atıldıqdan sonra bu məsələ də öz həllini tapacaq. O zamanadək Azərbaycan bu məsələləri ardıcıl şəkildə müvafiq beynəlxalq çərçivələrdə qaldıracaq”, - deyə açıqlamada qeyd olunur.

İşğal olunmuş ərazilərdə beynəlxalq sülh missiyasının yerləşdirilməsi və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun (HLPG) bu xüsusda roluna gəldikdə, Leyla Abdullayeva deyib ki, işğal olunmuş ərazilərdə yaşayan əhalinin, o cümlədən azərbaycanlı və erməni icmalarının təhlükəsizliyi məsələsi Azərbaycan üçün önəmlidir: “Bu səbəbdən biz Minsk Qrupu həmsədrləri tərəfindən müvafiq beynəlxalq ekspertlərin iştirakı ilə riskin qiymətləndirilməsi missiyasının həyata keçirilməsinin tərəfdarıyıq. Hesabatda qaldırılan status məsələsinə gəlincə, xatırlatmaq lazımdır ki, ümumilikdə status məsələsi Azərbaycanın milli qanunvericiliyi və BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunan fundamental norma və prinsiplərə əsaslanan BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla, beynəlxalq hüquq çərçivəsində artıq müəyyən olunub. Bu xüsusda hər zaman ifadə etdiyimiz mövqeyimiz dəyişilməz olaraq qalır. Münaqişənin həlli istiqamətində işğal olunmuş torpaqlarımızdan erməni silahlı qüvvələri çıxarıldıqdan və öz torpaqlarından didərgin salınmış azərbaycanlılar evlərinə qayıtdıqdan sonra, gələcək mərhələdə bölgənin statusunun konkret şəkildə müəyyənləşdirilməsi məsələsinə hər iki icmanın iştirakı ilə baxıla bilər”.

*****

Bu açıqlamadan da bir daha aydın şəkildə görünür ki, rəsmi Bakı konfliktin müstəsna olaraq, qüvvədə olan beynəlxalq hüquq normaları, BMT TŞ-nin və digər mötəbər beynəlxalq təşkilatların Qarabağa dair qərar və qətnamələri, nəhayət, Azərbaycan Konstitusiyası əsasında həll variantına sadiqdir və bundan kənarda nizamlama formulunu qəbul etməyəcək.

Başqa sözlə, Bakı ərazi bütövlüyümüzun alver predmeti olmasına heç vaxt razı olmayacaq. Bu da o anlama gəlir ki, vasitəçi dövlətlər Azərbaycanla işğalçı Ermənistana eyni gözlə baxıb onlardan eyni dərəcədə güzəşt tələb eləmək kimi perspektivsiz, danışıqları dalana aparan yanaşmaya son qoymalıdır. Azərbaycanın ən böyük güzəşti məlum: sərhədlərimiz daxilində Dağlıq Qarabağa azərbaycanlı və erməni əhali ilə birgə ən yüksək özünüidarə statusu verilməsi. Və nida işarəsi!

Azərbaycan sözsüz ki, öz ərazi bütövlüyünün bərpası üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Son vasitə isə hərbi gücə əl atmaqdır. Aydındır ki, Bakı milyardlarla dollar xərcləyərək aldığı bahalı və müasir silah-sursatları yalnızca vitrində paslandırmaq və ya vaxtaşırı hərbi təlimlərdə və paradlarda nümayiş etdirmək niyyətində deyil. Əsas hədəf sərhəd bütünlüyümüzün təmin olunmasıdır.

Əfsus ki, problemin dinc həllinə real töhfə vermək imkanında olan Rusiya postsovet məkanının bu üzücü münaqişəsinin yoluna qoyulmasına tələsmir. Ermənistanı himayə eləməkdə davam edir. Halbuki onun himayə elədiyi işğalçı ölkə öz qonşusunun 20% ərazisini işğal altında saxlamaqda davam edir.

Bu arada məlum olub ki, Ermənistanın işğalçı ordusunun silahlanmasına Rusiya istehsalı olan ən yeni “Tor-M2KM” zenit-raket kompleksləri daxil olub. Bu haqda erməni baş nazir Nikol Paşinyan özünün facebook səhifəsində yazıb. Daha sonra Paşinyan hərbi hissələrdən birində “Tor-M2KM” kompleksləri də daxil olmaqla, bəzi yeni hərbi texnikanın silahlanmaya qəbul edilməsində iştirak edib.

“Ermənistan silahlı qüvvələri Rusiya istehsalı olan ən yeni hava hücumundan və raketdən müdafiə sistemləri ilə silahlandı. Silah 2019-cu ildə buraxılıb. Bu, 2019-cu ildə əldə etdiyimiz ən mühüm silahlardan biridir. Onun miqdarını deyə bilmərəm, hərbi sirdir” - Paşinyan yazıb.

Qeyd edək ki, “Tor-M2KM” hava hücumundan müdafiəni həyata keçirir, habelə hərbi bölmələri pilotsuz uçuş vasitələrindən və yüksək dəqiqlikli silahlardan müdafiə edir. Kompleks eyni anda 20 hava hədəfini izləyir və onlardan 4-ünü eyni vaxtda vura bilər. Hədəfin izlənməsi və vurulması avtomatik rejimdə həyata keçirilir...

*****

Beləcə, Azərbaycanın mühüm silah tədarükçülərindən olan Rusiya öz forpostu Ermənistanı da yaddan çıxarmır. Yəni bir yandan, Rusiya Dağlıq Qarabağ münaqişəsi hesabına öz büdcəsini zənginləşdirməkdə davam edir, digər yandan isə Güney Qafqazın iki ölkəsini eyni anda öz orbitində saxlayır. Görəsən, Moskva nə vaxtadək Qarabağ probleminə müstəsna olaraq kommersiya, bir də geosiyasi maraqlar prizmasından baxacaq? Nəhayət, konfliktin dinc həllinə real töhfə verəcəkmi?

Gələn 2020-ci ilin əsas suallarından biri də, bizcə, bu olacaq...

Siyasət şöbəsi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru