Avropaya çıxış planı: Ermənilər bu bölgədə fəallaşır - GƏLİŞMƏ
24-12-2019, 08:55

Ermənistan qonşu Gürcüstana qarşı da ərazi iddiası ilı çıxış etməyə hazırlaşır.
Artıq bununla bağlı müxtəlif Ermənistan KİV-lərində dezinformasiyalar tirajlanmağa başlayıb. Xatırladaq ki, “Jamanak” qəzeti Ermənistanın Batumi limanını almağa maraq göstərdiyi barədə xəbər yazıb. Yazıda qeyd olunub ki, Ermənistanın müxtəlif dairələri limanın alınması üçün vəsaitlərin toplanılmasını təşkil etməyə çalışır. Qəzet iddia edir ki, Batumi limanının əldə olunması ilə yüklərin Ermənistana maneəsiz nəqlini təmin etmək mümkün olacaq.
Amma bu iddia Gürcüstan tərəfindən təkzib olunub. Belə ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib ki, Batumi limanının Ermənistana satılması barədə yayılan məlumat həqiqətə uyğun deyil. O deyib ki, liman dövlətə məxsus deyil: “Buna görə də onun dövlət tərəfindən satışa çıxarılması mümkün deyil. Batumi limanını uzun müddətdir Qazaxıstan şirkəti idarə edir. Ermənistan tərəfinin limana hər hansı bir maraq göstərməsi barədə bizdə məlumat yoxdur. Belə bir şey olsaydı, biz bu barədə bilərdik”.
Ermənistan KİV-lərinin tirajladığı dezinformasiya təkzib olunsa da, ermənilərin sözügedən bölgədə demoqrafik vəziyyəti dəyişməkdə maraqlı olduğu sirri deyib. Məlumatlara görə, ermənilər Batumidə və ətraf ərazilərdə məskunlaşma siyasətini davam etdirir. Tarixə qısa nəzər salsaq, ermənilərin bu siyasətini uzun illərdir ki, davam etdirdiyinin şahidi olarıq. Məlum olduğu kimi, erməni-daşnak ideoloqlarının nəzərdə tutduqları xəyali "Böyük Ermənistan'' Qara dənizlə Xəzər dənizi arasındakı əraziləri əhatə edir. Bu səbəbdən XX əsrin 90-cı illərində Azərbaycanın torpaqlarının 20 faizini açıq hərbi müdaxilə yolu ilə işğal edən Ermənistan paralel olaraq Gürcüstan ərazisində də bu istiqamətdə iş aparıb, Gürcüstanın parçalanmasında maraqlı olan qüvvələrə ermənilər tərəfindən dəstək verilib.
Digər tərəfdən ermənilər Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsində demək olar ki, tam məskunlaşıb və demoqrafik vəziyyəti öz xeyirlərinə dəyişməyə nail olublar.
Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində Ermənistanın Batumi limanını almaq istəyini onların növbəti xülyası adlandırdı: “Çünki Ermənistanın dənizə çıxışı yoxdur. Ermənistanın digər ölkələrlə ticari əlaqələrdə komunikasiya xətləri də məhduddur. Bu baxımdan Batumi limanının Ermənistan tərəfindən alınması onları üçün ikinci bir “nəfəs borusu” olardı. Çünki Batumi limanı Ermənistan üçün Qara dəniz vasitəsilə çox rahat şəkildə Avropaya çıxışı təmin edərdi. Batumi limanı vasitəsilə həm Avropa, həm də Rusiyadan gələn malları Ermənistan danışmaq mümkündür. Bu təkcə ticari malları deyil, həm də hərbi yüklərin daşınmasında Ermənistan üçün vacib komunikasiya vasitəsi olardı. Ancaq reallıqda bunun nə qədər gerçək olduğunu demək çox çətindir. Çünki Ermənistan ictimai rəy yaratmaq üçün olmayan bir şeyi, adətən, bu cür dezinformasiyalar yayır. Sonradan da bunun reallaşması üçün beynəlxalq təbliğata keçir. Bunun da əsas hərəkətverici qüvvələrindən biri də erməni lobbisidir ki, Ermənistan əslində bu cür informasiyaları dövriyyəyə buraxmaqla onları konsalidasiya etmək, böyük maliyyələr qoparmaqla strateji bir planı həyata keçirmək istəyirlər”.
N.Miri hesab edir ki, bu prosesin içində gələcək perspektivdə Gürcüstana ərazi iddiaları da ola bilər: “Çünki Azərbaycan ərazisində süni şəkildə yaradılan erməni dövləti də məhz bu cür iddialar Rusiya və Avropa ölkələri tərəfindən dəstəklənərək yaradılıb. Gələcəkdə də Gürcüstanı cəzalandırmaq üçün Rusiya növbəti dəfə Ermənistandan istifadə edərək həm Cavaxetiyada, həm də gələcəkdə bu liman alınarsa və Batumidə demoqrafiq vəziyyət ermənilərin xeyrinə dəyişərsə, təbii ki, bu cür ərazi iddialarının olması da mümkündür. Bu da tipik erməni xislətinə malik olan bir plandır. Ona görə də düşünürəm ki, Azərbaycan dövləti bu istiqamətdə ayıq olmalıdır və Gürcüstan dövlətinə ciddi xəbərdarlığını çatdırmalıdır. Çünki indiki vəziyyətdə əslində, Gürcüstanın təhlükəsizlik sistemi Ermənistanla bağlı deyil, Azərbaycan-Türkiyə-Gürcüstan formatında təmin olunub”.
Politoloq hesab edir ki, Batumi limanı satılacağı halda, Azərbaycan dövləti də hərəkətə keçməlidir: “Düşünürəm ki, bu məsələ əgər hallandırılırsa, Azərbaycan bu istiqamətdə ciddi araşdırma aparmalı, hətta liman satılırsa iddiasını ortaya qoymalıdır. Çünki Qərb-Şərq və Şimal-Cənub kimi iki komunikasiya xəttinin məhz ortasında Azərbaycan yerləşir. Bu layihənin reallaşmasında Azərbaycan bit təşəbbüskar ölkə kimi çıxış edir. Əgər yeni belə bir liman alınarsa, düşünürəm ki, bu da Azərbaycanın ziyanına olmazdı”.