“YAP və “müstəqil” namizədlər arasında əməlli-başlı qırğın gedir...” - ŞƏRH

4-02-2020, 11:29           
“YAP və “müstəqil” namizədlər arasında əməlli-başlı qırğın gedir...” - ŞƏRH
“YAP və “müstəqil” namizədlər arasında əməlli-başlı qırğın gedir...”
Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli 9 fevral seçkiləri ilə bağlı maraqlı statistika paylaşıb.
Yenisabah.az Natiq Cəfərlinin yazdıqlarını təqdim edir: “Dekabr ayında seçkilərə skeptik yanaşan insanların alqısını cəmi 1 ay aktiv təbliğat dönəmi zamanı dəyişə bildik, mən rəqəm adamıyam, gəlin hesablayaq - Naxçıvan xaric hər 118 dairədə azı 1 aktiv namizəd var, bəzilərində isə hətta 2, 3 aktiv çalışan müxalif, müstəqil namizədlər var, yəni, təqribən 200-ə yaxın belə insan seçkidə iştirak edir. Hər biri azı 500 imza yığıb - bu 100 min imza deməkdir. Bir imza almaq üçün ortalama 5 nəfərlə görüşürsən - deməli tək imza kampaniyasında 500 min vətəndaşla təmas qurulub.

200 nəfər aktiv namizəd, ortalama, 10000 min buklet, flayer paylayıb-paylayacaq (bizim komandamız dairədə 12 min buklet və 5000 flayer artıq paylayıb, 10 min də hələ paylayacaq) - deməli 2 mln. (ən azı) çap materialları vətəndaşlara çatıb-çatacaq.

200 nəfər aktiv namizədin hər biri azı 1500-2000 nəfərlə şəxsən görüşüb - deməli namizədlər şəxsən 300-400 min seçicinin əlini sıxıb, həmin namizədlər qrup halında da görüşlər keçirib, konandalar isə azı 5000 seçici ilə görüşüblər (qapılara qoyulan çap materiallarını saymıram) - bu da 1 mln. nəfər edir.

Hətta YAP və "müstəqil" (hökumətin əsas siyahısı) namizədlər belə seçicinin ayağına gedir - seçki havasını biz (seçkilərə gedənlər) yaratdıq deyə onlara xalq açıq şəkildə öz sözünü deyir, görüşlərdən qovur.

200 aktiv namizədin hər biri ortalama 30-40 könüllü-müşahidəçi cəlb ediblər, bu da 6000-8000 gənc aktivisit deməkdir, bu isə əladır”.

Natiq Cəfərli seçki prosesində baş verən qəribəliklərə də toxunub və seçkini boykot edənlərin prosesə zərbə vurduqlarına eyham edib: “İki qardaş düşünün, ikisi də ağıllı, savadlı insanlardır, həmkarlarımdır, biri rayonların birində namizəddir, çalışlr, yaxşı kampaniya aparır, insanlarla görüşür - digər qardaş xaricdə olduğu, son zamanlar populizmin bir addımlığında olduğu üçün təşkilatı ilə birgə seçkiləri boykot etmək qərarı verib - qəribə və təzadlı mənzəridir.

Boykot qərarı verən Milli Şura üzvləri seçkiləri trollamaqla məşğuldurlar, halbuki ilk hissədə yazdığım rəqəmlər onu göstərir ki, vətəndaşlar aktivlələşir və məlumatlanır - bu isə əslində MŞ-ya da sərf etməlidir, aktiv vətəndaş potensial etirazçıdır, amma qəribə şəkildə Şuraçılar buna mane olurlar.

Məlum siyahı haqqında: Əgər hörmətli Cəmil müəllim xəyali siyahısını elan edərkən desəydi ki, ay camaat, bu hökumət belə bir siyahı hazırlayıb, siz isə aktiv olun, seçkilərə gedin, bu yolla hakimiyyətin siyahısını yalan çıxardın - adama hörmətim artardı. Amma Şuraçılar bu xəyali siyahını yenə seçici-vətəndaş aktivliyini azaltmaq üçün təbliğata çevirmək istədilər - təzadlı və qəribə mənzərədir.

Bəzi dairələrdə YAP və "müstəqil" namizədlər arasında əməlli-başlı qırğın gedir, hakimiyyətyönlü olsalar da mübarizə amansız aparılır - bu da yeni fenomendir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru