Məhəmməd Əsədullazadə: “Moskva öz maraqları naminə İran üzərindən Qərblə bazarlıq edir”

6-02-2020, 08:51           
Məhəmməd Əsədullazadə: “Moskva öz maraqları naminə İran üzərindən Qərblə bazarlıq edir”
Son aylarda İranın ABŞ-la yaşadığı məlum gərginliklərdə bir məsələ xüsusilə diqqətləri cəlb etdi. Belə ki, Rusiya faktiki olaraq, bu qarşıdurmada cənub qonşumuzu meydanda tək buraxdı. Halbuki əvvəllər belə hala rast gəlinməmişdi.

Rusiya ən ağır günlərində İranın yanında olmuş, açıq dəstəyini ifadə etmiş, sona qədər bu mövqeyindən geri çəkilməyəcəyini bəyan etmişdi. İndi isə Kreml iranlı general Qasım Süleymaninin Amerika dronu tərəfindən öldürülməsindən sonra yaranan qarşıdurmada bəyanat verməklə kifayətləndi.

Onu da qeyd edək ki, Rusiya İranı ilk dəfə deyildi dəstəksiz buraxır. Bundan öncə ABŞ tərəfindən rəsmi Tehran sərt sanksiyalara məruz qalanda da onunla oxşar taleni yaşayan şimal qonşumuz diqqətçəkən mövqe nümayiş etdirməmişdi. Bütün bunlar da haqlı olaraq, suallar yaradır.

Ekspertlərin bu barədə fərqli mövqeləri var. Bəziləri düşünür ki, Rusiyanın başı özünə qarışıb. Digər tərəfdən, son illərdə Türkiyə kimi yaxın müttəfiq tapan Kremlin artıq İrana ehtiyacının olmadığını düşünənlər də az deyil. Rusiyanın İranı ofsaytda qoymasının regiona necə təsir edəcəyi barədə ən müxtəlif fikirlərə rast gəlirik. Bunun faydalarından söz açanlar da, əksini deyənlər də var.

Əziz Əlibəyli: “Rusiya üçün artıq hər şey çətindir”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyilənlərə bu cür şərh verdi: “Rusiya 1979-cu ildən sonra birmənalı olaraq İranın yanındadır. Çünki ABŞ dəstəklədiyi şahı SSRİ və Fransa dəstəklisi dindar Xomeyni hakimiyyətdən salaraq, yeni düzən yaratdı. O gündən etibarən dərininə münasibət quruldu və hər iki dövlət ən həssas anda rahat şəkildə bir araya gələ, birləşə bilir. İrana qarşı sanksiyalar tətbiq ediləndə ilk olaraq Rusiya onu unutmadı. Eləcə də Yaxın Şərqdə əməkdaşlıq, İran ordusunun silahlandırılması və s. bunun bariz nümunəsidir. Sadəcə, son zamanlar Rusiya çox yorulub. Bunun da səbəbi başının özünə qarışması və ABŞ-la ziddiyyətlərdir ki, Rusiyanın başını özünə qatmağa hesablanıb. Başqa heç bir məsələ yoxdur”.

Şərhçi Rusiyanın artıq müttəfiqlərini müdafiə etməkdə çətinlik çəkdiyini də söylədi: “İlin ilk ayında İran vuruldu, ardınca da təyyarə sabotajı ilə gücsüz və müti duruma salındı. Bu günün İranı iki ay əvvəlin dövləti deyil. Ardınca digər müttəfiqi Çin sarsıldı. Hətta bu, o qədər dəhşətli nəticə verib ki, Çin milli gəlirə görə ikinci yerdən dördə-beşə qədər düşəcək və ən əsası gücünü itirdi. Bunların fonunda sanksiyalardan əziyyət çəkən Rusiya üçün artıq hər şey çətindir. Rusiya ilə İran heç bir zaman müttəfiqliyi buraxmazlar”.

Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Rusiya heç zaman İrandan imtina etməz: “Rusiya-İran münasibətləri nə qədər sıx əməkdaşlıq atmosferində olsa da, Moskva daim öz maraqları kontekstində Tehrana qarşı Qərbin sanksiyalarını dəstəkləyib. BMT Təhlükəsizlik Şurasında İranın nüvə siyasətinə qarşı Qərblə birgə mövqe sərgiləyib. Bundan əlavə, Moskva Tehrana paralel dəstək verib. Buraya siyasi-iqtisadi və enerji sahəsində dəstəyi göstərə bilərik. Məhz Buşehr Atom Elektrik Stansiyasının tikintisini Rusiya reallaşdırıb. Yaxın Şərqdə, xüsusilə Suriya münaqişəsində hər iki tərəfin müttəfiqliyi fonunda tərəflər burada Qərbin planlarını alt-üst edib. Qeyd edim ki, Rusiyaya tətbiq edilən sanksiyalar və İranın artıq Suriyada daha da üstün mövqeyə gəlməsi Kremlin fərqli addımlar atmasına gətirir. Suriya siyasi elitasında Rusiya və İran meylli qüvvələr də mübarizə aparır. Artıq Rusiyanın İranın aktiv siyasi-hərbi fəaliyyətindən narahat olduğu şübhəsizdir. Ona görə də Qərbin özünə qarşı müəyyən qədər sanksiyalarını yüngülləşdirmək üçün İran ətrafında baş verənlərə səssiz qaldı. Hətta Putinin İrana xitabən Rusiyanın yanğınsöndürən maşın olmadığı deyimini qeyd etsək, Kreml öz maraqları naminə İran üzərindən Qərblə bazarlıq edir. Amma bununla belə, İran-Rusiya əlaqələrinin bitməsi mümkün görünmür. Burada Türkiyə-Rusiya əlaqələrinin inkişafına rəğmən, Moskva İran siyasətindən imtina etməz və Tehranla əlaqələri qırmaz. Hətta iqtisadi dəstək də verir, sabah nüvə enerjisinin inkişafına kredit də ayıra bilər. Biz Kremlin Tehranı Qərb qarşısında bir alət kimi istifadə etməsinin də şahidi olacağıq. İran ətrafında baş verənlərlə dolayı Moskvanın səssizliyi Qərbdən imtiyazlar əldə etməyə hesablanıb. Hesab edirəm ki, Yaxın Şərqdə siyasi-hərbi müstəvidə proseslər yenidən ciddi məcraya daxil olsa, Tehrana qarşı birbaşa hərbi müdaxiləyə cəhd edilsə, Rusiya İranı müdafiə edəcək. Rusiya istəməz ki, Yaxın Şərqdə təsir gücünə malik olan İran rejimi devrilsin. Çünki Moskvaya isti baxan İran hakimiyyətinin fəaliyyəti Kremlin geosiyasi maraqlarına cavab verir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.