Jirinovskidən yeni bəyanat - Moskva narahatdır
7-02-2020, 10:55

Politoloq: “Rusiya Qərbin keçmiş sovet respublikalarına nüfuz etməsindən narahatdır”
ABŞ dövlət katibi Mayk Pompeonun Belarus, Qazaxıstan və Özbəkistana səfərini şərh edən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bildirib ki, Pompeo “kökə paylamağa” gedib: “Pompeo hər yerdə kökə paylamağa gəlmişdi ki, onları Rusiyadan az da olsa, ayıra bilsin. Onlarınkı yezuit gülüşüdür - heç nə vermirlər, amma vəd edirlər. Bütün keçmiş sovet respublikaları ABŞ, NATO ilə Avropa, İslam dünyası, Çin və Rusiyadan əmirlər. Onlar üçün necə yaxşı olduğunu təsəvvür edirsinizmi? Onlara hər kəs verir ki, götür-götür, amma yalnız Moskva ilə olma. Moskva da verir. Biz Lukaşenkoya nə qədər vermişik”.
Jirinovski Lukaşenkonun yavaş-yavaş Rusiyadan üz çevirdiyini vurğulayıb: “Lukaşenko vəd verir ki, yox-yox, biz Rusiya ilə qardaşıq. Görərsiniz, o, tədricən üz çevirəcək. Qoy bu, Ukrayna-Baltikyanı variantı olmasın. Bütün Qərb ərazilərimiz-Baltikyanı, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan tədricən Qərbə doğru dönür və anti-Rusiya plasdarına çevrilirlər. Azərbaycan müqavimət göstərə bilər. Orada digər keçmiş sovet respublikalarından daha müdrik lider var”.
V.Jirinovskinin sözügedən həmin postsovet respublikalarının Qərbə doğru döndüyü barədə fikirləri əsaslıdırmı? Azərbaycan barədə dediyi necə?
Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Jirinovski Rusiyadakı qatı şovinist dairələrin danışan dilidir. Rusiyada indi əksər siyasi dairələr bu cür düşünür, demokrat kimi təqdim edilən Boris Yeltsin belə, bir gün ayıq oldusa da, onda da onun “demokratlığı”nın ölkəni hansı duruma gətirdiyini anladı və Putini varis təyin edərək Rusiyanı ona həvalə etdi: “Rusiyada ”dərin dövlət" varmı, yoxsa Jirinovski və onun kimilərinin dedikləri elə leqal hakimiyyətin mövqeyinin daha sərt dillə ifadəsidir?! Putin özü daha sərt dillə danışır və Jirinovskinin dediyi yeni bir şey deyil. Biz Putinin 2007-ci il məşhur Münhen nitqini xatırlasaq, o, Qərblə soyuq savaş açmaqda heç də Çörçillin 1946-cı il məşhur Fulton nitqindən geri qalmır".
Politoloq qeyd etdi ki, Rusiya Qərbin keçmiş sovet respublikalarına nüfuz etməsindən narahatdır və bütün resurslarını işə salaraq, buna imkan verməyəcək: “ABŞ-ın Gürcüstana xəbərdarlıq etməsi, Pompeonun Belarusa, Mərkəzi Asiyaya səfəri, Ərdoğanın Ukraynaya səfəri, türk hərbçilərinin öldürülməsi və s. aralarında qarşılıqlı əlaqə olan zəncirin ayrı-ayrı hissələridir. 2020-ci ildə Qərb və Rusiya arasında qarşıdurmaların yüksələn xətlə inkişafı gözlənilir. Əksər postsovet ölkələri Qərbə doğru dönür, bu, realdır. Ukrayna, Orta Asiya ölkələri, Belarus və Ermənistanda qərbyönümlü, xüsusilə amerikayönümlü qüvvələr ayaqdadır. Dekabr ayında Belarusda Rusiya ilə inteqrasiya əleyhinə mitinq keçirilmişdi. Təbii ki, Amerika bunu izləyir, görür və Rusiya ilə Belarus arasında neft sahəsində fikir ayrılığı yaranan kimi Minski 100 faiz neftlə təmin etmək təklif etdi. Görünən odur ki, Rusiyanın nüvə silahından sonra ən böyük təsir vasitələrdən biri olan neft-qaz rıçaqlarından istifadəyə imkan verməyən ABŞ Avropanı Rusiyadan enerji asılılığından xilas etməklə yetinməyərək, artıq MDB məkanındakı enerji oyunlarına daxil olub”.
N.Məmmədova dedi ki, Azərbaycan özü enerji ixracatçıları sırasına daxil olduğu üçün bu yollarla nə Qərbin, nə Rusiyanın təzyiqinə məruz qalmır. Azərbaycana qarşı əsasən insan haqları, Qarabağ və s. vasitələrlə təzyiq göstərilməyə çalışırlar: “Jirinovski haqlıdır ki, adıçəkilən bəzi ölkələrdə Qərbə meyllilik son illərdə artıb və bu, ilk növbədə Rusiyanın özünün yanlış siyasəti ilə bağlıdır. Rusiya həmin dövlətlərin müstəqilliyini qəbul etmədikcə, onlara öz müstəmləkəsi gözü ilə baxdıqca, ərazilərində münaqişələr yaradıb onları asılı vəziyyətə salmaqda davam etdikcə, əlbəttə, həmin ölkələr demokratiya və inkişaf yolu ilə nümunə olan Qərbə daha çox meyl edəcəklər. Onları Rusiyaya qorxudan başqa heç nə bağlamır. Jirinovski kimi ideoloqlar Qərblə keçinmək yox, Rusiya imperiyasının mirası üzərindən yürümək xəttinin tərəfdarlarıdır. Onlar öz siyasi ambisiyalarını o qədər aşkar ifadə edirlər ki, eynən Putin kimi, biz Rusiya dərin dövləti barədə düşünməyə macal tapmırıq. Rusiya dərin dövləti olsaydı belə, bu, ideoloji, siyasi, hərbi, kəşfiyyat, oliqarxiya və kilsədən ibarət nüfuzlu qrupların toplaşdığı hakimiyyət çevrəsindən başqa bir şey olmazdı. Bu qrupları ən çox birləşdirən güc və nüfuz savaşında ən azından yaxın regionlarda söz sahibi olmaqdır. Keçmiş sovet dövlətləri isə burada əsas hədəf, dünyadakı Rusiya hegemonluğunun özəyidir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”