Azərbaycanda bu ərazilərdə sürüşmə təhlükəsi... - Video
12-02-2020, 03:42

Azərbaycan ərazisinin 50 faizindən çox hissəsi sürüşmə, 40 faizindən çox hissəsi erroziya, 38 faizdən çox hissəsi isə sel riski daşıyır.
Axar.az xəbər verir ki, bunu Xəzər TV-yə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyib.
Onun sözlərinə görə, bu məlumatlar Azərbaycanda ilk dəfə olaraq hazırlanan ölkənin "Ekoloji risklər xəritəsi"ndə əks olunub.
Bu xəritə infrastruktur layihələrin həyata keçirilməsində, tikintidə, şəhər planlaşdırılmasında, sığorta işlərində vacib mənbə rolunu oynaya bilər.
Xəritənin hazırlanması zamanı Azərbaycan ərazisində sel, sürüşmə, daşqın, demoqrafik və texnogen yüklənmə, səth və yeraltı suların çirklənməsi, Xəzər dənizinin səviyyə tərəddüdü, şoranlaşma, bataqlaşma, səhralaşma və zəlzələ kimi ekoloji risk yaradan mənbələr müəyyən edilib. Xəritənin təhlilindən məlum olub ki, respublika ərazisinin 37,2%-i çox zəif, 19,8%-i zəif, 23,9%-i orta, 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli ərazilərdir.
Xəritənin hazırlanmasında 30-a qədər əvvəlki xəritələrdən də istifadə olunub.