Nikol Paşinyanın monarxiya qurmaq planı - və sərhəddəki snayperlər

12-02-2020, 10:06           
Nikol Paşinyanın monarxiya qurmaq planı - və sərhəddəki snayperlər
Ermənistan hakimiyyəti daxildəki gərginlikdən diqqəti yayındırmaq üçün Azərbaycanla sərhəddə gərginliyi tətikləyə bilər; işğalçı ölkənin “Rus NATO”sunu da prosesə cəlb etmək arzusu hələ ki ürəyində qalıb...

Son məlumata görə, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Belə ki, Ermənistan İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə məruz qalıb. Göründüyü kimi, işğalçı ölkə təkcə işğal zonasındakı mövqelərdən deyil, iki dövlətin sərhədboyu ərazilərindən də hərbçilərimizə atəş açıb.

Bu isə əvvəllər də qeyd etdiyimiz kimi, düşmənin məkrli planının tərkib hissəsidir. İrəvan bütün təxribatlara əl atır ki, “Rus NATO”-sunu - KTMT-ni konfliktə cəlb etsin. Düzdür, Ermənistan xaric, KTMT-də təmsil olunan digər ölkələr, o cümlədən İrəvanın hərbi müttəfiqi olan Rusiya Azərbaycan faktoruna kifayət qədər önəm verməklə yanaşı, işğalçının yanında yer almaq niyyətində olmadığını nümayiş etdirməkdədir. Lakin istənilən halda, Ermənistan təxribatlarından əl çəkmir. Heç şübhəsiz İrəvanın aqressiv və təxribatçı mövqeyini davam etdirməsi həm də onun gizlində himayə olunmasından qaynaqlanır. Əks təqdirdə, Ermənistan bir gün belə ənənəvi mövqedə dayana bilməz, torpaqlarımızı boşaltmağa vadar olardı.

“Azərbaycan Ordusu 24 saat içində bütün Ermənistanı ələ keçirə bilər”. Bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, İstanbulun TBMM-dəki millət vəkili Şamil Ayrım Publika.az-a özəl açıqlamasında deyib. Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına baxış bucağı barədə danışan millət vəkili bildirib ki, müharibə, hərb ən son çıxış yolu ola bilər: “Vətəndaşlarımızın burnunun belə qanamasını istəmirik. Müharibəni ağlımızdan belə keçirmirik. Çünki bugünkü savaşlar masa başında qazanılıb. Problemin diplomatik yolla həll edilməsi vacibdir. Çünki regionda balanslaşma var. Azərbaycanın Rusiya və Türkiyə ilə münasibətləri yaxşıdır. Eyni zamanda Rusiya Ermənistanın daxili məsələlərinə, təhlükəsizliyinə, elektrik enerjisinə belə nəzarət edir. Ona görə Qarabağ həssas məsələdir. Amma şərtlər dəyişərsə, türk millətinin qarşısını kəsə bilməzsiniz. Bu fərqli bir şeydir. Qarabağ münaqişəsi başlandığı zaman könüllü şəkildə gələn minlərlə insan var idi. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri heç bir iki ölkə arasında olmayan əlaqədir. Borcumuz bu münasibətlərə kölgə salacaq xainlərə qarşı savaşmaqdır. Bu ortamı itirməməliyik. Yaşadığımız coğrafiyada bizə yuxu yoxdur”.

Ermənistanın Azərbaycan qarşısında davam gətirmək gücündə olmadığını bu konfliktlə tanış olan bütün ekspertlər çox yaxşı bilirlər. Elə beynəlxalq hesabatlarda Azərbaycan ordusunun bütün göstəricilərinə görə Ermənistanı iki dəfə qabaqlaması da deyilənlərə əyani sübutdur və obyektiv beynəlxalq rəydir. Lakin bu da təəssüf doğuran reallıqdır ki, beynəlxalq aləmdə ikili standartlar və dolayı şəkildə verilən dəstək işğalçını şirnikləndirir.

Bu arada ABŞ prezidenti Donald Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını azaltmaq istəyi barədə məlumatlar yayılıb. Bu mövzunu Axar.az-a şərh edən politoloq Qabil Hüseynli Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını azaltmaq planının Ermənistana təsirindən də danışıb. “Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını azaltmaq planından ən çox Ermənistan zərər görəcək. ABŞ bir müddət Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı edirdi. Prezident İlham Əliyevin səyləri nəticəsində bu yardım dayandırıldı. Son zamanlar ABŞ-ın Ermənistan və Azərbaycana maliyyə yardımının nisbəti də ciddi mənada dəyişib. Ötən ilin statistikasına baxdıqda görə bilərik ki, ABŞ Ermənistana 10, Azərbaycana isə 100 milyon dollar maliyyə yardımı edib. Əlbəttə ki, son zamanlar Azərbaycanın regionda apardığı uğurlu xarici siyasət, geosiyasi enerji və nəqliyyat layihələrini ABŞ da təqdir edir. Mən inanıram ki, ABŞ prezidenti Donald Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını azaltmaq planı ölkəmizə çox da təsir etməyəcək”-Q.Hüseynli deyib.

İanələr və yardımlar hesabına yaşayan işğalçı ölkə əslində sanksiyalara məruz qalmalı idi. Lakin ikili standartlar burada da öz sözünü deyir. Elə bu kimi ikili yanaşmanın nəticəsidir ki, Ermənistan hakimiyyəti Qarabağ separatçılarının başına yeni bir qulduru gətirmək üçün “seçki” adında növbəti şounu həyata keçirməyə hazırlaşır. Mart ayında keçirilməsi nəzərdə tutulan bu şounu durdurmaq üçün beynəlxalq birliyin hərəkətə keçməməsi, sadəcə, “biz bu seçkiləri tanımırıq” kimi şablon açıqlamalar vermələri son nəticədə separatçıların və Ermənistan hakimiyyətinin azğınlaşmasını tətikləyir. Bu mənada bir sıra ekspertlər hesab edir ki, beynəlxalq birliyin Qarabağ separatçılarına heç olmasa Katoloniya separatçılarına bəslədiyi qədər sərt reaksiya göstərməməsi fonunda Azərbaycan sərt tədbirlərə əl atmalı, düşmənə növbəti aprel şoku yaşatmalıdır.

QAT sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, vəziyyət qaneedici sayıla bilməz: “Bir tərəfdə danışıqlar gedir, deyək ki, beynəlxalq tələblərə uyğun olaraq bu prosesdən çıxa bilmərik. Bunu normal hesab edək. Digər tərəfdən, aydın görürük ki, ermənilər danışıqlar prosesini davam etdirir, amma həm də öz işlərindədirlər. Yəni ”seçki" keçirir və digər işlərini görürlər. Amma bizdə buna uyğun işlər getmir. Vəziyyətin fəlakətli olması bununla bağlıdır. Sanki 1980-ci illərin sonu, 90-cı illərin əvvəlindəki vəziyyət təkrar olunur. O zaman Moskva danışıqlar aparır, qərarlar qəbul edirdi, ermənilər Moskvaya qulaq asır, amma öz işlərini də davam etdirirdilər. Biz isə ümidimizi Moskvaya bağlamışdıq, başqa heç bir hərəkətimiz yox idi. İndi də ümidimizi beynəlxalq danışıqlara bağlamışıq". QAT sədri hesab edir ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bəyanatları ilə kifayətlənməməliyik: “Bütün bu amillərin fonunda Qarabağın taleyi çox qaranlıq görünür. Çıxış yolu müharibədir. Hakimiyyət bu yolu seçəcək, yoxsa yox , demək çox çətindir. Amma başqa yol yoxdur”.

****

Ermənistan daxilində isə növbəti gərginlik ocaqları işarmaqdadır. Nikol Paşinyanın konstitusiya islahatları adı altında referendum qərarı verməsi daxildəki rəqiblərinin etirazına səbəb olub. “Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistandakı ARF Partiyasının üzvü Armenui Kyureqyan deyib ki, hakimiyyət referendum qərarı verməklə əslində monarxiya qurmaq istiqamətində addım atıb. Proseslərin daxildəki gərginliyi artıracağı qaçılmaz görünür.

N.Paşinyan sələflərinin yolunu təkrarlayaraq Azərbaycanla sərhəddə gərginliyin artırılmasına və xalqın diqqətini “xarici düşmənə” yönəltməyə cəhd edə bilər. Elə sərhəd boyunca snayperlərin işə düşməsi də bu ehtimalı gücləndirir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan da yaratdığı partiyasının məram-məqsədindən danışarkən deyib ki, hökumət “məxməri inqilab”ın hədəflərindən uzaqlaşıb. O, Paşinyanın Ermənistana ədalət, həyat səviyyəsinin artırılması, təhsildə, səhiyyədə, sosial sferada xidmətin yüksəldilməsi vədini verdiyini, amma bunu reallaşdırmadığını bildirib. (Axar.az) Vanetsyan həmçinin Rusiyanın Ermənistanın strateji müttəfiqi olduğunu bildirib. Eks-kəşfiyyat şefi bundan sonra da İrəvanla Moskvanın strateji münasibətlərini saxlamalı olduğunu söyləyib: “Bu gün Ermənistanda hakimiyyəti müxalifətdə olarkən anti-Rusiya mövqeyi ilə çıxış edənlər tutub. Nikol Paşinyanın özü parlamentdə Ermənistanın Avrasiya İttifaqından çıxması təşəbbüsünü irəli sürüb. Onlar Avrasiya İttifaqının Ermənistana təhdid olduğunu bəyan edirdilər”.

Müşahidələr onu göstərir ki, işğalçı ölkə növbəti inqilaba “hamilə”dir. N.Paşinyanın hansı sərsəm plana əl atacağı çox maraqlıdır. Ancaq bizi daha çox düşündürən sözsüz ki, işğaldakı torpaqlarımızın taleyidir.
"Yeni Müsavat"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.