Özlərini buraxdılar və yenidən “toparlandılar”

13-02-2020, 21:08           
Özlərini buraxdılar və yenidən “toparlandılar”
Azərbaycanda növbədənkənar parlament seçkiləri “dönməz və sarsılmaz ənənələrə” sadiqlik şəraitində keçdi – “karusel”, rəqibin müşahidəçisinə qarşı fiziki, psixoloji təzyiqlər, alt paltarlarından, masaların altından çıxan bülletenlər və s. Bu il bu “ənənə”yə daha biri əlavə olundu: “karusel” əməliyyatı “arayış”la legitimləşdirildi. Belə ki, başqa yerdə qeydiyyatda olanlar MİS-dən bir arayış almaqla, istənilən məntəqədə səs verməyə yönləndirilirdilər. Digərləri kimi, bu da qanunsuz hərəkətdir. Müvəqqəti yaşamaq bütün hallarda seçici olmaq anlamına gəlmir. Bəzi məntəqələrdə əlbəyaxa dava, fiziki şiddət hallarına da rast gəlindi.

Ötən il əhalinin siyahıyaalınması keçirildi, buna büdcədən milyonlarla vəsait ayrıldı, amma yenə də illər öncə dünyadan köçmüş insanların adına seçkidə iştirakla bağlı çağırışlar gəldi.

9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün ümumilikdə 2431 nəfər müraciət etdi. Namizədliyi qeydə alınmış 1637 nəfərdən 321 nəfəri sonradan namizədliyini geri götürdü, 2 nəfərin isə namizədliyi ləğv edildi.

Demokratik Təşəbbüslər İnstitutunun ikinci aralıq hesabatında göstərilir ki, seçici siyahılarının yenilənməsi yanvarın 15-də 125 seçki dairəsi üzrə 5,238,000 nəfərlə başa çatıb. Siyahıya əlavə 25,098 seçici daxil edilib. MSK-nın sayı ilə Dovlət Statistika Komitəsinin acıqladığı rəqəm yenə də kəskin surətdə fərqlənir.

Seçkini daha həyəcanlı edən, gözəlləşdirən mübarizənin açıq və şəffaf keçirilməsidir. Ədalətli oyun qaydaları hər iki qapı üçün eynidir. Bu qaydaların da bütün ölkənin gözü qarşısında təcəssüm etməsi qələbəni sorğulamağa yer qoymur. Məşhurlardan biri deyib ki, televiziya özünün ən eybəcər və yonulmamış formasında demokratiyadır. Əfsuslar olsun ki, elektron media bu dəfə də öz ənənəsinə “sadiq” qaldı. Seçki kimi ictimai əhəmiyyət kəsb edən hadisə işıqlandırılmadı. Müstəqil proqram siyasəti və maliyyə müstəqilliyi olmayan medianın bu addımı bəlkə də anlaşılandır. Seçki kimi vacib bir prosesdən kənarda qalmaq, reklam və auditoriya cəlb etmək kimi dərdi olmayan bir media quruluşunun davranışı necə qiymətləndirilməlidir ki?! İctimai Televiziya və Radio Yayımları Şirkətinin seçkilərdə ödənişli reklam qiymətini ən çox izlənmə saatında dəqiqəsi 4602 manat, ən az izlənmə saatında dəqiqəsi 1558 manat müəyyən etməsi maraqlı mülahizələrə əsas verir. İctimai TV bununla bağlı yalnız protokol tipli açıqlama verməklə yaxasını kənara çəkdi. Dövlət büdcəsindən maliyyələşən bir medianın belə fantastik qiymətlər təyin etməsinin səbəbləri barədə bir izahatı olmadı.

Sosial media həyatımıza daxil olsa da, düşüncələrimizə hakim kəsilməyib. Yəni orta statistik azərbaycanlı seçici üçün ənənəvi media hələ də böyük dəyər kəsb edir. Televiziya kanallarında seçkilərlə bağlı debat, ictimai müzakirələr olmadıqca, əhali seçkiyə maraq göstərməyəcək.

Namizədlərin say çoxluğu da hansısa üstün məziyyətləri ilə yadda qalmadı. Əhali ilə görüşlər üçün ayrılmış yerlər məhdudluğu ilə seçilirdi. Partiya və namizədlərə mitinq yerləri ayrılmadı, kütləvi tədbirlər keçirilmədi. Ayrılmış yerlərin əksəriyyəti heç bir infrastrukturu olmayan mədəniyyət zalları və xeyir-şər obyektləri idi. Sonuncudan yayılan foto və videolar da seçki abu-havasından çox, yas mərasimini xatırladırdı.

MSK ölkədə seçici fəallığının 48% olduğunu açıqladı, müstəqil ekspertlər isə təxminən 20% olduğu qənaətindədirlər. Bu seçki əvvəlkilərdən ona görə fərqləndi ki, xeyli sayda müşahidəçi ordusu formalaşdı. Müxalif və müstəqil namizədlər vaxt azlığına baxmayaraq, yaxşı təşkilatlana bildilər. Elə namizəd vardı ki, hər məntəqədə 3 müşahidəçi ilə təmsil olunurdu. MSK-nın elan etdiyi səs faizləri ilə məntəqələrdə müşahidəçilərin hər seçicini saymaları nəticəsində ortaya fərqli mənzərə çıxırdı.

Qanun pozuntuları uzun zamandır ki, seçki prosesinin bir hissəsidir. Bu halla da hüquq müstəvisində mübarizə aparmaq mümkün deyil. Lap əvvəldə qeyd etdiyimiz və illərin süzgəcindən gəlmiş qanun pozuntuları həmin an verilmiş qərar deyil. Prosesə uzun zamandan bəri ciddi hazırlıq gedir. Büdcə təşkilatlarının üzvləri ilə öncədən keçirilən görüşlər, onlara verilən təlimatlar hər şeyin öncədən hazırlandığının təminatıdır.

Seçkiləri müşahidə edən AŞPA-dan olan məruzəçi Frank Şvabenin bu sözləri seçkiqabağı, seçki günü və seçkidən sonrakı günü tam əhatə edir: “Seçkilərə qatılmağa icazə verdilər amma udmağa icazə vermədilər”.

…və göydən üç alma düşdü.

Müəllif: Seymur Kazımov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.