Kremlə növbəti hədə: Qəzəb, yoxsa "seçki manevri"?
16-05-2020, 19:26

Xəbər verildiyi kimi, Vaşinqtonda yerləşən Hudson İnstitutunda çıxış edən ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri, Birləşmiş Ştatların bu ölkədəki hərbi mövcudluğunu davam etdirəcəyini və məqsədlərinin Suriyada müharibəni Rusiya üçün "çıxılmaz hala gətirmək" olduğunu söyləyib.
Ceyms Cefrinin çıxışında “Təqib etdiyimiz siyasətin ağıllı bir siyasət olduğunu düşünürük. Suriya Əfqanıstan və ya Vyetnam deyil. Bu, ABŞ üçün çıxılmaz hadisə də deyil. Mənim vəzifəm bu müharibəni ruslar üçün çıxılmaz hala gətirməkdir”.
Maraqlıdır, ABŞ-ın Rusiyaya qarşı öz mövqeyini sərt və açıq şəkildə bəyan etməsinin səbəbi nədir?
“Cümhuriyət”ə açıqlamasında politoloq Fikrət Sadıqov deyib ki, ABŞ Rusiyanı bölgədən çıxarmağa çalışır:
“ABŞ-Rusiya qarşıdurmasının bir sıra amilləri Suriya ilə də bağlıdır. Çünki burada son illərdə ABŞ-la Rusiyanın maraqları toqquşur. Doğrudur, Amerika qərara gəlib ki, Əfqanıstandan qoşunlarını çıxarsın. Amma Suriyada vəziyyət müəyyən mənada fərqlidir. ABŞ başa düşüb ki, Suriyadan çıxsa, orada maraqları olan Rusiya, Türkiyə və İranın mövqeyi güclənəcək. Hətta Türkiyə ilə Amerikanın maraqlarının da toqquşma nöqtələri olur. Məhz buna görə Türkiyə Rusiya ilə anlaşmaya getmişdi. Hazırda Suriyada da birgə nəzarət sistemi bundan xəbər verir. Bu da ABŞ-ı qıcıqlandırır. Ona görə də Amerika Rusiyanın hazırkı zəifləmiş vəziyyətindən istifadə edib onu sözügedən ərazidən sıxışdıraraq çıxarmaq istəyir. Yəni Birləşmiş Ştatalar çalışır ki, Rusiya Bəşər Əsədə kömək etməkdən imtina etsin. Bu da çətin və problemli məsələdir. Çünki Rusiya nə qədər zəif olsa da, Suriyadan əl çəkməyəcək və sonadək Bəşər Əsəd rejimini dəstəkləyəcək. Amma digər reallıq da odur ki, Rusiyaya təzyiq artır. Bildiyimizə görə, İran qoşunlarının bir hissəsi artıq Suriyadan çıxarılır. Yəni ABŞ-ın Rusiyaya təzyiqləri birmənalı şəkildə müşahidə olunur. Çünki onun Yaxın Şərqdəki strateji maraqları kifayət qədər genişdir. Ona görə də Suriya uğrunda ABŞ-Rusiya qarşıdurması davam edəcək və Ağ Ev rəhbərliyi rəsmi Moskvaya təzyiqləri artıracaq. Amma Rusiyanın da zəifləməsi tezliklə təslim olacağı anlamına gəlməz”.
Ekspert hesab edir ki, ABŞ-ın bu mövqeyi həm də seçkiqabağı kampaniyalara hesablanmış addımdır:
“ABŞ-ın bu addımını seçkiqabağı kampaniya fonunda da dəyərləndirmək lazımdır. Çünki Amerikada hazırda seçkiqabağı kampaniya başladılıb və Tramp çalışır ki, siyasi arenada atdığı bütün addımlarını bu səpkidə həyata keçirsin. Yəni Tramp Amerikanı qalib ölkə kimi göstərməyə çalışır. Məqsəd də ikinci dəfə prezident seçilmək istəyidir. Çünki ona həm xarici, həm də daxili siyasətdə uğurlu addımların nəticələri lazımdır. Məsələnin digər tərəfi isə ölkədə geniş miqyasda yayılan pandemiya ilə bağlıdır. Trampa qarşı böyük etirazlar var. Sosial gərginlik Trampın əleyhinə işləyə bilər. Amerikada işsizlərin sayı 33 milyona çatıb. Bu elə də kiçik rəqəm deyil. Eyni zamanda Trampın rəqibləri bundan anti-təbliğat vasitəsi kimi istifadə edir. Ona görə də Ağ Ev rəhbəri çalışır ki, daxildə ona yönəlmiş sosial narazılıqları aradan qaldırsın. Bunun üçün də xarici siyasətlə cəmiyyətin diqqətini daxildəki problemlərdən yayındırmağa çalışır. Yəni ABŞ rəsmisinin Rusiya ilə bağlı kəskin çıxışı da buna yönəlib”.