Qarabağda “andiçmə” şousu və susqun dünya: - “Bütün gücümüzü qoyub o təxribata mane olmalıyıq”
18-05-2020, 17:40

Xəbər verildiyi kimi, bu ilin aprelin 14-də qondarma Dağlıq Qarabağ Respublikasında "prezident seçkiləri" keçirildi.
Beynəlxalq aləm bu seçki şousunu ciddiyə almasa da, ermənilər yenə öz həyasızlıqlarından qalmayaraq bir az da irəli getdilər. İndi də mayın 21-də Şuşada atəşfəşanlıqla qondarma Dağlıq Qarabağ Respublikası "prezident"inin inauqurasiya mərasimini keçirməyi düşünürlər.
Beynəlxaq təşkilatlar isə vəziyyəti sadəcə seyr etməklə və ya uzağı bir-iki “dişsiz” bəyanat verməklə kifayətlənir.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayaraq beynəlxalq hüququ pozan, işğal olunmuş Azərbaycan torpaqlarında “seçkilər” keçirib, inaqurasiyaya hazırlaşan ermənilərə nə üçün beynəlxalq təşkilatlar tərəfindən sanksiyalar tətbiq olunmur?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, ermənilərin bu addımı Azərbaycana ünvanlanıb:
“BMT 4 qətnamə qəbul edib və heç biri də işləmir. Guya indi növbəti qətnamə qəbul olunsa, Paşinyanın hərəkətində nə dəyişəcək ki? Biz artıq anlamalıyıq ki, beynəlxalq təşkilatlar bu problemi həll etmək istəmirlər, maraqları yoxdur. Paşinyanın 21 mayda gəlib Şuşada andiçmə mərasimində iştirak edərək separatçıların yeni “prezidenti”ni təbrik etməsi bizə bir mesajdır. Bu, o deməkdir ki, işğal davam edəcək və heç bir rayon boşaldılmayacaq. Ona görə də hər şeyi özümüz etməliyik. Hansısa beynəlxalq təşkilatdan kömək ummaq doğru deyil. Biz düşünməliyik ki, 21 mayda ermənilərin təxribatına necə mane ola bilərik? Bu barədə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi düşünməlidir. Yəni müxtəlif alətlər işə salınmalıdır. İki gündən sonra onların Şuşada tədbirləri olacaq və biz elə etməliyik ki, bunu pozaq. Şərt deyil ki, savaş başlasın və ya hərbi əməliyyatlar işə düşsün. Bunun müxtəlif yolları var. Çətin ki, beynəlxalq təşkilatlar bu qondarma andiçmənin qarşısını almaq üçün hansısa qətnamə qəbul etsin. Hətta etsə belə, bunun bizə heç bir xeyri yoxdur. Biz 25 ildə anlamalıydıq ki, kimsə vəziyyəti bizim xeyrimizə dəyişməyəcək. Necə ki, 2016-cı ildə özümüz qollarımızı çırmalayaraq müəyyən addımlar atdıqsa, indi də həmin addımları davam etdirməliyik. Doğrudur, bu addımları davam etdirmək də asan olmayacaq. Hətta təzyiqlərlə də üzləşə bilərik. Yəni risklər var. Amma risklərin olması o demək deyil ki, biz sakit durmalıyıq. 2016-cı ildə bizə Rusiyanın təzyiqi oldu. Digər böyük dövlətlər və beynəlxalq təşkilatlar təzyiq etmədi. Demək, Rusiya ilə bağlı müəyyən ssenarilər hazırlamalıyıq ki, növbəti addımlarımızda onun təzyiqləri ilə üzləşməyək. Ermənilər vaxtaşırı bu separatçılıqlarını davam etdirəcəklər. Onlar Şuşada, Kəlbəcərdə və digər rayonlarımızda məskunlaşma siyasəti aparırlar. Bu da bizim əleyhimizə yönəlmiş siyasətdir. Bu barədə də ciddi şəkildə düşünülməlidir. Əgər 25 il əvvəl imzalanan atəşkəs bizə daxildəki vəziyyət baxımından vacib idisə, indiki halda o, bizim əleyhimizə işləyir. Bundan qurtulmağın yolları barədə düşünməliyik”.
Politoloq qanunsuz əməllərinə baxmayaraq Ermənistana deyil, hər haqlı addımında Azərbaycana olunan təzyiqlərin səbəbindən də danışıb:
“Biz ciddi düşünməliyik , nəyə görə ATƏT-in Minsk qrupu Ermənistana demir ki, siz bu təxribatları dayandırın? Bundan əlavə münaqişənin həllini niyə uzadırlar? Ermənilərin qondarma prezident andiçməsi keçirmələri azmış kimi, onu bir də Şuşada qeyd etməyə hazırlaşırlar. Onlar bunu Xankəndində deyil, Şuşada bilərəkdən keçirirlər. Şuşanın bu məsələyə nə aidiyyatı var? Kəlbəcər də, Laçın da boşaldılmalı idi. Əgər boşaldılmalıdırsa, ermənilər hansı hədlə orada məskunlaşırlar? Çox təəssüf ki, bu suallar da onlara verilmir. Bilmirəm Xarici İşlər naziri bu sahədə fəaliyyət aparır, ya yox. Çünki bu barədə bizim hesabatımız yoxdur, hesabatla tanış deyilik. Amma bu suallar verilmirsə, deməli bizim diplomatiyamızda problemlər var”.
Elxan Şahinoğlu onu da əlavə edib ki, Xarici İşlər Nazirliyi Dağlıq Qarabağla bağlı danışıqların gedişatı barədə cəmiyyəti məlumatlandırmalıdır:
“Xarici İşlər Nazirliyi Dağlıq Qarabağla bağlı danışıqların gedişatı barədə cəmiyyəti məlumatlandırmalıdır. Amma çox təəssüf ki, Xarici İşlər naziri Azərbaycan dilində səlis danışa bilmədiyi üçün müsahibələri rus dilində verir. Doğrudur, bir sıra məlumatlar nazirliyin mətbuat xidmətindən verilir. Amma son illərdə Xarici İşlər Nazirliyi “Bəyanat Nazirliyi”nə çevrilib. Nazirliyin işi yalnız bəyanat verməkdən ibarət olmalı deyil. Çünki 25 ildə bu bəyanatlar bizə heç bir fayda verməyib. Biz münaqişənin həlli istiqamətində aparılan işlər barədə Xarici İşlər Nazirliyindən ətraflı məlumat ala bilmədiyimiz üçün erməni mətbuatından bizə dezinformasiyalar ötürülür. Bizim də mətbuat məcbur qalıb Ermənistandan yayılan məlumata istinadən ya yanlış məlumatlar yayır, ya da politoloq şərhi verir. Əslində bu doğru deyil. Çünki bəzən bizə dezinformasiya ötürülür. Yəni biz informasiya mübarizəsində də uduzuruq”.