Ermənistan Dağlıq Qarabağda etnik təmizləmə siyasəti aparıb

18-06-2020, 00:00           
Ermənistan Dağlıq Qarabağda etnik təmizləmə siyasəti aparıb
Çar Rusiyası və dünyanın böyük dövlətləri tərəfindən Azərbaycan torpaqlarına köçürülən ermənilər-haylar bizim ərazilərimizdə yerləşdikdən sonra öz ənənəvi xislətlərinə sadiq qalaraq xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirməyə başlayıblar.

Tarixçilər qeyd edirlər ki, son iki yüz il ərzində tarixi Azərbaycan ərazisində gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz dədə-baba ocaqlarından zorla köçürülmə, onlara qarşı ardıcıl şəkildə həyata keçirilən etnik təmizləmə və deportasiya siyasətinin qurbanları olublar.

Yüz ildən də çox bir zaman ərzində ermənipərəst qüvvələrin və erməni millətçilərinin yürütdükləri ərazi iddiaları və etnik təmizləmə siyasətinin nəticələri göz qabağındadır. Bunu, sadəcə, beynəlxalq qurumlar görməzdən gəlirlər.

Politoloq Elçin Əhmədov müəllifi olduğu “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika” (1987-2011) ensiklopedik nəşrində qeyd edir ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevrilib. “Hər zaman olduğu kimi, XX əsrin 80-ci illərinin sonunda da Dağlıq Qarabağa dair ərazi iddiaları məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, xaricdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə ermənilər tərəfindən mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.

1988-ci il hadisələri başlayanda ilk vaxtlar erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda kütləvi mitinqlər təşkil edildi. Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.

Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq, DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. Eyni zamanda, DQMV-nin idarə və müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin, faktiki olaraq, Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil oldu. DQMV ərazisində Azərbaycanın dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və Ermənistanın bayrağı və gerbi qaldırıldı. Ermənistan rəhbərliyi və erməni millətçiləri mərkəzin bəzi dairələrinin köməyi ilə vilayətdə, əsl mənada, Dağlıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən mənimsənilməsi prosesi aparırdılar. Təəssüf ki, hadisələrin başlanğıcında erməni millətçilərinin qarşısının alınmaması vəziyyəti get-gedə gərginləşdirirdi. Belə ki, Sovet rəhbərliyinin çox ciddi, bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı ki, bununla da DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Nəticədə minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. SSRİ-nin süqutundan sonra ermənilər artıq Azərbaycan hökumətinin nəzarət edə bilmədiyi vilayətdə Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törətdilər. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca Yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırım nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaq idi. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdü.

Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1992-ci ilin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. Belə ki, müstəqilliyini əldə edən Azərbaycan Respublikası ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox müzakirə obyektində oldu”.

E.Əhmədov yazır ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinin (4,4 min kv.km) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. “Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Ermənistanın Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali (ümumi əhalinin 15%-i) öz torpağından məcburən köçkün və qaçqın vəziyyətinə düşdü. Hazırda Azərbaycan ərazisinin 20 %-dən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Eyni zamanda, dövlət terrorizmi və soyqırım siyasəti yeridən Ermənistan Respublikası tərəfindən 1988-1994-cü illərdə, ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.

Çox təəssüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz yumdu və təcavüzkarın qarşısının alınması üçün heç bir əməli tədbir görmədi. 1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı və Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri qəbul edilərkən Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük verdilər. Cəzasız qaldığından ruhlanan və bundan istifadə edən Ermənistan tərəfi BMT TŞ-nin münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı. ATƏM-in Minsk Qrupunun bu illərdəki fəaliyyətinə nəzər salsaq, demək olar ki, onun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirmək üçün hazırladığı “Təxirəsalınmaz tədbirlər cədvəli” heç bir təsir gücünə malik deyildi.

ATƏM-in başlıca çatışmazlıqlarından biri də məhz ATƏM çərçivəsində və onun himayəsi altında müqaviləni yerinə yetirməkdən imtina edən tərəfə qarşı sanksiya qəbuletmə mexanizminin olmaması idi. Minsk Qrupu tərəfindən qəbul edilən sənədlər yalnız məsləhət və ya tövsiyə xarakteri daşıyırdı. Bununla yanaşı, ATƏM-də tətbiq olunan qarşılıqlı güzəşt prinsipi müqaviləni pozan tərəfə öz əməllərinə görə məsuliyyət daşımamaq imkanı verirdi...”.
BAKİXEBER.COM












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.