Jurnalistlərin gözlədiyi qanun yenidən gündəmdə
1-02-2016, 14:59
Azərbaycanda uzun zamandır qəbul olunması gözlənilən “Diffamasiya haqqında” qanun layihəsi yenidən gündəmə gəlib.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı “Diffamasiya haqqında” qanunun qəbul olunmasınınn zəruri olduğunu qeyd edib.
MŞ sədri bildirib ki, jurnalist yazdığı yazıya görə həbs edilməməlidir: “Narahatlıq başadüşüləndir, mediada müxtəlif materiallar dərc olunur. Amma faktiki olaraq ölkədə heç kim Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunmayıb. Azərbaycan Mətbuat Şurası da bunu əsas tutaraq konkret təklfilər hazırlayıb, ATƏT-in Bakı Ofisi ekspertizasından keçib. İlkin variant kimi Mətbuat Şurasının Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim etdiyi layihə əsas götürülə bilər”.
Həmçinin Mətbuat Şurasının sədri manatın uclaşmasından sonra mətbuatın üzləşdiyi problemlərdən söz açıb. O, ölkəyə gətirilən qəzet kağızına, həmçinin hazır çap məhsullarına tətbiq ediən ƏDV-nin ləğv edilməsi təklif edib:
“Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Biz bu məsələyə qayıdaraq mətbuatın durumunu yaxşılaşdırmaq üçün mətbuat üzərindəki ƏDV-nin aradan qaldırılması məsələsini gündəmə gətirsək, çox yaxşı olar”.