Politoloqdan şimal təhlükəsi ilə bağlı şok xəbərdarlıq - “Rusiya Azərbaycana hava zərbələri endirə bilər”

3-02-2016, 09:34           

Azərbaycanla Qərb arasında soyuq münasibətlərin yerini nisbətən normal gəlişmələr əvəzlədiyi bir zamanda yenidən “şimal küləyi”nin güclənməsi müşahidə olunur. Hər halda, bir neçə ay əvvəlki dövrlə müqayisədə indi Rusiyadan təhdid mesajları daha ardıcıl şəkildə gəlməyə başlayıb.

Görünür, Kreml rəsmi Bakının Avropa və Amerika ilə münasibətlərini normallaşdırmasını sinirə bilmədiyi üçün yenidən xarici siyasətində aqressiv notları işə salıb. Moskvanın Gürcüstan və Azərbaycanla bağlı planlarının olmasından ötən saylarımızda bəhs etmişdik.

“Bakı Xəbər” qəzeti isə bu mövzuda digər ilginc məlumatları dərc edib. Qəzet Rusiya prezidenti Vladimir Putinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Sergey Məlikovun açıqlamalarına diqqət çəkib. S.Məlikovun sözlərinə görə, Dağıstanda fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin sıralarına əcnəbi terrorçular axışır: “Dağıstandakı qanunsuz silahlı dəstələrin sıralarının daim çoxaldığını, həmçinin xarici ölkələrdən gələn silahlılarla təmin edildiklərini də unutmaq lazım deyil. Yerli hüquq-mühafizə orqanları silahlıların və himayədarlarının axtarışı ilə bağlı əməliyyatları davam etdirir”.

Qeyd edək ki, son günlər Azərbaycanın şimal cəbhəsində fövqəladə vəziyyət hökm sürür. Belə ki, Dağıstanın Buynaksk, Karabudax kənd və Kumtorkalinsk rayonlarında antiterror əməliyyatı rejimi elan edilib. Rayonlara Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin göndərildiyi bildirilir. Bu rayonlarda terrorçuların axtarışı aparılır. Bundan əvvəl isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktor müavini, Milli Antiterror Komitəsi Aparatının rəhbəri İqor Sirotkin Mahaçqalada olarkən bəyan edib ki, Dağıstanda ötən il keçirilən xüsusi əməliyyatlar zamanı 100-ə yaxın silahlı zərərsizləşdirilib. İqor Sirotkinin sözlərinə görə, Suriya və İraqda gedən hərbi əməliyyatlarda döyüşmək üçün Dağıstandan 800-ə yaxın adam gedib.

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov isə bildirib ki, hazırda terror strukturlarının tərkibində dünyanın 100-dən çox ölkəsinin vətəndaşı döyüşür. FTX rəhbəri onu da qeyd edib ki, ”ərəb baharı" çərçivəsində dünyada və regionda bəzi ölkələrin İŞİD terror təşkilatına verdiyi dəstək nəticəsində bu terror təşkilatının gücü artıb və bu yolla həmin ölkələr öz siyasi niyyətlərini həyata keçirmək istiqamətində fəaliyyətlərini gücləndirib. Xatırladaq ki, İŞİD-in möhkəmlənmək istədiyi bölgələrdən biri də məhz Şimali Qafqazdır. O da maraqlıdır ki, Rusiyanın Suriyada İŞİD-ə qarşı əməliyyatlar keçirdiyi bir vaxtda Dağıstandan terror qruplaşması sıralarına qoşulmaq üçün evini tərk edənlərin sayı çox olmaqdadır. Yerli hüquq-mühafizə orqanları, çoxsaylı antiterror əməliyyatları keçirməyinə baxmayaraq, artan İŞİD tərəfdarlarının qarşısını ala bilmir. Dağıstandan Suriyaya gedərək İŞİD-ə qoşulanların sayında ciddi artım var, bu isə təhlükənin qapıda olduğunu deməyə əsas verir.

Rusiya mənbələrinin Bakı və Tiflisi İŞİD-lə qorxutmağa çalışması da təsadüfi deyil. Xəzərdən Suriyadakı İŞİD mövqelərini raketlə vurduğunu deyən Moskva Azərbaycan və Gürcüstan sərhədlərindəki İŞİD-çiləri xatırlatmaqla demək istəyir ki, onun çətiri altına girməsələr, terrorçu təşkilatın hədəfinə çevrilə bilərlər. İŞİD isə hesab edir ki, “Qafqaz vilayəti” yalnız Gürcüstan deyil, həmçinin Azərbaycan və Şimali Qafqazdır. Türkiyə-Rusiya gərginliyinin hökm sürdüyü son aylarda Moskvadan Azərbaycana yönəlik ən müxtəlif mesajlar da şimal təhlükəsinin reallığından xəbər verir. Əgər yarım il əvvəl Rusiya Azərbaycanı “7 rayonun azadlığı nağılı” ilə ələ almaq istəyirdisə, bu gün artıq “əcnəbi terrorçular”la təhdid edir. Ekspertlər də vəziyyətin ciddiliyi qənaətindədir.

Politoloq Ərəstun Oruclu “Yeni Müsavat”a bildirdi ki, Rusiya ömrü boyu Şimali Qafqazda - Dağıstanda “terror təhlükəsi” anonsunu verərək, bundan Azərbaycana, Gürcüstana təzyiq faktoru kimi istifadə edib: “Bizim üçün bu xəbərdarlıq, - guya Dağıstanda əcnəbi terrorçuların cəmləşməsi, onların Rusiyaya təhlükə törətməsi, Rusiyanın da antiterror tədbirlərini gücləndirməsi əslində Azərbaycana qarşı təzyiq faktorudur". Ekspert Kremlin Azərbaycanla bağlı çox təhlükəli planlarının olması qənaətindədir: “Deyək ki, hansısa bir antiterror əməliyyatı, yaxud dırnaqarası antiterror əməliyyatı keçirilir, bunun nəticəsində terrorçuların Azərbaycana keçməsi baş verə bilər.

İkincisi, onların ölkəmizə keçməsindən istifadə edən Rusiya bu qüvvələri “təqib etmək” adı ilə Azərbaycan-Rusiya sərhədini keçib Azərbaycan ərazisində guya antiterror əməliyyatı apardığını bəyan edə bilər. Yaxud həmin terrorçuların bazalarının guya “Azərbaycanda yerləşdiyini” iddia edərək müəyyən nöqtələrə hava zərbələri endirə bilər. Bu, əslində suveren dövlətə qarşı “antiterror əməliyyatı” adı altında Rusiya bundan daim şantaj faktoru kimi Azərbaycan və Gürcüstana qarşı istifadə etməyə çalışır. Ola bilsin Rusiyanın buna ehtiyacı yaranıb".

Yaranmış gərginliyin səbəblərinə gəlincə, Ə.Oruclu bildirdi ki, Rusiya Azərbaycandan xarici siyasətdə, Rusiya ilə tərəfdaşlıq məsələlərində konkret mövqe tələb edir: “O cümlədən Rusiya Azərbaycan ərazisində hərbi bazalar yerləşdirməyi planlaşdırır. Görünür, Moskva Bakıdan razılıq ala bilmir və təzyiq dili ilə danışır”. Politoloq qeyd etdi ki, Azərbaycan Rusiya qarşısında kifayət qədər zəif olduğundan ölkəmizin təkbaşına təhlükəni önləmək üçün nəsə etməsi mümkün deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.