Rusiya-Amerika münasibətində gərginlik: - İkinci "Karib böhranı"ı gözlənilir?
6-01-2021, 19:32

Xəbər verdiyimiz kimi, ABŞ-ın Avropa və Afrikadakı Hərbi-Hava Qüvvələrinin komandanlığı Rumıniyadakı Kımpiya-Turziy aviabazasında PUA-lar yerləşdirib.
Komandanlıq NATO-nun əməliyyatlarını dəstəkləmək üçün sözügedən "MQ-9 Reaper" PUA-ları yerləşdirb və bundan başqa oraya 90 hərbçi də göndərilib.
Onlar məlumat toplayacaq, müşahidə və kəşfiyyat aparacaq.
Bu məsələnin Rusiya və ABŞ münasibətlərini gərginləşdirəcəyi istisna olunmur.
İki ölkə arasında "Karib böhranı"na oxşar yeni böhran gözlənilirmi?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya Qara dənizdə hakim olmaq istədiyi üçün məsələyə sadəcə etiraz edə bilər, lakin böhran gözlənilmir:
""Karib böhranı" daha böyük münaqişə yaratmışdı. Çünki SSRİ gizli şəkildə Amerikanın yaxınlığında-Kubada nüvə başlıqları yerləşdirmişdi. Burada isə sadəcə PUA-lardan söhbət gedir. İkincisi, Rumıniya uzun müddətdir Amerika ilə əməkdaşlıq edir. Tək Rumıniya yox, digər Şərqi Avropa ölkələri də Amerika ilə sıx hərbi-strateji müttəfiqdirlər. Düzdür, Rumıniya Qara dəniz sahili ölkə olduğu üçün bu müəyyən qədər Rusiyada narahatlıq oyada bilər. Çünki Rusiya Qara dənizə hakim olmağa çalışır. Amma bu, heç bir əks-effekt verməyəcək. Çünki Rumıniya ilə ABŞ arasında razılaşma olub ki, PUA-lar orada yerləşdirilib. Rusiya da buna müqavimət göstərə bilməz. Sadəcə, həmişəki kimi müəyyən qədər etirazını bildirəcək. Amma bu etiraz Amerikanın siyasətini dəyişə bilməyəcək".