Sübut edildi, bunu Qorbaçov edib, amma... - Gerdin

20-01-2021, 23:33           
Sübut edildi, bunu Qorbaçov edib, amma... - Gerdin
Bu gün Azərbaycan üçün çox ağır bir tarixdir. Bu gün dinc Azərbaycan vətəndaşları öldürülüb və əslində ölkənin totalitar irsdən və imperiyanın təzyiqlərindən qurtulmalı olduğu aydın olub.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Vladislav Gerdin Azərbaycan xalqının qanlı tarixi — 20 Yanvar faciəsini şərh edərkən bildirib.
Gerdinin sözlərinə görə, itkilərin ağırlığını hiss edən Azərbaycan xalqı öz müstəqil dövlətlərini yaratmaq zərurəti ideyasına daha da köklənib:
“Qeyd etmək lazımdır ki, cinayət əməliyyatı Sov İKP MK-nın Baş katibi Mixail Qorbaçovun şəxsi əmri ilə həyata keçirilib. Sovet qoşunlarının xüsusi qüvvələri yatmış, dinc şəhərə daxil olub, qarşısına çıxan hər kəsi aradan qaldırmaq planını təsdiqləyən də məhz o idi.
Aydındır ki, xalqlar arasında düşmənçilik toxumu səpmək, Bakı əhalisini qəzəbləndirmək, dövlət mexanizmlərini pozmaq üçün xüsusi məhvetmə komandası verilmişdir”.

Politoloq Mixail Qorbaçovun dağıdıcı və xain rolunun tarixçilər tərəfindən artıq sübut edildiyini bildirib, lakin hələ də layiq olduğu cəzanı almamasının çox qəribə olduğunu vurğulayıb:

“20 Yanvar qurbanları, işğalçıların tanklarının altına düşən o illərin qəhrəmanları küçələrdə güllələnərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçib. Azərbaycan xalqı bu günə qədər onları xatırlayır və kədərlənir. Bu qanlı faciədə itkilər verən Azərbaycan xalqının gözü dönmədi, Bakıda yaşayan hər kəs — azərbaycanlılar, ruslar, ləzgilər, tatarlar, yəhudilər və digər xalqlar birləşdilər.

Bu millətlərin hər biri işğalçıların gülləsinə tuş gəlib. Allah onlara rəhmət eləsin! Rus xalqı da azərbaycanlılar kimi, bu gün kədərlənir. Bu, Bakıda yaşayan bir deyil, bir çox xalqın faciəsidir. Azərbaycanın paytaxtı hazırda dünyanın ən tolerant və çoxmədəniyyətli şəhərlərindən biridir və bu onun qırılmaz ənənəsidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.