ABŞ-ın diplomatik dili dəyişir:

21-01-2021, 16:00           
ABŞ-ın diplomatik dili dəyişir:
ABŞ-da son günlərdə maraqla qarşılanan məsələlərdən biri yeni seçilmiş prezident Co Baydenin təyinatları ilə bağlıdır. ABŞ-ın 46-cı prezidentinin hakimiyyəti dövründə ABŞ-ın hansı siyasi xətti izləyəcəyi hələ tam olaraq aydın olmasa da, bəzi analitiklər Baydenin strateji mövqelərə təyinatlarının gələcək 4 il üçün ABŞ siyasətinin yönünün müəyyən etdiyi qənaətindədirlər.

Bu cür maraq doğuran təyinatlardan biri də ABŞ-ın tanınmış diplomatı Viktoriya Nulandın dövlət katibi müavini vəzifəsinə təyin edilməsidir.

Viktoriya Nuland 2014-cü ildə Ukraynanın paytaxtı Kiyevdə şəxsən etirazçıların arasına qatılması və onlara çərəz paylaması ilə gündəmə gəlmişdi. Lakin Viktoriya Nulandın çoxşaxəli diplomatik karyerası çox daha əvvəldən başlayırdı.

Çılğın diplomat

Yel Universitetindən məzun olan Viktoriya Nuland karyerasına Corc Buşun hakimiyyəti dövründə dövlət katibi Dik Çeyninin milli təhlükəsizlik üzrə müşavirinin müavini kimi başlamışdı. Fəaliyyət istiqaməti daha çox xarici siyasətlə bağlı olan Nuland, Corc Buşun hakimiyyətinin ikinci dövründə, 2005-2008-ci illərdə ABŞ-ın NATO-dakı rəsmi səfiri vəzifəsini icra etmişdi. Bu vəzifədə ikən o, Avropa ölkələrinin Əfqanıstan əməliyyatlarında dəstəyini qazanmağa nail olmuşdu.

Rus və fransız dillərini əla səviyyədə danışmağı bacaran Nuland Barak Obama administrasiyasında da təmsil olunmuş, 2011-13-cü illər arasında Hilari Klintonun rəhbərliyində Dövlət Departamentinin sözcüsü vəzifəsinə qədər yüksəlmişdi. 2015-ci il etibarilə ABŞ-ın Avropa və Avrasiyadakı 50 səfirliyi üzərində birbaşa nəzarəti həyata keçirən xüsusi diplomatı olmuşdu. Həmin illərdə Nuland Avropa istiqaməti və birbaşa Ukrayna münaqişəsi ilə bağlı Vaşinqtonun rəsmi nümayəndəsi hesab olunurdu.

ABŞ daxilində Viktoriya Nulandın mövqeyi olduqca güclüdür. Ona görə ki, o siyasi istiqamət olaraq həm neo-konservativ qruplaşmaya, həm liberal mövqeyin nümayəndələri ilə yaxın əlaqələrə malikdir. Ağ evdə “öz işinin peşəkarı” hesab edilən Nuland hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq ABŞ maraqlarını təmsil edəcək şəxs hesab edilir.

Hamının başa düşəcəyi dil

Nulandın diplomatik bacarıqları Rusiya və Avropa ölkələri tərəfindən isə xoş qarşılanmır. Rəsmi və diplomatik dildən istifadə etməyən Nuland olduqca söyüşcül ritorikası ilə seçilir. Belə ki, Nulandın Avropa fəaliyyəti dövründə bəzi siyasətçilərlə telefon danışıqları sızdırılmışdı. Danışıqlarda Nulandın çox sərt mövqe sərgilədiyi, bəzən söyüşlə danışdığı, digər tərəfdən Ukrayna məsələsində Avropanın “işə yaramadığını” və ABŞ-ın daha çox rol almasını təklif etdiyi ortaya çıxmışdı. ABŞ Xarici İşlər Nazirliyi Nulandın açıqlamaları ilə bağlı rəsmi üzrxahlıq etmiş, lakin səs yazısı skandalının tərəfi olan Nuland heç vaxt cəzalandırılmamışdı.



Nulandın əsas fəaliyyəti Ukrayna hadisələrinə ABŞ-ın fəal müdaxilə etməsi ilə bağlı sərgilədiyi mövqe idi. O, bütün Avropa ölkələrinin Rusiya ilə diplomatik münasibətləri və əlaqələri dayandırmasını, həmçinin bu yolla Rusiyaya sanksiya tətbiq olmasını təklif edirdi. Digər tərəfdən ABŞ-ın Ukraynanı Rusiya qarşı silahlandırılması təklifi də birbaşa Nulandın planı idi.

Nuland tərzi siyasət

Nulandın dövlət katibinin müavini təyin olunması ABŞ-ın yeni dövrdəki siyasi xəttinə də ciddi təsir edəcəyi ehtimal olunur. Bəzi ekspertlər Nulandın əvvəlki mövqeyini nəzərə alaraq haqlı olaraq Rusiyanın daha çox təzyiqə məruz qalacağını qeyd edir. Lakin unutmamaq lazımdır ki, Viktoriya Nulanda daha geniş areal üzrə diplomatik missiyanın daşıyıcısı olub. Nulandın təyinatı, ilk öncə ABŞ-ın yeni dövrdəki üslubundan xəbər verir. Bu təkcə Rusiyaya qarşı yox, ABŞ-ın bütün rəqiblərinə qarşı artıq yeni metodika və yeni ritorika ilə hərəkət ediləcəyinin xəbərçisidir.

2018-ci ildə “Vaşinqton Post” qəzetinə verdiyi müsahibəsində Nuland ABŞ-ın problemlərin həlli üçün ancaq hərbi qüvvələrdən istifadə etməsini şiddətlə qınayırdı. Onun fikrincə, diplomatik korpuslar və siyasi alternativlər vasitəsilə parallel işlər görülməli idi. Ordunun meydanda gördüyü işlər, mümkün bütün siyasi təzyiq vasitələri ilə dəstəklənməlidir.

Co Bayden administrasiya dövründə də bu metodikanın üstünlük təşkil edəcəyini ehtimal etmək olar. ABŞ artıq dünyanın digər bölgələrindən daha aktiv rol oynamağa çalışacaq və bu rol da sadəcə müşahidəçi deyil, mümkün bütün siyasi təzyiq vasitələrindən istifadə ilə şərtlənəcək. Hədəfdə kimin olacağından asılı olmayaraq ABŞ “real” gücünü nümayiş etdirməyə çalışacaq. Bu həm Tramp administrasiyası dövründə zəifləmiş nüfuzunu geri qaytaracaq, həm də dünyada ABŞ-ın maraqlarının daha yaxşı təmin olunmasına imkan verəcək.

Bəli, Nuland Rusiya və keçmiş SSRİ ölkələri ilə daha yaxından tanışdır, lakin bu Co Baydenin sırf Rusiyaya fokuslanacağı demək deyil. ABŞ kimi sistem ölkələri sırf Rusiyanı sıradan çıxarmaq üçün Dövlət Departamenti səviyyəsində təyinat gerçəkləşdirmir. Viktoriya Nuland ABŞ siyasəti üçün çoxsaylı uğurlu və mümkün simalardan sadəcə biridir. Co Bayden administrasiyası isə yeni dövrdə nəzərdə tutduğu siyasi xətt üçün məhz Nulandın tərzini uyğun görür: Hər kəsin anlayacağı dil, söyüşcül ritorika, mümkün siyasi təzyiq vasitələrinın hamısından istifadə, real güc nümayişi və hər kəsə öz yerinin göstərilməsi.

Yeni ABŞ siyasi xəttində Cənubi Qafqaz

Viktoriya Nullandın ABŞ Dövlət katibinin müavini vəzifəsinə təyin olunması Azərbaycan mövqeyindən də olduqca ciddi təsirlərə malik ola bilər. Belə ki, 10 noyabr sülh razılaşmasına əsasən Azərbaycan ərazilərində Rus sülhməramlılarınının varlığı faktı burada əsas həlledici amil olacaq. Hər regionda öz maraqlarını müdafiə etmək əzmini indidən nümayiş etdirən ABŞ üçün Cənubi Qafqazın prioritet bölgələrdən biri olacağı da aydındır.

Ukrayna təcrübəsi onu göstərdi ki, Nulandın Rusiyaya qarşı radikal mövqeyi keçmiş Sovet respublikaları üzərində Rusiyanın nəzarət imkanlarını məhdudlaşdırmağa və Rusiyanın əl-qolunu bağlamaqla fəaliyyətini sərhədləməyə yönəlib. Növbəti illərdə ABŞ-ın Cənubi Qafqazda bu strategiyaya sadiq qalacağını, bölgədə daha aktiv rol alacağını və əsas fəaliyyətinin Rus sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılması istiqamətində quracağını demək mümkündür.

Dağlıq Qarabağdakı sülhməramlılar sülh razılaşmasına əsasən münaqişə tərəflərindən birinin razılığı olduğu halda çıxarıla bilər. Bu isə Azərbaycan və Ermənistan tərəflərini qarşıdakı illərdə ABŞ üçün potensial strateji müttəfiq vəziyyətinə gətirir. Ermənistan tərəfi bu potensialdan Dağlıq Qarabağ üçün xüsusi statusun əldə olunması üçün istifadə etməyə çalışacaq. Lakin ABŞ siyasətinin Viktoriya Nulanda xas ritorikası ilə yanaşdığımızda ABŞ-ın Ermənistana qarşı mövqeyinin daha çox diqtə xarakteri alacağı və ölkənin Rusiya-ABŞ maraqlarının birbaşa toqquşma ərazisinə çevirəcəyi bəllidir.

Azərbaycanda isə əvvəlki dövlərlə müqayisədə ABŞ yeni siyasi təsir vasitələri yaratmaq əvəzinə, hakimiyyətlə qarşılıqlı münasibətlərin daha yaxşılaşdırılmasını hədəfləyəcək.

Çünki Azərbaycan qalib ölkədir və cəmiyyətin əksər hissəsi qələbənin verdiyi abu-hava ilə hakimiyyətdə dəstəyini ifadə edir. Qısa zamanda nəticə əldə etməyi hədəfləyən ABŞ üçün uzun müddətli siyasi təzyiq vasitələrinin yaradılmasındansa, mövcud hakimiyyətlə əlaqələrin inkişafı daha səmərəlidir./bizim.media/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.