Ermənistanın üçtərəfli bəyanata düzəliş CƏHDİ... – FİASKO

26-01-2021, 17:24           
Ermənistanın üçtərəfli bəyanata düzəliş CƏHDİ... – FİASKO
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsi 2020-ci il üzrə hesabatına dair qətnamə qəbul edib. Qətnamədə qeyd olunub ki, Azərbaycan və Ermənistan siyasi dialoqa mane olan ritorikadan çəkinməlidir.

Qurumdan həmçinin bildirilib ki, tərəflər Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmanın müddəalarını ən qısa müddətdə həyata keçirməlidirlər. AŞPA Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu qeyd edib.

Qurum eyni zamanda İrəvan və Bakını 9 noyabr (10 noyabr) 2020-ci il tarixli üçtərəfli bəyanatın humanitar məsələlərə dair müddəalarını yerinə yetirməyə çağırıb. AŞPA tərəflərə əsir mübadiləsinə dərhal başlamağı, mədəni irsə hörmət etməyi, siyasi dialoqa müdaxilə edən ritorikadan çəkinməyi də tövsiyə edib.

Məlum qətnamə barədə “Sherg.az”a danışan millət vəkili Asim Mollazadə bildirib ki, Ermənistan nümayəndə heyəti 1o noyabrda imzalanan üçtərəfli bəyanata bir sıra düzəlişlərin qəbul olunması üçün çox çalışırdı:

“Lakin Azərbaycanın sərt mövqeyi Ermənistanın bu düzəlişlərlə bağlı arzusunu ürəyində qoydu. Əslində AŞPA üçtərəfli sazişi dəstəkləyib, tərəfləri əməkdaşlığa çağırıb. Fikrimcə, AŞPA-nın bəyanatda əks olunan bütün məqamlara, xüsusilə mədəni məsələlərlə bağlı dəstəyi normaldır. Artıq Azərbaycan Qarabağ münaqişəsini bitmiş hesab edir. Gələcəkdə bölgəni əməkdaşlıq və sabitlik adasına çevirmək istəyir. Düşünürəm ki, Avropa Şurası da Azərbaycanın sülh çağırışlarını dəstəkləyir”.

Parlament üzvü qeyd edib ki, Azərbaycanın mövqeyi AŞPA-nın müdafiə etdiyi dəyərlərə uyğundur:

“Təəssüf ki, beynəlxalq təşkilatlar 30 il ərzində AŞPA-nın qətnamələrinin icrası ilə bağlı heç bir iş görə bilmədi. Lakin Azərbaycan bunu reallaşdırdı. Ölkəmizin bugünkü istəyi sülh, əmin-amanlıq və bölgədə əməkdaşlıq sisteminin formalaşmasından ibarətdir. Bununla bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da fikirlərini bildirib. Biz sülh, əməkdaşlıq, əmin-amanlıq istəyirik. Avropa Şurası da bu istiqamətdə bizə dəstək verərsə, məmuniyyətlə qəbul edə bilərik. Azərbaycan bölgədə sülh və sabitliyin qorunması istiqamətindəki əməkdaşlıqlara hazırdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.