Millət vəkilindən Rusiya səfirinin fikirlərinə etiraz: - “Erməni terrorçular qaytarıla bilməz...”

10-02-2021, 15:12           
Millət vəkilindən Rusiya səfirinin fikirlərinə etiraz: -
"Terrorçu qanunla cəzasını çəkməlidir və problemin həllini nəzərdə tutan istənilən razılaşma Azərbaycanın mənafeyinə uyğunlaşdırılmalıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin əsirlikdəki erməni terrorçularını nəzərdə tutaraq Putin, Şoyqu və Lavrovun onların qaytarılması üçün şəxsən çalışdıqlarını deməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycanın həbs etdiyi 62 erməni birmənalı olaraq terrorçudurlar:

"Yayılan hər informasiyanı real həqiqət kimi qəbul etmək doğru deyil. Bismark demişkən, 3 halda informasiya baş alıb gedir - müharibə öncəsi, müharibə dövrü və ondan sonra. Bu nöqteyi-nəzərdən çoxlu dezinfotmasiyaların da şahidi ola bilərik. Ancaq bir həqiqət var ki, Azərbaycan tərəfinin həbs etdiyi 62 nəfər erməni birmənalı olaraq terrorçudurlar. Onlar 10 noyabrda imzalanan sənəddən, yəni müharibədən sonra əsir götürülüblər. Onlar terrorçu və diversant olublar”.

Deputatın fikrincə, beynəlxalq praktikada bu kimi hallarla bağlı danışıqların öz qaydası, tələb və şərtləri var: "Necə ola bilər ki, Azərbaycan əsgəri və mülki əhalisini qətlə yetirən terrorçunu geri qaytaraq? Terrorçu qanunla cəzasını çəkməlidir”.

E. Nəsirov onu da vurğuladı ki, problemin həllilə bağlı istənilən razılaşma Azərbaycan tərəfinin mənafeyinə uyğun olmalıdır:

"Azərbaycan hüquqi və demokratik dövlətdir. BMT-nin terrorla bağlı konvensiyasının şərtlərindən irəli gələrək Azərbaycan erməni terrorçuları barədə hüquqi müstəvidə addımlarını atacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru