Kremlə qarşı "Qarabağ kartı": - ABŞ və Türkiyəni birləşdirəcək faktor, yoxsa?

1-04-2021, 19:57           
Kremlə qarşı "Qarabağ kartı": -
ABŞ-ın Bakıdakı keçmiş səfiri Robert Sekuta CNN Türk telekanalına müsahibə verib.

Qarabağ müharibəsinin nəticələrindən, Türkiyənin regiondakı rolundan və digər məsələlərdən danışıb. Keçmiş səfir Cənubi Qafqazdakı vəziyyətin müharibəyə qədər də kövrək olduğunu deyib.

“Dəfələrlə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi zərurətini ifadə etdik. Azərbaycan torpaqlarının işğalı belə davam edə bilməzdi. Ermənistanın təhlükəsizliklə bağlı narahatlıqları da davam edə bilməzdi. Ötən payızda yaşanan müharibə nəticəsində bölgədəki geosiyasi vəziyyət dəyişdi. SSRİ-nin dağılmasından sonra ilk dəfədir ki, Cənubi Qafqazın hər üç ölkəsində Rusiya əsgərləri var. Ermənistanda onsuz da vardılar. Gürcüstana 2008-ci ildə işğalla girdilər. İndi isə Azərbaycandadırlar”, - deyə Robert Sekuta bildirib.

Diplomat qeyd edib ki, Türkiyə Azərbaycana həm mənəvi, həm hərbi-siyasi dəstək verən çox önəmli müttəfiqdir. Qarşıdakı dövrlərdə Türkiyənin regiondakı ixtilafların aradan qaldırılmasında, davamlı sülhün təmin edilməsində kritik rol oynayacağı gözlənilir.

Səfir Sekuta daha sonra Türkiyənin NATO və Rusiya ilə münasibətlərini şərh edib. Bildirib ki, Türkiyə çox önəmli və dəyərli NATO üzvüdür.

“ABŞ və Türkiyənin mümkün ola biləcək ən yaxın münasibətlərə malik olması çox önəmlidir. Suriya regiondakı ən qarışıq problemdir. Cənubi Qafqaz da qarışıqdır. Təbii ki, Türkiyənin planları haqda şərh verə bilmərəm, amma Amerika olaraq Türkiyənin regionda məsuliyyətli rol oynamasını istəyirik. Çünki bölgədə nə baş verirsə versin, birbaşa Türkiyəyə təsir edir. Çox çətin bölgədir. Suriya getdikcə qarışır və humanitar böhranı böyüyür. Türkiyədəki qaçqınların sayı, Suriyadan qaçqın düşənlər artır. Rusiyanın Əsədə dəstək verməsi və Əsədin güzəştə getməməsi vəziyyəti daha da ağırlaşdırır”, - diplomat belə deyib.

Sekuta əlavə edib ki, bütün bu məsələlərdə ABŞ Türkiyənin müttəfiq olaraq qalmasını, onunla birlikdə çalışmasını görmək istəyir.

Qeyd edək ki, hələ mart ayının əvvəlində ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə Amerikanın və Türkiyənin Suriyadakı ortaq maraqlarının irəliləməsi üçün konstruktiv şəkildə çalışacağını bəyan etmişdi.

“Suriyadakı türk tərəfdaşlarımızla ortaq maraqlarımız var. Gələcəkdə ortaq maraqlarımıza çatmaq üçün Türkiyə ilə konstruktiv şəkildə çalışmağa davam edəcəyik”, - deyə Prays bildirib.

Robert Sekutanın açıqlaması Bayden Administrasiyasının Rusiyanın iştirak etdiyi münaqişəli bölgələrdə Türkiyə ilə birgə əməkdaşlıq etmək planından xəbər verir. Bura Yaxın Şərqlə yanaşı, Cənubi Qafqaz da daxil ola bilər. Sabiq səfirin Cənubi Qafqazın hər üç ölkəsində Rusiya əsgərlərinin olmasını xüsusi vurğulaması Vaşinqtonun bu prosesdən narahat olduğunu göstərir.

Təbii ki, ABŞ münaqişədən sonra yaranmış geosiyasi reallığı qəbul edir. Çünki mövcud situasiyanın dəyişməsində nəinki Azərbaycan, heç Ermənistan da maraqlı deyil. Əks halda, bölgədə daha böyük münaqişə baş verə bilər ki, ABŞ da bunda maraqlı deyil. Bayden Administrasiyasını düşündürən daha çox Rusiyanın Cənubi Qafqazda getdikcə artan hərbi iştirakının qarşısını almaq və qüvvələr nisbətini regiondan sıxışdırılan ABŞ-ın xeyrinə dəyişməkdir. Bu baxımdan, NATO-nun üzvü olan Türkiyənin Cənubi Qafqazda geosiyasi oyunçuya çevrilməsi və Qarabağda hərbi fəaliyyəti ABŞ üçün əlverişli imkanlar açır.

“Atlas” Araşıdrmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açqılamasında bildirdi ki, Robert Sekutanın Cənubi Qafqazın hər üç ölkəsində qoşunlarını yerləşdirməsi barədə fikirləri həqiqətidir.

Politoloq qeyd etdi ki, bu xoşagəlməz fakt olsa da, real vəziyyəti əks etdirir:

“Mən ABŞ-ın hazırda Cənubi Qafqazda güclü təsir vasitələrinə malik olduğu qənaətində deyiləm. ABŞ-ın səhvi bundan ibarətdir ki, Türkiyə ilə münasibətləri soyutdu. Nəticədə, ABŞ-la münasibətləri gərginləşən Türkiyə Rusiya ilə yaxınlaşdı. Əlbəttə, bunun Azərbaycana da xeyri oldu. Qarabağ probleminin həllində Türkiyə Rusiyanın təzyiqlərini neytrallaşdıra bildi. Amma ABŞ üçün ziyanı Türkiyə kimi müttəfiqi itirmək oldu. Türkiyə artıq həm Suriyada, həm Cənubi Qafqazda Rusiya ilə birlikdə hərəkət edir. Türkiyə çox istərdi ki, Cənubi Qafqazda Amerika ilə birgə fəaliyyət göstərsin. Ancaq münasibətlər gərginləşdi. Məcazi mənada desək, ABŞ özü oturduğu budağı özü kəsdi.

Cənubi Qafqazda təsir imkanları da yoxdur. Halbuki bunu Türkiyə ilə birgə həyata keçirə bilərdi. Ona görə də Cənubi Qafqazda hazırda iki əsas qüvvə var. Əgər regionda əvvəl yeganə söz sahibi Rusiya idisə, artıq Türkiyə də bu prosesə qoşulub. 44 günlük müharibə də bunu sübut etdi. Türkiyə həm Cənubi Qafqazda, həm də Qarabağda var. Rusiya da bununla hesablaşır. ABŞ-ın isə belə alətləri yoxdur. Doğrudur, Vaşinqton Gürcüstanla sıx əlaqələrə malikdir. Amma bu əlaqələr Abxaziyanın və Cənubi Osetiyanın işğalına mane olmadı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.