Qafqaz regionu münaqişə ilə əməkdaşlıq arasında seçim etməlidir

20-06-2021, 07:28           
Qafqaz regionu münaqişə ilə əməkdaşlıq arasında seçim etməlidir
The National Interest, ABŞ
18.06.2021

Müəllif: Yudcin Çausovskiy

Qafqaz regionu dövlətləri – Azərbaycan, Gürcüstan və Ermənistan yol ayrıcındadırlar.

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ regionu üzündən ötən il baş vermiş müharibədən sonra Avropa ilə Asiyanın arasında yerləşən bu regionun strateji, transkontinental mövqeyindən infrastruktur və rabitə sahəsində iddialı layihələrin həyata keçirilməsində istifadəyə dair ciddi müzakirələr aparılır, planlar irəli sürülür. Bununla yanaşı, Ermənistanla Azərbaycan arasında amansız ədavət bu gün də davam edir. Gürcüstanda isə qeyri-sabit siyasi vəziyyət, hüquqi problemlər mövcuddur. Odur ki, bütün bunlar regionun həm ticarət, həm də tranzit qovşağına çevrilmə potensialına ciddi zərbə vura bilər.

Qafqaz regionu ətrafında geosiyasi vəziyyəti nəzərə alsaq, bu fikir ayrılıqlarının təəccüblü olmadığını söyləyə bilərik. Bölgə Rusiya, İran və Türkiyə kimi böyük, nüfuzlu qonşularla həmsərhəddir. Bu dövlətlər regionu öz maraqlarına uyğun formalaşdırmaq istəyir. Digər tərəfdən, Çinlə Avropa İttifaqı müvafiq olaraq, Şərq və Qərbdə böyük bazara malik oyunçulardır. Qafqaz regionunun zəngin enerji resursları, mineral sərvətləri və tranzit potensialı onları da maraqlandırır. ABŞ da öz yerində. O, bu bölgənin dövlətlərini Qərbə yaxınlaşdırmağa, Rusiyanın regiondakı əsas fövqəldövlət roluna meydan oxumağa çalışır.

Bütün bunlar Qafqaz regionunda qeyri-sabitlik yaradır. Əgər qarşılıqlı faydalı əlaqələr naminə heç kimə faydası olmayan münaqişədən, rəqabətdən yaxa qurtarılarsa, regionun iqtisadi potensialı daha da artacaq.

Bu il yanvarın 11-də Rusiya prezidenti Vladimir Putin Moskvada Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmüşdü. O zaman liderlər tərəflər arasında ötən il imzalanmış üçtərəfli bəyanatdan sonra ilk dəfə idi görüşürdülər. Bu görüş böyük ümidlər vəd edirdi. Məhz bu görüşdə postmüharibə dövründə irəli addımların atılması, regional iqtisadiyyat və nəqliyyat infrastrukturuna dair layihələrin həyata keçirilməsi üçün İşçi qrupunun formalaşdırılması qərara alınıb. Bu, çox mühüm hadisə idi. Çünki Ermənistanın birgə enerji kəmərləri, avtomobil yolları və dəmir yolları layihələri kimi infrastruktur təşəbbüslərində iştirakı Qafqaz regionunun tranzit və rabitə sahələrində böyük potensialını aça, həmçinin mövcud layihələri inkişaf etdirə bilərdi. Məsələn, Ermənistandan yan keçən “Cənub Qaz Dəhlizi” layihəsini.

Bundan başqa, regionda rəqəmsal sahədə əlaqələri “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində inkişaf etdirməklə bağlı planlar mövcuddur. Bu təşəbbüsü Azərbaycanın “NEQSOL Holding” şirkəti irəli sürüb. Bu təşəbbüs Avropa ilə Asiyanı Qafqaz regionundan keçəcək fiber-optik tranzit kabel xətti vasitəsilə birləşdirməyə hesablanıb. Layihənin hədəfi regionun yüksək sürətli internətə çıxışının təmin edilməsi və bölgədə müasirləşdirilmiş şəbəkə infrastrukturunun yaradılmasıdır. COVID-19 pandemiyası dövründə bu məsələlər mühüm əhəmiyyət daşıyır.

Lakin son aylarda tranzit və rabitə sahəsi ilə bağlı planlar ciddi maneələrlə üzləşir. İyunun 1-də Yerevan Ermənistanla Azərbaycan arasında sərhəd mübahisələri üzündən üçtərəfli İşçi qrupununda iştirakını dayandırdığını elan edib. Rəsmi Yerevan bu qərarının təhlükəsizliklə bağlı vəziyyətin sabitləşməsinədək qüvvədə olacağını bildirib. Eyni zamanda, “NEQSOL Holding” şirkətinin “Rəqəmsal İpək Yolu” layihəsi ilə bağlı planları Gürcüstan hökumətinin müqaviməti ilə üzləşib. Gürcüstan Milli Kommunikasiya Komissiyası “NEQSOL Holding”in Qara dənizinin dibi ilə keçən fiber-optik tranzit kabel xəttinin operatoru olan “Caucasus Online” şirkətini almasına qarşı çıxıb. Bu, regionda rəqəmsal sahədə əlaqələrinin gücləndirilməsinə ciddi əngəldir.

Amma bu problemlərə baxmayaraq, regionda daha konstruktiv mühitin yaradılmasının mümkün olduğunun əlamətləri görünür. Məsələn, iyunun 12-də Azərbaycanla Ermənistan 15 erməni hərbi əsirin mina xəritəsi ilə dəyişdirilməsi ilə bağlı razılığa gəlib. Söhbət ötən il baş vermiş müharibədən sonra Azərbaycana qaytarılmış Ağdam rayonunda minalanmış ərazilərin xəritəsindən gedir. Tərəflər arasında vasitəçiliyi Gürcüstanın baş naziri İrakli Qaribaşvili, ABŞ dövlət katibi Entoni Blinken və digər rəsmi şəxslər edib. Blinken bildirib ki, “bu razılaşma əlavə əməkdaşlığın təməlini qoya bilər”.

Bu arada, Gürcüstanda hakim “Gürcü arzusu” partiyası ilə müxalifət partiyaları arasında uzun aylar davam edən siyasi gərginlik Aİ-nin vasitəçiliyi ilə bitib. Bu göstərir ki, regiondakı çoxsaylı yerli və xarici oyunçular siyasi kompromisə zərbə vurmaqdan çox, onu təşviq edə bilər.

Şübhəsiz, sadalanan razılaşmalar kiçik məsələlərdir. Qafqaz regionunu hələ yeni çağırışlar gözləyir. Buraya Ermənistanda iyunun 20-də keçiriləcək parlament seçkisi də daxildir. Bu seçki nəticəsində regional təhlükəsizliyə və iqtisadiyyata təsir göstərə biləcək yeni siyasi mühitin yaranması mümkündür.

Bir sözlə, əgər Qafqaz ölkələri iqtisadiyyat və rəqəmsal sahədə əlaqələrin qurulmasına, siyasi mübahisələrin birgə həllinə səy göstərərsə, istər bölgə ölkələrinin, istərsə də bu regionun hüdudlarından kənardakı dövlətlərin uğur qazanması üçün böyük imkan yaranacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.