Beynəlxalq Amnistiya Təşkilatından İranın yeni prezidentinə sürpriz “təbriknamə”: “Barəsində cinayət işi açılsın”

20-06-2021, 08:21           
Beynəlxalq Amnistiya Təşkilatından İranın yeni prezidentinə sürpriz “təbriknamə”:
Beynəlxalq Amnistiya Təşkilatı İranın yeni prezidenti İbrahim Rəisinin “qətl, adam qaçırma və işgəncə” kimi insanlıq əleyhinə cinayətlərdə iştirak etdiyi ittihamı ilə Beynəlxalq Hərbi Tribunalda mühakimə olunmasını istəyib.

Ovqat.com-un məlumatına görə, təşkilat dünən rəsmi saytında yaydığı bəyanatda bu ittiham ilə çıxış edib.

"İran Məhkəmə sisteminin başçısı olduğu zaman İbrahim Rəisi insan hüquqlarına qarşı artan repressiya kampaniyasına rəhbərlik edib. Bu kampaniya çərçivəsində yüzlərlə dinc müxalif, insan haqları müdafiəçisi və sosial azlıqlar heç bir əsas olmadan həbsə məruz qalıblar", - bəyanatda belə deyilir.

İranda son prezident seçkilərinin “repressiv atmosferdə” keçdiyini ifadə edən Beynəlxalq Amnistiya Təşkilatı bildirib: “İbrahim Rəisi qadınların, dini azlıqların və müxalif namizədlərin əngəlləndiyi son dərəcə repressiv bir mühitdə keçirilən seçkilərlə prezidentlik postuna yüksəldi".



Təşkilat yeni prezidentin İranda törətdiyi cinayətlərə dair dəlillər toplamaq üçün qərəzsiz bir mexanizmin qurulmasını tələb ediv. Qurumun fikrincə, "Rəsinin İranda hakimiyyətə gəlişi ölkədə cəzasızlıq mühitinin hökm sürdüyünü xatırladır”.

Bəyanatda vurğulanıb ki, Rəisinin İranda axıtdığı qanlar çox da uzaq olmayan tarixdə baş verib: “Onun müşahidəsi altında məhkəmə hakimiyyəti yüzlərlə kişi, qadın və uşağın qanunsuz öldürülməsindən məsul olan hökumət məmurlarına və təhlükəsizlik qüvvələrinə tam cəzasızlıq mühiti yaradıb, 2019-cu ilin noyabrında ümummilli etirazlar zamanı və sonrasında minlərlə etirazçı kütləvi həbslərə məruz qalıb və ən azı yüzlərlə dinc vətəndaş zorakılıqla məhv edilib, işgəncələrlə və digər qəddar rəftarla üzləşib”.

Təşkilat müvafiq beynəlxalq qurumları İbrahim Rəisinin “keçmiş və davam etməkdə olan cinayətlərinin” barədə cinayət işinin açılmasına və istintaqının başlanmasına çağırıb: “Hazırda BMT-nin İnsan Hüquqları Şurasının üzvü olan dövlətlərin İranda sistematik cəzasızlıq böhranının aradan qaldırılması üçün konkret addımlar atması, o cümlədən İranda törədilmiş beynəlxalq hüququn ən ciddi cinayətlərinin sübutlarının toplanması və təhlili üçün qərəzsiz mexanizm yaradılması yolu ilə ədalətli və müstəqil istintaqın başlanması heç zaman olmadığı kimi vacibdir.”

Qeyd edək ki, İran Seçki Qərargahı iyunun 18-də keçirilən seçkilərə 59 milyon seçicinin 28 milyonunun iştirak etdiyini, onun 17 miyon 800 minin (62%) İbrahim Rəisiyə səs verdiyini açıqlamışdı. Beynəlxalq Amnisitiya Təşkilatının bu sərt bəyanatının İranda və beynəlxalq aləmdə ciddi polemikalara yol açacağı güman olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.