“Yeni geosiyasi mənzərə birgə silah istehsalını da aktuallaşdırır" - GƏLİŞMƏ

21-06-2021, 08:49           
“Yeni geosiyasi mənzərə birgə silah istehsalını da aktuallaşdırır" - GƏLİŞMƏ
“Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək. İki ölkə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi belə deməyə əsas verir”.

“Sherg.az” xəbər verir ki, bu barədə siyasi şərhçi, jurnalist Aqşin Kərimov deyib.

Analitik bildirib ki, iki ölkənin birgə silah istehsalı dəfələrlə nəzəri əsaslarla gündəmə gəlsə də, bu, reallaşmayıb:

“Azərbaycanın Qarabağ müharibəsində qələbə qazanmasından sonra regionda yaranan yeni geosiyasi mənzərə birgə silah istehsalını da aktuallaşdırır. Azərbaycan artıq digər müttəfiqi İsraillə belə bir layihəyə start verib. Belə ki, İsrailin “Meteor Aerospace” şirkəti Xəzər Gəmiqayırma Şirkəti ilə birgə müəssisə yaradıb, müəssisə “Caspian Meteor” adlanır. “Caspian Meteor” xüsusi mülkiyyət statusunda yüksək texnoloji müdafiə şirkətidir. “Meteor Aerospace” şirkəti pilotsuz uçuş aparatları, pilotsuz gəmilər, dəqiq zərbə endirən raketlər, hava hücumundan müdafiə sistemlərinin və peyklərinin yaradılması üzrə ixtisaslaşıb. İndi Şuşa Bəyannaməsi Bakı-Ankara hərbi əməkdaşlıq əlaqələrini yeni mərhələyə gətirir və birgə istehsal aktuallaşır”.

A.Kərimov qeyd edib ki, Bəyannamədə yazılıb ki, tərəflər dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək:

“Həmçinin qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcəklər. Bunlar yaxın gələcəkdə birgə silah, o cümlədən beşinci nəsil silah istehsalına zəmin yaradan bəndlərdir. Birgə istehsalın hədəfləri - Regionda digər güclərin hərbiləşməsinə (Rusiya və İran) qarşı birgə immunitet formalaşdırmaq və gələcəkdə keçirilə biləcək hər hansı hərbi əməliyyatları, antiterror əməliyyatlarını optimallaşdırmaq, çeviklik və operativliyi təmin etməkdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.