Avropa İttifaqı ilə assosiativ sazişi imzalamayan yeganə Cənubi Qafqaz ölkəsi Azərbaycandır - NİYƏ?
25-06-2021, 09:34

“Şərq Tərəfdaşlığı” sammitinin bu ilin dekabrında keçirilməsi planlaşdırılır. Bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidməti məlumat yayıb.
Məlumata görə, sammitin keçirilməsinə hazırlıq kontekstində Aİ-nin Azərbaycan, Gürcüstan və Ermənistana dəstəyini ifadə etmək üçün Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku iyunun 25-26-da bölgəyə səfər edəcəklər. Onların Azərbaycan, Gürcüstan və Ermənistan liderləri ilə görüşü planlaşdırılır.
Onu da bildirək ki, Azərbaycanın Avropa İttifaqı ilə imzalanması planlaşdırılan ikitərəfli sənəd hələ də ləngiyir. Avropa İttifaqı ilə assosiativ sazişi imzalamayan yeganə Cənubi Qafqaz ölkəsi də Azərbaycandır. İlin sonunda olacaq sammitədək Azərbaycandan mövqeyini qətiləşdirmək istənilə bilər. Belə olan halda bir sıra suallar yaranır.
“Şərq Tərəfdaşlığı” bizə lazımdırmı, iqtidarın bu məsələdə mövqeyi nə olacaq? Bəs müxalifətin?
Məlumdur ki, Rusiyanın əvvəldən bu məsələyə qıcıqlı mövqeyi var. O zaman nəzərə alınmalıdır ki, Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar davam edir. Bakı bu vəziyyətdə hansı siyasi kurs götürəcək?
YAP-çı deputat Ceyhun Məmmədov sənədin imzalanmasını mümkünsüz hesab etmir: “Bilirsiniz ki, bu gün Azərbaycan müxtəlif platformalarda ayrı-ayrı dövlətlərlə sıx əməkdaşlıq edir. Bu, ikili, üçlü və yaxud müxtəlif platformalardır. Azərbaycan Avropa ilə münasibətlərin qurulmasında, onun inkişafında maraqlıdır. Burada ölkəmizin də maraqları, həyata keçirdiyi xarici siyasət nəzərə alınmalıdır. Ancaq bu və ya digər formada hansısa təzyiqdən, bir tərəfin mövqeyinin təmin olunmasından söhbət gedə bilməz. Azərbaycanın da qaldırdığı müəyyən məsələlər var. Burada rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, qarşılıqlı maraqların təmin olunması vacibdir, yəni bir tərəfin maraqlarının deyil. Azərbaycan xarici platformalarda xarici təşkilatlarla qurulan əməkdaşlıqda maraqlıdır. Əgər danışıqların nəticəsi olaraq ortaq məxrəcə gəlinərsə, bu məsələyə baxıla bilər. Bilirsiniz ki, Azərbaycan bu gün bölgədə yeni reallıq yaradıb, Qarabağ münaqişəsini özü həll edib, eyni zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edib. Biz artıq görürük ki, bir sıra xarici təşkilatlar, dövlətlər Azərbaycanla əməkdaşlıqda daha maraqlıdırlar”.
Deputat hesab edir ki, qarşı tərəflər əməkdaşlığa daha çox maraq göstərməlidir: “Bu gün müxtəlif yanaşmalar görürük. Avropa qurumları, təşkilatları Azərbaycanla əməkdaşlıqda daha maraqlı olmalıdırlar. Ölkəmizin rəyləri, fikirləri, yanaşmaları nəzərə alınmalıdır. Bu gün belə məsələlər həyata keçirilərkən bölgədəki reallıq, təhlükəsizliklə bağlı məsələlər, Azərbaycanın gələcəkdə hədəflədiyi məsələlər indidən diqqətə alınmalıdır. Əgər bunlar nəzərə alınarsa, ümumi anlaşma olarsa, Azərbaycan o sənədin imzalanması məsələsini nəzərdən keçirə bilər. Bu gün faktiki olaraq biz maraqlı tərəf görünürük. 30 ilə yaxın müddətdə beynəlxalq aləmdən sağlam mövqe gözlədik, amma biz bunu görmədik. Yenə də bir sıra Qərb ölkələri, bəzən Avropa Şurası Azərbaycanla bağlı qərəzli mövqe sərgilədilər, uydurma məlumatlar yaydılar. Artıq belə hallara son verilməlidir. Azərbaycan ədalətli, sağlam münasibətlərdə maraqlıdır. Rəsmi Bakının hər bir mövqeyinin arxasında konkret şərtlər, prinsipial mövqe var. Bu gün təəssüflə onu da qeyd etməliyik ki, Ermənistanın verdiyi yanlış məlumatlar əsasında Azərbaycana qarşı iddialar, ittihamlar səsləndirilir. Artıq bunlara son verilməlidir. Azərbaycan hər bir məsələni əsaslandırır. Bunu son nüanslarda gördük. Erməni terrorçuların azad olunması üçün müxtəlif dövlətlərdən çağırışlar, tələblər görürük. Azərbaycan sübut etdi ki, bunlar hərbi əsirlər deyil, cinayət törətmiş şəxslərdir. Mina basdırılmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı bizim gözləntilər var. Qaldırdığımız məsələlərə hörmət edilməlidir. Bundan sonra bölgədə ciddi layihələrə imza da atıla bilər. Sadəcə, bu məsələlərdə onlar daha çox maraqlı olmalıdır. Çalışmalıdırlar ki, bu proseslərdə aktiv olsunlar, Azərbaycanla daha geniş, sıx əməkdaşlıq etsinlər. Çünki bu gün bizim imkanlar, potensialımız daha genişdir. Rəsmi Bakı bütün tərəfdaşlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur, öz siyasətində prinsipiallıq nümayiş etdirir, mövqeyini tez-tez dəyişmir, siyasətində konkret mövqe var. Bu yanaşmalar çərçivəsində Azərbaycan əməkdaşlığa və sənədlərin imzalanmasını nəzərdən keçirməyə hazırdır”.
ALDP rəhbəri Fuad Əliyevin fikrincə, bu sənəd bir neçə il imzalanmamış qalacaq: “Ümumiyyətlə, ”Şərq Tərəfdaşlığı" özünü doğrultmadı. Burada bir xeyir o ola bilər ki, bizim vətəndaşlarımız vizasız Avropa ölkələrinə gedəcəklər. Gürcüstan, Ukrayna və Moldova vətəndaşları kimi. Bundan başqa ölkəmiz üçün bir xeyir görmürəm. Azərbaycan Avropa institutlarına üzvdür. Nə vaxt bizi dəstəklədilər? Nə vaxt erməni işğalına “yox” dedilər?"
“Yeni Müsavat”