Rusiyada miqrantlara qarşı yeni qanun: - Azərbaycanlılara hansı problemlər yaradacaq?
29-06-2021, 19:15

Rusiyaya qazanc dalınca gedən miqrantlar “Loyallıq haqqında razılaşma” imzalamalıdırlar.
Ancaq bu halda onların Rusiyaya buraxılması mümkün olacaq. Bu barədə DİN mətbuat mərkəzi bildirib. Rusiyada miqrasiya haqqında yeni qanun layihəsində bu barədə maddə yer alıb. Sənəd müəllifləri hesab edirlər ki, miqrantlar yazılı razılıq imzalamalıdırlar.
Razılıq sənədinə əsasən, miqrantlar Rusiyaya ziyan vurmayacaqlar. "Loyallıq haqqında razılaşma" sənədinə əsasən, miqrantlar həm də ölkədən deport ediləcəkləri təqdirdə Rusiya tərəfinin ödədiyi bütün xərcləri qarşılamalıdırlar.
DİN bildirib ki, Rusiyaya vizasız gedən digər ölkələrin vətəndaşları-əmək miqrantları dövlət daktiloskopik qeydiyyatından keçməlidirlər.
Azərbaycanlıların ən çox üz tutduğu ölkələrdən birinin də Rusiya olmasını nəzərə alsaq, soydaşlarımız üçün orada yaranacaq hər hansı problem diqqətdə saxlanılmalıdır.
Rusiyada yeni layihə qəbul olunduğu halda azərbaycanlılar üçün hansı məhdudiyyətlər yarana bilər?
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Cebhe.info-ya yeni qanun layihəsinin bu formada qəbul olunmasına inanmadığını bildirdi:
“Çünki bəzi Avropa ölkələrindəki miqrasiya qanunvericiliyində loyallıq anlayışı bu və ya digər formada var. Bu da daha çox Skandinaviya ölkələrində milli-mədəni, dini, dəyərlər sisteminə hörmət kontekstindədir.
Məsələn, Skandinaviya ölkələrində hansısa bir qanun ola bilər, Asiya, yaxud ərəb ölkəsindən olan şəxs burada dəyərlər sisteminə zidd davranar, ancaq o, həmin qaydalara dözümlülük nümayiş etdirməlidir. Əgər dözümlülük nümayiş etdirmirsə, ona qarşı qanunvericilik hansısa sərt məhdudiyyət tətbiq edə bilər. Bu da adıçəkilən ölkələrdə cəmiyyətin bir qismi tərəfindən müsbət qarşılansa da, digər hissə bunu kəskin şəkildə tənqid edir və insan hüquqlarının pozulması kimi dəyərləndirir.
Bu, Hollandiyada özünü daha qabarıq şəkildə büruzə verir. Ancaq orada da qanunvericilikdə bu çərçivələr bir az ehtiyatla müəyyən edilib. O ölkədə olan şəxs yerli mental düşüncəyə və davranış qaydalarına hörmət nümayiş etdirmiş olur. Əgər özü ona qarşı hər hansı münasibət göstərirsə, belə olan halda hüquq-mühafizə orqanları həmin çərçivələr daxilində onu məsuliyyətə cəlb edə bilər ki, bu da əsasən inzibati məsuliyyət olur. Rusiyada bu layihə qəbul olunarsa, bilməliyk ki, loyallıq deyəndə nə nəzərdə tutulur.
Hansı qaydalara, davranış tərzlərinə, mental düşüncələrə, dəyərlər sisteminə loyallıqdan söhbət gedir. Məsələn, zərər vurmamaq dedikdə, bir şəxs həmin ölkənin qanunlarına uyğun davranmalıdır. Əgər hər hansı formada qanunun çərçivələrini aşmış olursa, məsuliyyət tədbirləri mexanizmi işə salınır. Bu şəxs ya inzibati, ya da cinayət məsuliyyətinə cəlb olunur”.
Mənəvi zərərin nə ilə ölçüldüyünə gəlincə, ekspert məsələyə aydınlıq gətirib:
“Bir şəxsin digər şəxsin şərəf və ləyaqətinə, onun mənəviyyatına xələl gətirə biləcək hərəkətə yol verilməsi ilə bağlı tədbirlər qanunvericilikdə var. Bunu loyallıq olaraq miqrantlar tərəfindən rəhbər tutulacaq bir məsələ kimi müəyyən olunması yanlışlıqdır, sözün əsl mənasında ayrı-seçkilikdir”.
Ekspert deyib ki, Rusiyada pandemiya səbəbindən miqrantların sayı kəskin azalıb və bu da ölkənin əmək bazarında müəyyən problemlərə yol açır:
“Moskvada miqrantların təmsil olunduğu bir çox sahələr var və Rusiyanın millətçi dairələri düşünürdülər ki, miqrantların sayını azaltmaqla həmin yerləri yerli vətəndaşlarla doldurmaq olar. Ancaq bu baş vermədi, hətta Moskva merinin çıxışı oldu ki, Rusiya ərazisində əmək miqrantlarının geniş şəkildə əmək fəaliyyətinin təşkil və təşviq olunması üçün müəyyən güzəştlər tətbiq olunmalıdır. Bir tərəfdən gündəmdə bu söhbət var və məqsəd odur ki, daha çox əmək miqrantı cəlb etsinlər. Rusiya hökuməti maraqlıdır ki, əməkçi miqrantlar müəyyən peşə sahibləri, ixtisasa malik şəxslər olsunlar və ölkə iqtisadiyyatı maksimum divident götürsün. Elə sahələr var ki, kənd təsərrüfatı, meşə təsərrüfatı, inşaat sektorunda miqrantlar kifayət qədər çox idi”.
Yeni qanun layihəsində öz əksini tapan maddənin azərbaycanlılarla bağlı hansı problemlərə yol açacağına gəldikdə isə ekspert deyib ki, əgər bu qanun qəbul olunarsa, Rusiya hüquq-mühafizə orqanlarının əlinə səbəb verəcək:
“Burada deyilmir ki, hansı - maddi, mənəvi, psixoloji ziyandan söhbət gedir. Loyallığın sırf miqrantlarla bağlı ortaya atılması ayrı-seçkilikdir, əgər bunu qəbul edirlərsə, onda miqrantlara olan münasibətdə ayrı-seçkiliyi də qəbul etsinlər. Yerli cəmiyyətlər tərəfindən miqrantlara qarşı təhqiredici hərəkətlər baş verir. Miqrant ikinci dərəcəli bir şəxs sayılır. Bu yaxınlarda miqrantların iştirakı ilə bir neçə hadisə baş vermişdi. Miqrantlar tərəfindən Rusiya vətəndaşının öldürülməsi məsələsi ən yüksək, DİN səviyyəsində müzakirə olundu. Həmin şəxsi tutdular. Ancaq bizim bir həmvətənimiz Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirildi, ona cəza tətbiq edilmədi. Rusiya hökuməti miqrantlarla münasibəti düzgün müəyyənləşdirməlidir. Çünki miqrant Rusiya hökuməti üçün təhlükə deyil. Rusiyanın hüquq-mühafizə orqanlarının yaydığı statistik məlumatlara baxsaq, görərik ki, miqrantların iştirakı, yaxud günahları ilə bağlı baş verən cinayət tərkibli əməllərin sayı 3-5 faizdən yuxarı deyil. Yeni qanun layihəsi qəbul olunarsa, istənilən halda orada yaşamaq icazəsi olan miqranta tətbiq oluna bilər və belə çıxır ki, bu qəbildən olan şəxsə qarşı istənilən şəxs iddia ilə çıxış edə bilər ki, mənə zərər vurur. Burada ortaya loyallıq məsələsi çıxır ki, bunu əsas gətirərək həmin miqranta qarşı oradan çıxarılması, deportasiya olunması kimi sərt qərarlar tətbiq oluna bilər. Hesab edirəm ki, bu səhv yanaşmadır, qanun qəbul edilməməlidir və inanmıram ki, qəbul edilsin”.