Dənizlərdə Rusiya-NATO qarşıdurması - təlim, yoxsa təhdid?
30-06-2021, 11:41

Qara dənizdə Ukrayna NATO ilə bərabər hərbi təlimlər keçir. Təlimlərin adı “Seee Breeze”dir. Bundan əvvəl də belə təlimlər olub. Amma budəfəki təlimlər Rusiyanın ciddi reaksiyasına və narahatlığına səbəb olub. Artıq Rusiya da bunun qarşısında, Aralıq dənizində hərbi təlimlərə başlayıb.
Bəs NATO üzvü və Qara dənizə çıxışı olan, boğazları kontrol edən Türkiyə bu qarşıdurmanın harasındadır? Münaqişə böyüyə və gəmibatırmalara qədər inkişaf edə bilərmi?
Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Qara dənizdəki “Sea Breeze” təlimləri 1997-ci ildən hər il keçirilir. 2014-cü ilə qədər bu təlimlərdə bir neçə dəfə Rusiya da iştirak edib. Rusiyanın Krımı ilhaq etməsindən sonra isə Ukraynanın iştirakı ilə təlimlər daha çox Rusiyaya qarşı yönəlmiş təlim olaraq görsənir: “NATO gəmiləri 2021-ci il iyunun 28-dən Qara dənizdə ”Sea Breeze" hərbi təlimləri keçirməyə başlayıb və təlimlər iyulun 10-dək davam edəcək. Ümumilikdə təlimlərdə 35 ölkə-30 iştirakçı və 5 müşahidəçi ölkə iştirak edəcək.
Bu təlimləri də bir neçə aydır ABŞ-ın Avropada keçirdiyi “Defender Europe” təlimlərinin suda davamı olaraq qəbul etməliyik.
Təlimlərdə həm də Ukraynanın iştirakı ilə bağlı iyunun 23-də Rusiyanın Vaşinqtondakı səfirliyi bəyanat yaydı. Bəyanatda ABŞ və NATO Qara dənizdə Ukrayna ilə birgə hərbi təlimlərdən imtina etməyə çağırıldı. Məsələ belə qoyuldu ki, “Sea Breeze” təlimlərinin miqyası və açıq şəkildə aqressivliyi heç bir şəkildə Qara dəniz bölgəsindəki təhlükəsizliyin real vəzifələrinə uyğun gəlmir, Kiyev bu təlimlərdən motivasiya ala biləcək və bu da arzuolunmaz nəticələr verə biləcək.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov isə bir az da irəli gedərək bu hərbi təlimi Ukraynaya müasir silahların ötürülməsi və Donbas bölgəsinə silah ötürülməsi üçün bir örtük olaraq şərh etdi.
Lakin NATO buna əhəmiyyət vermədi. Ümumilikdə, 2021-ci ildə bu təlimlər çərçivəsində Ukrayna ərazisində səkkiz çoxmillətli təlim planlaşdırılır.
Ukrayna və NATO birgə təlimlərində işlədilən manevrlərdən biri də gəmilər, təyyarələr, dəniz piyadaları, xüsusi təyinatlılar və hücum pilotsuz təyyarələri ilə düşmən ərazisinə dəqiq zərbələrin tətbiq edilməsidir. Təlimlərdə Pentaqonun uzun mənzilli HIMARS raket sistemlərinin Şərqi Avropaya sürətli yerləşdirilməsi təlim edilir.
Məsələ ondadır ki, iyunun əvvəlində “ Defender Europe” təliminin bir hissəsi olaraq, bir neçə HIMARS sistemi artıq Almaniyadan Bolqarıstana gətirildi və burada yerli bir poliqonda istifadə olundu.
Keçən ilin avqust ayından ABŞ Almaniya ərazisində HIMARS yüksək dəqiqlikli raketlərlə təchiz edilmiş briqada yerləşdirib, Bolqarıstandakı təlimlərdə isə bu silahların Rumıniyaya sürətli bir şəkildə ötürülməsi manevrini artıq iki dəfə tətbiq edib.
Rumıniyanın ərazisindən isə HİMARS raket sistemi Krım yarımadasını nəzarət altına götürüb".
Ekspert qeyd etdi ki, Rusiyanın Vaşinqtondakı səfirliyinin ABŞ-ı və NATO-nun Qara dənizdə Ukrayna ilə birgə hərbi təlimlərdən imtina etməyə çağıran bəyanatı səsləndiyi saatlarda Qara dənizdəki Rusiya hərbçilərinin Ukrayna sularında Böyük Britaniyanın Defender gəmisinə xəbərdarlıq atəşi açması haqqında məlumatlar getdi: “Məlumatlar mediaya Britaniya gəmisinin Krım yarımadasının Fiolent burnu ərazisindəki əraziyə daxil olmasını Rusiyanın dövlət sərhədini keçməsi kimi təqdimatda yayıldı.
İngiltərə Müdafiə Nazirliyi də öz növbəsində belə bir insidentin olmaması və Kral Donanması gəmisinin beynəlxalq hüquqa uyğun olaraq Ukrayna ərazi sularında dinc keçid etdiyini bildirdi.
Böyük Britaniya Rusiya Federasiyasının Krım üzərindəki suverenliyini tanımır və yarımadanın bölgəsindəki suları Ukrayna ərazisi hesab edir".
Y.Hacıyeva vurğuladı ki, Rusiya ilə Türkiyənin ortaq maraqlara uyğun koordinasiyalı hərəkət etdiyi regionlar, su hövzələri və s. var, amma Qara dəniz hövzəsi bu regionlara aid deyil.
Türkiyənin sərhədləri bir NATO ölkəsi kimi, həm də Avropanın sərhədləridir, ərazisində və nəzarətində olduğu boğazlar, keçidlər, bir sözlə, bütün imkanları məntiqlə NATO və Avropa maraqları üçün daha çox istifadə olunur: “Ukraynanın ilhaq edilmiş ərazisi isə Türkiyənin həm də tarixən, milli bağlılığı olan regionlardır və indi o regionlarda Rusiya tarixi, mədəni və hətta iqtisadi assimlyasiya prosesi aparır. Əlbəttə, bütün bunlar Türkiyənin narahat olduğu məqamlardır.
Amma məncə, Türkiyə Qara Dənizdə hərbi və sair potensialının Rusiyaya qarşı istifadə olunmasına razı olmayacaq".
Politoloqun sözlərinə görə, Qara dənizdə NATO-Rusiya qarşıdurmasının böyüyəcəyi ehtimalı çox azdır: “Təlimlərin ilk günü təxribatlar olacağı haqqında bir ab-hava olsa da, belə bir ssenarini istisna edirəm.
Rusiya uzun illərdir ABŞ da daxil, bu ölkələrin bir çoxunda “5-ci kolon” vasitəsilə və hibrid üsullarla möhkəmlənib, Rusiya bu təlimlərə, həmin ölkələrin daxilində addımlarla cavab verir və biz bunların izlərini müşahidə etməkdəyik".