Rusiya Azərbaycan ərazisində qanunsuz qəsəbələr salır: - “Qarabağdan erməni köçünün qarşısı alınır”
30-06-2021, 12:58

“Rusiya Qarabağda sülhməramlı qüvvələrin məsuliyyət zonasında- Xocalı, Əsgaran və Şuşa ətrafında yeni qəsəbələr salır. Birbaşa Rusiyanın maliyyə hesabına salınan qəsəbələrdə Ermənistandan qaçqın ailələr köçürülür və onları qəsəbə ətrafında yeni iş yerləri ilə təmin ediləcək. Maaşlar və əlavə ödənişləri isə Rusiya tərəfi həyata keçirəcək”.
Cebhe.info xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, burada əsas işləri həyata keçirən məhz Rusiya Fövqəladə Hallar Nazirliyidir və bu nazirliyin Xankəndidə, Xocalıda nümayəndəlikləri var:
“Azərbaycan ərazisində qanunsuz olaraq Rusiya yeni qəsəbələr salmaq və erməniləri bura köçürməklə öz mövqeyini gücləndirməyə çalışır. Hətta yeni salınan qəsəbələrdə köçürülən hər bir ailəyə Rusiya FHN əlavə ödənişlər edəcək. Qeyd edim ki, ötən gün Rusiya XİN Qarabağa erməni qaçqınların qaytarılmasını müzakirə edib. Göründüyü kimi, Rusiya yeni salınan qəsəbələrə erməni ailələrini gətirib yerləşdirməkdə maraqlı görünür. Azərbaycan tərəfi Rusiyadan bununla bağlı izahat tələb etməlidir. Çünki orada mini sex və zavodlar tikməklə iş yerləri yaradılır və məhsulların birbaşa Ermənistana, Rusiya bazarlarına çıxışı təmin ediləcək. Rusiya bununla Qarabağdan erməni köçünün qarşısını almağa və yeni iş yerləri, yaşayış kompleksləri salmaqla ermənilərin yerləşdirilməsini təmin etməyə çalışır”.