Paşinyan erməni ordusundakı ruspərəstləri qovur - Kreml SUSACAQMI?

1-07-2021, 13:39           
Paşinyan erməni ordusundakı ruspərəstləri qovur -
İkinci Qarabağ müharibəsindən əvvəlki dönəmdə Azərbaycan ordusunun xəyanətlər və uğursuzluqlar silsiləsinin bərqərar olmasında Nəcməddin Sadıkovun özünəməxsus xüsusi yeri var. 2016-cı ildə Moskvadan edilən “ağadan zəng” ilə durdurulan uğursuz aprel müharibəsi və “Tərtər hadisələri” də bu xəyanət ssenarisinə daxildir. Hərçənd, uzun müddətdir “Tərtər hadisələri” haqda şok faktlar açıqlanır, yazılır, qabardılır, amma günahkarlar hələ də cəzasız qalıb. Onların başında duran N.Sadıkov “dövlətlə dövlətçilik” edir, deyir, mən bir yana, dövlət bir yana…

Yəqin ki, İkinci Qarabağ müharibəsində proseslərdən kənarda tutulmasaydı, onun birbaşa quruluşçu rejissoru olduğu məğlubiyyətlər silsiləsi davam edəcəkdi. Amma üzərində “XAİN” damğası olan rusun adamı olan Sadıkov “quyruq ələ vermir”. Hələ də Bakı küçələrində Müdafiə Nazirliyinin inventarında olan avtomobillə şütüməkdə davam edir. Bəlkə, onu qoruyan əli “bükə bilməməyimiz” Sadıkovu dingildədir? Bəs, bu əl dövlətdən güclüdürmü?

Bizdən həm iqtisadi potensial, həm digər resursları baxımından kiçik olan Ermənistansa ordusunun “rusa bağlı” qalıntılarından xilas olmağa başlayıb, həm də saymazyana. Yəni bizə nisbətdə saymazyana…

Belə ki, Ermənistandakı parlament seçkilərində Nikol Paşinyan blokunun qələbəsi özü ilə gecikmədən ciddi geosiyasi nəticələr gətirir – Ermənistanın “Rusiyadan uzaqlaşması” sürətlənməyə başlayır. Artıq hərbi müstəvidə “Rusiyadan qopma” prosesinə start verildi. Ermənistan və Rusiyanın hərbi müstəvidə “inteqrasiyasına” cavabdeh olan iki əsas general – 2015-ci ildən bəri Ermənistan Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının rəisi postunu tutan general-mayor İşxan Matevosyan və 2012-ci ildən Ermənistan Hava Müdafiə Qüvvələrinin rəisi general-mayor Armen Vardanyan vəzifələrindən azad edildilər. Müvafiq fərmanları baş nazir N.Paşinyanın təqdimatı ilə prezident Armen Sarkisyan imzalamışdır.

Nikol Paşinyan İşxan Matevosyan və Armen Vardanyana, bu ikisinin ona qarşı düşmən münasibətinə baxmayaraq, uzun müddət dözdü. Bu iki general 2021-ci ilin fevralında hökumətin və Nikol Paşinyanın istefası tələbi ilə bəyanat imzalayan Baş Qərargahın 40 yüksək rütbəli rəsmisi arasında idi. Ancaq Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan və bir sıra digər əsas fiqurlar Paşinyanın təklifi ilə qısa müddətdə vəzifəsindən kənarlaşdırılsalar da, İşxan Matevosyan və Armen Vardanyan vəzifələrində qalmışdılar. Məsələ bundadır ki, İşxan Matevosyan və Armen Vardanyan Cənubi Qafqazdakı Rusiya hərbi maşını və KTMT bloku üçün mühüm fiqurlar idi.

Xüsusilə İşxan Matevosyan Rusiya Silahlı Qüvvələrinin Gürcüstana qarşı 2008-ci il avqust təcavüzkar hərbi əməliyyatında mühüm rol oynamışdı. Təsadüfi deyil ki, 2008-ci ildə bir sıra erməni rəsmilər arasında KTMT “Rubej-2008” təlimlərinin hazırlanmasında, keçirilməsində fəal iştirakına görə 2008-ci ildə bir sıra rəsmilərin içində o da Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən təşəkkür diplomları ilə təltif olunmuşdu.

KTMT tarixində ilk dəfə “Rubej-2008” təlimləri 3 səviyyədə -strateji, operativ və taktiki səviyyədə keçirildi. Ancaq bu təlimlərin əsl məqsədi Rusiya silahlı qüvvələrinin Gürcüstanda əməliyyatını dəstəkləmək idi.

Formal olaraq bu təlimlərin birinci mərhələsi 22 iyul 2008-ci ildə Ermənistanda başladı, ikinci mərhələsi 30-31 iyul tarixlərində Moskvada baş tutdu. 2008-ci il avqustun əvvəlində, üçüncü mərhələ çərçivəsində “Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün” birgə müdafiə əməliyyatının təşkili hazırlandı. Dördüncü mərhələdə, 22 avqustda keçən aktiv fazada Ermənistandakı Marşal Baqramyan poliqonunda baş verən əməliyyat zamanı komandanlıq və nəzarət məsələləri işlənib hazırlanmışdır.

Üçüncü mərhələdə olduğu kimi, “Rubej-2008” təlimlərinin üçüncü və dördüncü mərhələləri arasında Rusiya Silahlı Qüvvələri Gürcüstanda bir əməliyyat keçirdi, o cümlədən Ermənistandakı “platsdarmlardan” istifadə edildi. Rusiya təyyarələri erməni hava limanlarından havaya qalxdı. Bu səbəbdən də əməliyyatın Ermənistan Silahlı Qüvvələri tərəfindən dəstəklənməsi də böyük əhəmiyyətə malik idi və Gürcüstana 2008-ci il avqust hücumu formal olaraq “Rubej-2008 təlimləri” çərçivəsində həyata keçirildi.

İşxan Matevosyan o zaman Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının döyüş hazırlığı şöbəsinin rəisi idi. İşxan Matevosyan bir sıra mövzularda çox önəmli məxfi məlumatlara sahibdir və məcazi mənada Rusiya hərbçiləri ilə Rusiya siyasi rəhbərliyi ilə qan bağı ilə iç içədir. Bu, sadə məcaz deyildir – 2008-ci ilin avqustunda Gürcüstandakı müharibəyə dair Rusiya ilə bağlı beynəlxalq hüquqi qiymətləndirilmə həm Rusiya Federasiyasının yüksək siyasi rəhbərliyi, həm də ordusu üçün birmənalı şəkildə mənfidir. Bəzi beynəlxalq hüquqşünaslar istisna etmirlər ki, zaman keçdikcə bu müharibədəki suçlu insanlar, məsələn, keçmiş Yuqoslaviya ərazisindəki müharibələrdəki kimi, məsuliyyət daşıyacaqlar. Eynilə Bosniyadakı insanlıq cinayətlərinə, o cümlədən Srebrenitsadakı soyqırımına görə. Üstəlik də, 2008-ci ildə Gürcüstanda müharibə dönəmində suveren dövlətin ərazisinin işğalı, etnik təmizləməsi faktı mövcud idi.

Armen Vardanyan da Rusiya ilə hərbi əməkdaşlıq məsələsində daha az əhəmiyyətli rol oynamışdır. Faktiki, son illərdə Ermənistanın hava müdafiə sistemi KTMT çərçivəsində Rusiyanın hava hücumundan müdafiə qüvvələri ilə daha sıx inteqrasiya edildi, nəinki Rusiya Silahlı Qüvvələrinin digər qolları ilə. 2016-cı ildə, Ermənistan hava hücumundan müdafiə qüvvələrinin başçısı kimi, Armen Vardanyanın rəhbərliyi altında Rusiya-Ermənistan regional hava hücumundan müdafiə sistemi rəsmən formalaşdırıldı, bütün sənədlər təsdiqləndi. “Döyüş əmkdaşlığı 2017” təlimində Rusiya və Ermənistanın hava hücumundan müdafiə qüvvələri – Armen Vardanyanın rəhbərliyi altında – birgə hava hücumundan müdafiə sistemi daxilində döyüş tənzimlənməsinin ilk etapı keçirildi. Bu səbəbdən Rusiyanın və KTMT-nin müdafiə sisteminin “cənub cinahı” üçün Moskvanın Ermənistanın hava müdafiəsinə rəhbərlik edən “öz” adamına ehtiyacı var idi.

Ermənistanın 44 günlük Qarabağ müharibəsində məğlubiyyətinin hava hücumundan müdafiə sisteminin “uğursuzluğu” ilə bağlı olmasına baxmayaraq, Armen Vardanyanı vəzifəsində qalmışdı. Armen Vardanyan bu məğlubiyyətdə ittiham edildi və günahlandırıldı. Üstəlik, Rusiyaya inteqrasiya edilmiş və faktiki rus sisteminin bir hissəsi olan erməni hava hücumundan müdafiə sistemlərinin “zəif bənd” olduğunu göstərərək, Moskvanı bir çox cəhətdən pis vəziyyətdə qoydu.

Şözsüz ki, Azərbaycanın hava üstünlüyünü tam ələ keçirib hərbi obyektləri, hərbi heyətləri və texnikanı “havada tiri vuran kimi” vurmasının ardınca da, Armen Vardanyan Ermənistanın hava hücumundan müdafiə qüvvələrinin “qələbədən qələbəyə qoşduğunu” dedi.

“Kapitan Ordoyan, Baykatarlar və digər müasir tiplər daxil olmaqla döyüş maşınları ilə 21 düşmən PUA-nı məhv edərək dünya rekordu qırdı. Ordoyan müharibənin son günlərində öldü. Baş leytenant, “Tor” döyüş maşınının komandiri Ovhanes Vardanyan, çoxsaylı zərbələr vurmaqla yanaşı, eyni zamanda dörd PUA-ya qarşı zenit döyüşü apardı. Üçünü vurdu, dördüncüsü isə təəssüf ki, döyüş maşınlarını məhv etdi və zabitlərimiz öldü”, – deyə general-mayor Armen Vardanyan təsvir etdi.

Məntiqi olaraq sual yaranır: ermənilər bu cür “qəhrəmanlar-hava müdafiəsi döyüşçüləri” ilə müharibəni necə uduzdular? Generalın buna da izahı var. Vardanyana fikrincə, hava məkanının tam olaraq bağlanması ən inkişaf etmiş supergüclərdə belə mümkün deyil. “Fövqəldövlətlərdə belə, PUA-ları tam sıradan çıxara biləcək sistemlər yoxdur… 44 günlük müharibə dövründə Azərbaycan inkişaf etmiş hərbi sənayeyə sahib idi və Azərbaycanı ultra-modern hava hücumu vasitələri ilə təmin edən İsrail və Türkiyə ilə əməkdaşlıq etdi. Çox hallarda, bu vasitələri nəinki birgə istehsal etdilər, həm də döyüş əməliyyatlarında Türkiyə və İsrail operatorları müharibəyə kömək etdilər”, – deyə Vardanyan rəsmi təbliğat çərçivəsində şərh etdi.

KTMT-dəki hava hücumundan müdafiə sistemlərinin “əlaqəsi” çox ciddi məsələdir. Ermənistandakı parlament seçkilərindən əvvəl, Paşinyan bu sahəyə cavab verən “Rusiyanın adamı”nı istefaya göndərmək qərarına gəlsəydi, Kreml Paşinyana kökündən qarşı çıxardı.

Rusiyapərəst olması general Armen Vardanyanın tərcümeyi-halında necə göstərildi?

Armen Vardanyan sovet marşalı S.S.Biryuzov adına Riqa Ali Hərbi-Siyasi Məktəbini bitirib, “Strateji raket qüvvələrinin bölmələrində və hissələrində partiya-siyasi işin təşkili” üzrə ixtisaslaşmışdır. Yəni Armen Vardanyan karyerasının əvvəlindən Sovet ordusunun əsas strateji bölməsində “tam ştatlı xüsusi xidmət zabiti” idi. Əslində, bu, “Qarabağ klanı”nın nümayəndələrini Ermənistan rəhbərliyinə yüksəldən eyni “xüsusi xidmət xətti”dir.

1989-1992-ci illərdə Vardanyan hərbi-siyasi iş üzrə qrupun komandir müavini, Uzaq Şərq Dairəsinin (Strateji Raket Qüvvələri) strateji raket qüvvələrinin raket alayının şəxsi heyəti ilə işləmək üçün buraxılış qrupu komandirinin köməkçisi idi. Bu çox məsuliyyətli vəzifədir, oraya “təsadüfi” adamlar təyin edilmirdi. “Kremlə və siyasətinə sədaqət” bu vəzifədə olmağın əsas şərtidir.

Qarabağ müharibəsinin başlaması ilə Armen Vardanyan Ermənistana “köçürüldü” və əvvəlcə Müdafiə Nazirliyinin zenit raket texniki bazasının komandir müavini, daha sonra komandiri oldu. 2000-ci ildə Rusiyada Jukov adına Hava Müdafiə Hərbi Akademiyasını bitirdi və daha sonra Ermənistanda zenit raket alayına rəhbərlik etdi. 2012-ci ilin aprelindən Ermənistan Respublikası Silahlı Qüvvələrinin Hava Müdafiə Qüvvələrinin rəhbəridir.

Ümumiyyətlə, Ermənistan-Rusiya hərbi əməkdaşlığında rolu olan iki əsas generalın işdən çıxarılması Paşinyanın mümkün qədər Rusiya ilə münasibətləri pozmaq niyyətində olduğunu göstərir. Bu, Rusiya hərbi kadrlarının yerinə kim gəlsə, Paşinyanın əsl “geosiyasi istiqaməti” görünəcək. Paşinyan ordudakı rus kadrlarını təmizləməkdə israrlı görünür. İlk öncə özü üçün…

Bəs biz? Nə vaxta qədər Nəcməddin Sadıkovun “rus sahibinin” nazı ilə oynayacağıq? Ermənistan öz nəcməddinlərini nümayişkaranə şəkildə qovur, halbuki onların tərcümeyi halında bizdəki Nəcməddin qədər xəyanət silsilələri yox idi. Bizim Müdafiə Nazirliyinin arxivi isə yetərli qədər Nəcməddin Sadıkovun qalaq-qalaq xəyanətləri ilə doludur. Nə vaxt xainin cəzasına çatdırıldığı günü görəcəyik? //hurriyyet.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.