Belarus “Şərq Tərəfdaşlığı”ndan çıxdı - Azərbaycan üçün də presedent?

2-07-2021, 10:13           
Belarus “Şərq Tərəfdaşlığı”ndan çıxdı -
Ekspert: “AB ilə assosiativ saziş Azərbaycan üçün Avropada əlavə tribuna rolunu oynaya bilər...”
Belarus ona qarşı tətbiq edilən sanksiyalara cavab olaraq Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı” proqramında öz iştirakını rəsmən dayandırıb. Hazırda daha 5 ölkə - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistan bu proqramın iştirakçısıdır. Onlardan Azərbaycan neçə ildir AB ilə tərəfdaşlıq sazişinin imzalanması yönündə danışıqlar aparır.

Bu danışıqlar nə yerdədir, nəhayət, 2021-də yekunlaşacaqmı? Ümumiyyətlə, “Şərq Tərəfdaşlığı” ölkəmizə nə verib və Azərbaycan da bu proqramı tərk edə bilərmi? “Şərq Tərəfdaşlığı” bizə lazımdırmı?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, Belarusun “Şərq Tərəfdaşlığı” proqramını tərk edəcəyi gözlənilirdi: “Əslində Lukaşenko bu addımı prezident seçkilərindən az sonra atacaqdı. Görünür, Avropa İttifaqı ilə münasibətlərinin ən azı seçkidən öncəki vəziyyətə qayıdacağına ümid etdiyindən, gözləməyə qərar vermişdi. Hazırda isə Belarus və Avropa İttifaqı arasında münasibətlər indiyədək görünməyən həddə pisləşib və hətta elə vəziyyət yaranıb ki, Lukaşenkonun hakimiyyətdə olan dövrü üçün bütün körpülər yandırılıb. İttifaq rəsmi Minsk ilə əlaqələrini tam kəsib, ölkəyə ciddi təsir edəcək sanksiyalar tətbiq edib və ən əsası, ölkənin prezidenti kimi Lukaşenkonu yox, onun alternativi olmuş, hazırda Avropada olan Svetlana Tixanovskayanı qəbul edir. Belə bir vəziyyətdən sonra Belarusun ”Şərq Tərəfdaşlığı" proqramından çıxması onsuz da formal xarakter daşıyırdı. Hər şey çoxdan bitmişdi.

Azərbaycan da uzun illərdir ki, bu proqramda təmsil olunur və demək olar ki, qurumun bütün tədbirlərində iştirak edir. Bu gün üçün bizim oranı tərk edəcəyimizlə bağlı işartıları belə görmürəm. Bizim problemimiz indiyədək Avropa İttifaqı ilə assosiativ sazişi imzalamamağımızdır. Amma məlumdur ki, bu istiqamətdə danışıqlar, müzakirələr davam edir. Dəfələrlə tərəflər açıqlamalar veriblər ki, sazişdə nəzərdə tutulan bəndlərin 80-90 faizi razılaşdırılıb və sənədin imzalanmasının reallaşmasına mane olan məhz yerdə qalan az faizdir. Bunun içində də insan hüquq və azadlıqları ilə bağlı bəzi müddəalar da var. Bu sazişdə razılaşdırılan məsələlərin daha çox olduğunu nəzərə alaraq razılaşdırılmayan hissələrdə qarşılıqlı güzəştlərə getməklə hesab edirəm ki, sənəd imzalamaq mütləq vacibdir. Avropa İttifaqı rəsmiləri reallıqları yaxşı başa düşürlər və konstruktiv yanaşma olarsa, güzəştlərlə bağlı hər hansı problem olmayacaq. Avropa Birliyi üçün Cənubi Qafqaz ölkələrinin hər üçü ilə bu sazişi bağlamaq vacib olub. Gürcüstan və Ermənistanla artıq bir neçə illərdir ki, imzalanma baş tutub. Ancaq Azərbaycanla bağlı iş uzanır".

Ekspert Avropa İttifaqını güzəştli tərəf kimi görür: “Avropa İttifaqının bu proqramda strateji marağı olduğundan onun imzalanmasının baş tutması üçün müəyyən güzəştlərə getməyə hazırdır. Eyni güzəştləri də mənə elə gəlir ki, biz etməliyik. Bu gün üçün ”Şərq Tərəfdaşlığı"na daxil olan ölkələrin hamısı bu sənədi imzalayıb. Həmin ölkələr imzalanma ərəfəsində ciddi müzakirələr aparıb, maraqlarını ortaya qoyub və s. Onun nəticəsidir ki, ölkələrin imzaladığı sənədlərdə əks olunan müddəalar fərqlidir. Məsələn, Avropa İttifaqının Ukrayna ilə imzaladığı saziş Ermənistanla imzalanan sazişdən fərqlidir. Səbəb isə odur ki, o zaman sənəd Serj Sərkisyan tərəfindən imzalanıb və onun hakimiyyəti Rusiyanın konkret nəzarətində idi. Saziş müddəalarının Kremldə korrektə edilməsi də sirr deyildi. Eyni zamanda bu sazişin bir çox bəndləri özündə iqtisadi münasibətləri ehtiva etdiyindən Avroasiya İqtisadi Birliyinin və Gömrük İttifaqının üzvü olan Ermənistana həmin müddəaların bir çoxunu imzalamağa Kreml icazə verməmişdi. Dediyim odur ki, bununla belə Avropa Birliyi güzəştlər etməklə Ermənistanı imzalamağa razı sala bildi. Biz niyə razılaşıb imzalamamalıyıq? 44 günlük müharibədən sonra Ermənistanla hələ də sülh müqaviləsinin bağlanmamasını, ərazi bütövlüyümüzün tam bərpa olunmamasını nəzərə alaraq, bu problemlərin sona çatdırılması yolunda beynəlxalq dəstəyə ehtiyacımız böyük olacaq. Həmçinin Azərbaycan ittifaqla, eyni zamanda müəyyən işlərdə Rusiya ilə əməkdaşlıq edəcəyi halda tərəflərin heç biri bizim üzərimizə gəlmək istəməyəcək və münasibətləri saxlamağa çalışacaq. Bu günün nümunəsi olaraq Belarusu göstərə bilərik. 1 il öncəyə qədər həm Rusiya, həm də birlik Lukaşenko ilə isti münasibətləri saxlamağa çalışırdı. Hər iki tərəf Belarusu özünə tərəf çəkmək istəyirdi. Rusiya ölkəyə ucuz qaz verir, kreditlər ayırdı və s. Eyni zamanda Avropa İttifaqı rəsmi Minskə mütəmadi jestlər edirdi. Lukaşenko körpüləri yandırdıqdan sonra nə baş verdi? Bütün dünyadan təcrid olundu və Rusiyaya tam olaraq yaxınlaşmaqdan başqa yolu qalmadı. Bundan sonra “Batyanın” Rusiyaya qarşı hər hansı kaprizlərinin olacağı da mümkün deyil. Artıq Rusiyanın onu yanında saxlamaq üçün böyük güzəştlər etməyə də ehtiyacı yoxdur. Çünki bütün qapılar Lukaşenkonun üzünə bağlanıb. Hətta bir müddət sonra uzun illərdir kənara qoyulmuş iki dövlətin birləşməsi ilə bağlı danışıqlara yenidən start verilsə, buna təəccüb etməyəcəyəm.

Aİ-dən “Şərq tərəfdaşlığı” ölkələrinə

Mən əminəm ki, Azərbaycan belə bir yolu getməyəcək və gec-tez Avropa İttifaqı ilə analoji sazişin imzalanmasını həyata keçirəcək. Belə bir sazişin imzalanması Azərbaycan üçün Avropada əlavə olaraq siyasi tribuna rolunu da oynaya bilər. Sazişlər imzalamaq, ittifaqlarda təmsil olunmaq, eyni zamanda siyasi maraqlara xidmət etməlidir. Ola bilsin ki, həmin ittifaqlarda olan dövlətlərdən hansılarınsa bizə münasibəti yaxşı deyil. Bu normal qəbul olunmalıdır. Çünki bizim orada təmsil olunmağımız, iştirakımız, əlaqələrimiz məhz əleyhimizə olan həmin gücləri neytrallaşdırmağa xidmət edəcək.

İqtisadi sahədə isə Azərbaycan özünün layihələrinin demək olar ki, hamısını Qərblə birlikdə həyata keçirir. Perspektivdə olan layihələr də məhz Qərblə müzakirə olunur. Belə halda indiyədək Avropa İttifaqı ilə assosiativ sazişin bağlanmaması ən çox bizə ziyandır. Bu imzalanmadan hər iki tərəf qazanacaqsa da, qazancın bir çox parametrlərə görə böyük hissəsi bizim payımıza düşə bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.