ABŞ səfirinin qəribə fikri - hərbi əsirlər verilməsə Ermənistan hərtərəfli müzakirələrə getməyəcək... Bəs mina xəritələrinin məsələsi?

14-09-2021, 11:24           
ABŞ səfirinin qəribə fikri - hərbi əsirlər verilməsə Ermənistan hərtərəfli müzakirələrə getməyəcək... Bəs mina xəritələrinin məsələsi?
Vüqar Rəhimzadə: “Onlarla mülki vətəndaş həmin minaların partlaması nəticəsində ya həlak, ya da şikəst olub”

“Əsirlər qaytarılmadan Ermənistanla genişmiqyaslı müzakirələr mümkün deyil”. Bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ tərəfləri danışıqlar masasına qaytarmaq üçün əlindən gələni edir. Diplomat xatırladıb ki, dövlət katibi Entoni Blinken Amerika tərəfinin mövqeyini dəfələrlə bəyan edib: “Əlbəttə ki, otuz illik münaqişə və gərginlik bir gecədə həll edilə bilməz. Ancaq bizim üçün vacib olan fundamental məsələlər var. Biz Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğuna inanmırıq. Minsk Qrupunun gündəliyində olan bu məsələ hələ də həll olunmamış qalır”.

Danışıqlar üçün ilkin şərtlərlə bağlı sualı cavablandıran səfir tərəflərin adından danışa bilməyəcəyini deyib. Səfir Bakıda mühakimə olunan erməni terrorçuları “əsir” adlandırıb, yenə də işğalçı Ermənistanın mövqeyinə istinad edərək bildirib ki, onlar qaytarılmadan müzakirələr mümkün olmayacaq: “Əsirlər qaytarılmadan Ermənistanla genişmiqyaslı müzakirələr mümkün deyil. Bildiyiniz kimi, ABŞ bu istiqamətdə müəyyən səy göstərib, rusiyalı tərəfdaşlarımız da səy göstəriblər və müəyyən uğurlar əldə olunub. Ümid edirik ki, bütün əsirlərin qaytarılacağı mərhələyə çatacağıq”.

Məlumat üçün qeyd edək ki, rəsmi Bakı dəfələrlə münaqişənin bitdiyini, Azərbaycanda hərbi əsirin saxlanılmadığını bildirib. Azərbaycan məhkəmələrində mühakimə olunan şəxslər isə 10 noyabr bəyanatının imzalanmasından sonra təxribat törədərək ölkə ərazilərinə girməyə çalışan diversant qrupunun üzvləridir.

Bütövlükdə, səfirin diversantlarla bağlı yanaşması nə deməkdir? Niyə bir dəfə də demirlər ki, Ermənistan minalanmış ərazilərin xəritəsini versin?

“Bir dəfə də olsun bununla bağlı ABŞ-ın nə Dövlət Departamenti, nə də digər qurumları Ermənistana çağrış etmir”

Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, bu cür ədalətsiz siyasi yanaşmalar Birləşmiş Ştatların nüfuzuna kölgə salır: “Xüsusən də ölkəni təmsil edən rəsmi statusu olan şəxslərin belə açıqlamalarla çıxış etməsinin heç bir siyasi əsası yoxdur. Azərbaycan dəfələrlə bəyan edib ki, 10 noyabrdan sonra saxlanılanlar hərbi əsir yox, diversantdır. Buna rəğmən, Azərbaycan humanistlik göstərərək onların bəzilərini mina xəritələri müqabilində geri qaytarıb. Ermənistan ötən 30 il ərzində ərazilərimizin böyük hissəsini minalıyıb. Bundan daha çox mülki insanlar əziyyət çəkir. Onlarla mülki vətəndaş həmin minaların partlaması nəticəsində ya həlak olub, ya da şikəst olub. Ərazilərin minalanması dinc sakinlərin daha tez qayıdışını yubadır. Ermənistan mina xəritələrini vermir. Maraqlıdır, niyə ABŞ bütün bunlara görə narahat deyil? Bir dəfə də olsun bununla bağlı ABŞ-ın nə Dövlət Departamenti, nə də digər qurumları Ermənistana çağrış etmir. Hansısa formada bu məsələni gündəliyə gətirmir. Hansı ki, ABŞ-ın bununla bağlı təsir imkanları böyükdür”.

V.Rəhimzadə hesab edir ki, bütün bunlar ikili standartların növbəti nümunəsidir.

Vidadi ORDAHALLI












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.