Rusiya gəmilərinin Bakıya “dostluq” səfərinin pərdəarxası: - Moskvaya “Mehtər” cavabı

21-09-2021, 09:53           
Rusiya gəmilərinin Bakıya “dostluq” səfərinin pərdəarxası: -
Bir neçə gün əvvəl Bakıya gələn Rusiyanın Xəzər donanmasının iki hərbi gəmisi - “Astraxan” və “Anatoliy Qujvin” artıq öz ölkələrinə qayıtmaq məqsədilə Azərbaycan paytaxtını tərk edib. Rəsmi izahatda Rusiya gəmilərinin Bakıya gəlişi qeyri-rəsmi dostluq səfəri kimi xarakterizə olunsa da, bu addımın arxasında Moskvanın gizli niyyətlərinin olduğu hər kəsə aydındır. Hərbi gəmiləri Bakıya göndərən Kremli narahat edən nədir? Moskva anlayır ki, Türkiyə-Azərbaycan Hərbi Dəniz Qüvvələrinin son təlimləri fonunda Türkiyə Xəzərə daxil olur.

İkincisi, Rusiya Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin yenidən qurulması prosesindən kənarda qalmaq istəmir. Dostluq səfəri təşkil edib, üstümüzə hərbi gəmilər göndərir. Azərbaycanın bu addıma cavabı elə gəmilərin qarşılanması mərasimindəcə göründü: Rusları “Mehtər marşı” ilə qarşıladıq. Bu, Moskvaya verilən ən açıq mesaj idi: Türkiyə artıq Azərbaycanda hər yerdədir. Həmçinin Xəzərdədir. Xəzərin o tayında isə daha iki türk dövləti var: Türkiyə Mərkəzi Asiyada Azərbaycan vasitəsilə aktivləşməkdədir. Bu isə Xəzəryanı türk dövlətləri üçün də Moskva qarşısında alternativ qapı açır.

Yeri gəlmişkən, Vaşinqtonun “Heritage Foundation” araşdırma institutunun hərbi eksperti, Duqlas və Sara Allison Siyasi Mərkəzinin direktoru Lyuk Koffi maraqlı açıqlama verib: “Son beş-altı il bizə bir şeyi öyrətdi - Orta Asiya, Qafqaz və Əfqanıstanda Türkiyənin təsir imkanı yüksəlib və bu bölgədə daha önəmli aktora çevrilib”.

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, hərbi gəmiləri Bakıya göndərən Kremli iki məsələ narahat edir: “Birincisi, Türkiyə-Azərbaycan Hərbi Dəniz Qüvvələrinin son təlimləri və Ankaranın bununla Xəzərə daxil olması; ikincisi, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin yenidən qurulması prosesindən kənarda qalmaq; Rusiya Bakıya hərbi gəmi göndərməklə Ankaranın Xəzər açılımına qarşı gediş edir, lakin Moskvada anlayırlar ki, geosiyasi dəyişikliklər fonunda Ankara-Bakı xəttini qıra bilməyəcəklər və bunun üçün ”əməkdaşlıq" istiqamətində hərəkət edirlər: Xəzərdəki təlimə İrandan fərqli olaraq, Rusiyanın yumşaq reaksiyası da bu kontekstdə təsadüfi deyildi. Moskvanın Xəzərlə bağlı Bakıdan iki mümkün istəyi ola bilər: 1. Xəzəri Türkiyə-Azərbaycan strateji əməkdaşlığından maksimum kənarda saxlamaq; 2. Azərbaycan donanmasının yenidən qurulmasında iştirak etmək: bununla Azərbaycanın “Türkiyənin Xəzərə gəlişi donanmanın gücləndirilməsinə kömək məqsədi daşıyır” arqumentinə qarşı alternativ təklif verirlər”.

Şərhçinin sözlərinə görə, Azərbaycan və Türkiyənin son təlimlərində diqqət çəkən əsas məqamlardan biri Xəzər dənizi ilə bağlıdır: “44 günlük müharibə və sonrasında Türkiyə Cənubi Qafqaza aktiv şəkildə daxil oldu. Rusiyanın Qarabağ məsələsində də digər həmsədr ölkələrini yox, Türkiyəni tərəf kimi qəbul etməsi bunu bir daha təsdiqləyir. Lakin Türkiyə təkcə Cənubi Qafqazda yox, Mərkəzi Asiyada da güclənir və bu güclənmə Azərbaycan üzərindən digər türk dövlətlərinə doğru uzanan coğrafiyada aydın şəkildə müşahidə olunur. Xəzər dənizi bu coğrafiyada əsas nöqtələrdəndir. Müharibəyə qədər türk dünyasının coğrafi bütövlüyünə maneə törədən Zəngəzur məsələsi müharibədən sonra Zəngəzur dəhlizinin açılması perspektivi ilə aradan qalxacaq. Paşinyanın Ərdoğanla görüşmək istəyi və Ankaranın dəhlizin açılmasını şərt kimi irəli sürməsi də Ermənistanın Zəngəzur dəhlizinin reallaşmasına məcbur olacağından xəbər verir. Zəngəzur dəhlizi üzərindən Azərbaycanla əlaqəsini təmin edəcək Türkiyənin Mərkəzi Asiya ölkələrini də birləşdirmək üçün Xəzərdəki maneələri aradan qaldırmağa ehtiyacı var. Bu maneələrin biri İran, digəri Rusiyadır. Xəzər konvensiyasına görə, sahil dövlətlərindən başqa digər ölkələr dənizdə hərbi qüvvəyə malik olmamalıdır. Bakı və Ankara konvensiyanı pozmadan Azərbaycanın sahil sularında möhkəmlənirlər. Bu, Türkiyənin quruda və havada olduğu kimi, dənizdə də Azərbaycanın yanında olması ilə yanaşı, gələcək addımlara da hesablanıb. Növbəti ay Ankarada keçiriləcək Zirvə görüşündə Türk Şurasının adı dəyişdirilərək, Türkdilli Dövlətlər Birliyi adlandırılacaq və beynəlxalq təşkilata çevriləcək. Beləliklə, postsovet məkanında rus ittifaqlarının önünə yeni və daha perspektivli ittifaq çıxır. Türkmənistanın Türk Dövlətləri Birliyinə tamhüquqlu üzvlüyə qəbul edilməsindən sonra Ankaranın Bakı ilə Xəzərdəki birgə təlimi analoji olaraq, Aşqabadla da keçirilə bilər. Eyni zamanda Ankara-Bakı-Aşqabad üçlüyü ya Azərbaycanın, ya da Türkmənistanın sahil sularında birgə təlimlərə başlaya bilərlər. Bütün bunlar Xəzərdə həyata keçirilməsi planlaşdırılan «Transxəzər» layihəsinə hesablanıb. II Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkmənistanın Xəzərdə mübahisəli yataq məsələsində razılığa gəlməsi, üç ölkənin təmaslarını intensivləşdirməsi, o cümlədən üç ölkə liderinin görüşünə hazırlığın aparılması bu gözləntini artırır. Ərdoğanın Baydenlə görüşündə də bu məsələ gündəmə gələ bilər, çünki ABŞ da «Transxəzər» layihəsini dəstəkləyir. İstisna deyil ki, Ərdoğan Putinlə müzakirələrdə atılacaq addımların Rusiyanın maraqlarına qarşı olmadığını izah etməyə çalışacaq və Moskvanı da qarşıdurmaya yox, əməkdaşlığa dəvət edəcək”.

A.Nərimanlı deyir ki, Türkiyə regionda maraqları olan ölkələrin qırmızı xətlərini bilir və daha çox bu xətləri keçmədən hədəfinə doğru addımlayır: “Hazırda aydın görünən hədəf Türk Dövlətləri Birliyinin qurulmasıdır. Bunun reallaşması Mərkəzi Asiya ölkələri üzərində Rusiyanın təsirini də azalda bilər, çünki real alternativlərin olması bu ölkələrin manevr imkanlarını da genişləndirir. Xəzərdə Ankara, Bakı və Aşqabad üçlüyü Türkiyədən Mərkəzi Asiyaya uzanan coğrafiyanı dəniz üzərindən birləşdirəcək xətdir. Bu xəttin tam qurulması ilə türk dünyasının bütövlüyü yolundakı maneələrdən biri də aradan qaldırıla bilər və təbii ki, bunun Azərbaycanın enerji layihələrinə töhfəsi böyük olacaq. Moskvada bu perspektivi anlayırlar və Türkiyə-Azərbaycan birgə təlimlərindən dərhal sonra, eləcə də ”Üç Qardaş - 2021" təliminin getdiyi vaxt Bakıya rus hərbi gəmilərinin gəlişi bu perspektivdə öz maraqlarını qorumağa hesablanıb. İstisna deyil ki, Rusiya Azərbaycana Xəzərdə birgə hərəkət etməyi, Hərbi Dəniz Qüvvələrinin modernləşməsinə dəstək verməyi təklif edir. Həm də Bakıya hərbi gəmi ilə gəlməklə Türkiyəyə Xəzərin “sahibinin” Rusiya olduğunun mesajını verir. Azərbaycan isə Bakıda rus gəmilərini “Mehtər” marşı ilə qarşılamaqla tərəfini açıq şəkildə göstərdi. Fikrimcə, növbəti mərhələdə Xəzərdə suların isindiyini və gərginliklərin yaşanacağını görə bilərik".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.